Baş prokuror ABŞ rəsmisi ilə müzakirələr apardı - FOTO

Hazırda oxunan: Baş prokuror ABŞ rəsmisi ilə müzakirələr apardı - FOTO

79275

Bu gün Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşüb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, iki ölkənin dövlət qurumları arasında əməkdaşlığı haqqında danışıb.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan Baş prokuror, bu sahədə dövlət başçıları cənab İlham Əliyev və Jo Baydenin misilsiz xidmətlərini qeyd edib.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətimizin göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilərək, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları, həmçinin məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kara MakDonald ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Ölkəmizdə qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış rifahının yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan davamlı addımların təqdirəlayiq olduğunu qeyd edib.
Qonaqlar Azərbaycan Prezidenti tərəfindən imzalanmış əfv sərəncamlarının, həmçinin Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktlarının ABŞ Dövlət Departamenti tərəfindən alqışlandığını qeyd edərək ölkəmizdə və xüsusilə prokurorluq orqanları tərəfindən insan və vətəndaş, o cümlədən əhalinin həssas təbəqələrinin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş addımları müsbət hal kimi qiymətləndiriblər.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ Dövlət Departamentinin və Azərbaycan Prokurorluğunun məsul əməkdaşları iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin