“Bu aparat qızıldandı bəyəm?”, “Canımız boğazımıza yığılıb!”, “Bunun birini bura yerləşdirsəniz dünya dağılacaq? Bunlar Biləcəri qəsəbəsi “spuska dairəsi” adlanan dayanacağa yaxınlaşan sərnişin narazılığının bir neçəsidir. Səbəb isə Biləcəri dairəsindəki “Bakıkart” aparatlarının yerli-dibli mövcud olmamasıdır.
Xüsusilə Bakıətrafı qəsəbə və ərazilər “Bakıkart” aparatı sarıdan gözdən uzaq, könüldən iraq qalıblar.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı problemlə bağlı alternativ variant təklif edir. O deyir ki, bütün dayanacaqlara “Bakıkart” aparatı yerləşdirmək böyük maliyyə tələb edir. Amma balansın artırılmasını asanlaşdırmaq olar: “Bu daha ucuz və sərfəli bir variantdır. Bu variantlara ödəmə terminalları, bank kartı, mobil tətbiqlər vasitəsilə və internet üzərindən ödəmə üsulları yaradılsa aparatlara ehtiyac qalmayacaq. Vəziyyətdən çıxış üçün Bakı Nəqliyyat Agentliyi təkliflər üzərində işləməlidir”.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə mövzu ilə bağlı araşdırmaya ehtiyac olduğunu söylədi. BizimMedia olaraq məsələni diqqətdə saxlayacağıq.