Partiya sədrlərinin Şuşa TƏƏSSÜRATLARI – “Milli məsələlərin müzakirəsində hər kəs əlini daşın altına qoyur”

Hazırda oxunan: Partiya sədrlərinin Şuşa TƏƏSSÜRATLARI – “Milli məsələlərin müzakirəsində hər kəs əlini daşın altına qoyur”

79745

Xəbər verdiyimiz kimi, iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin bir illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib.
Tədbirə ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının sədrləri də dəvət olunub.

Konfransda iştirak edən partiya sədrlərindən bəziləri tədbirlə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, Şuşa Paktı yalnız 100 il əvvəl imzalanmış Qars müqaviləsi ilə müqayisə oluna bilər:

“Lakin Qars müqaviləsi təkcə Naxçıvanın təhlükəsizliyi üçün ciddi sənəd idisə, Şuşa Bəyannaməsi bütün Azərbaycana şamil olunan təhlükəsizlik paktıdır. Üstəlik bu, Azərbaycan-Türkiyə münasibətlərinin hüquq üzərində təsbit olunmasıdır. Doğrudur, bizim münasibətlərimiz həmişə yüksək səviyyədə olub, lakin bu bəyannamədə strateji müttəfiqlik məsələsi rəsmi şəkildə təsbit olundu.

Orada həm də müxalifət partiya rəhbərlərinin, eləcə də Türkiyənin hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı onu göstərir ki, milli məsələlər iqtidar-müxalifət münasibətlərinə təsir etməklə, ortaq davranışa imkan yaradır. Milli məsələlər müzakirə mövzusu olanda hamı əlini daşın altına qoyur”.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalardan Böyük Qayıdış planları ilə bağlı AÇIQLAMA 


Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də tədbiri yüksək qiymətləndirib:

“Bu tarixi bir sənəddir. Uzun illər ərzində Azərbaycan və Türkiyə arasında müxtəlif müqavilələr imzalansa da, Şuşa Bəyannaməsi bütün bu sənədləri özündə ehtiva etməklə yanaşı, Qars müqaviləsinin 100 illiyində imzalandı. Belə bir sənədin bir illiyi münasibətilə konfransın keçirilməsi də təqdirəlayiqdir. Bildiyiniz kimi, son dövrlərdə ilk dəfə idi ki, beynəlxalq tədbirlərə müxalifət partiyalarının nümayəndələri də dəvət olundu. Tədbirdə insafən çox normal səviyyədə təşkil olunmuşdu. Şuşada keçirilməsinin özü də çox böyük əhəmiyyətə malik idi. İki il əvvəl biz təsəvvür belə etmirdik ki, Şuşada beynəlxalq tədbirlərdə iştirak edəcəyik. Bu cür tədbirlərin Şuşada keçirilməsi, həm dostlarımıza, həm düşmənlərimizə, həm də dünya ictimaiyyətinə ciddi mesajdır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, bu cür tədbirlərə müxalifət partiyalarının dəvəti müsbət haldır:

“Bu, Şuşa Bəyannaməsinə Azərbaycan cəmiyyəti və siyasi spektrin mütləq əksəriyyətinin konsensusa malik olmasının təzahürüdür. Tədbirdə geopolitik baxımdan Türkiyə, Rusiya və Qərbyönümlü kimi tanınan partiyaların əksəriyyəti iştirak edirdi. Bu da Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətindəki səylərə ümummilli konsensusun olduğunun təzahürüdür. Eyni zamanda daxildə siyasi münasibətlər üçün də bu, müsbət haldır. Təbii ki, bu seremonial bir tədbir idi. Fikrimcə, gələcəkdə təkcə bu gün üçün yox, ilin başqa günlərində də daha çox müzakirələrlə, diskussiyalarla müşayət olunan tədbirlər də təşkili, bu sferada ümumilli konsensusa baxmayaraq, bütün fikirlərin səsləndirilməsinə şərait yaradılması vacibdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin