Elə özləri dedi, onların başqa heç bir varinatı yoxdu, səhər tezdən düz 7-də işdə olmalıdırlar. Düz, iki saat, saat 8-dən 10-a kimi mikrafon arxasında bunu etməlidilər. Əks-təqdirdə...
Onda hadi başladıq, arxamca gəlin!
Günü necə başlayırsansa, elə də davam edəcəksən. Səhər yuxudan ayılanda mütləq şəkildə özümüzü pozitiv əhval-ruhiyyədə tutmaq istəyirik.
Bəzən bu bizdə alınsa da, bəzən səhər-səhər duyğularımız bizi yanıldır.
Bu insanların isə səhər pis əhval ruhiyyədə olmaq ixtiyarları yoxdur desək yanılmarıq. Bu gün qonağı olduğumuz Media.FM radiostansiyasının aparıcıları Emil Nəsirli, Kamran Həsənov və Səbinə Əliyevadır.
Pilləkənlarla radioya qalxanda əvvəl düşündüm ki, yəqin ki, bu gün ki, müsahibəm də ciddi notlar üzərində köklənəcək. Studiyaya yaxınlaşdıqca gələn səs-küy məni tezliklə bu fikrimdən yayındırdı.
Oradan gələn pozitiv enerji, xoş musiqi sədaları bunun belə olmayacağının xəbərçisi idi. Məni qarşılayan “Təptəzə” səhər şousunun prodüseri Aytən xanımın gülərüzü radioda olacaq söhbətimin ilk carçısı idi.
Radionun səsini qaldırın, efirdə “Təptəzə” səhər şousudur!
Həftə içi hər gün səhər saat 08.00-dan 10.00-a qədər Media Fm-də “Təptəzə” şousunda özünüzü pozitivə kökləyin.
Radioya bir az tez gəlmək istəyim də əslində buna görə idi... Baxım görüm, bu pozitivlər efirdən öncəki əslləridir, yoxsa mikrafon arxasında “teatr çıxardırlar”...
Verilişi izlədiyim elə ilk anlardan aparıcıların xoş söhbətləri, yerində olan zarafatları, dinləyiciləri ilə səmimi söhbətləri özümdən asılı olmayaraq məni xoş simlərə kökləmişdi.
Beləliklə, söhbətimiz başlayır...
İlk sualımı efirimizin pozitiv aparıcılarına ünvanlayıram. “ Necəsiz? Əhval- ruhiyəniz necədir?”
“Səhər aparıcıları xoş əhval-ruhiyyədə olmağa təhkim olunub. Bizim pis olmaq kimi şansımız və seçimimiz yoxdur. Çünki, biz pis əhval-ruhiyyədə olsaq, dinləyici də bunu hiss edəcək və onlar da bu təsir edəcək”.
Maraqlıdır, əla! Bu insanlar dünyada ən gözəl missiyaya xidmət edirlər. Onlar dinləyicilərinə pozitiv enerji bəxş etməklə məşğuldurlar.
Hər zaman birbaşa maarifləndirmək bir az çətin olur, amma o maarifləndirməni əyləncənin içinə qatanda, onu dinləyici daha rahat həzm edir.
“Biz də insanıq, hərdən əhvalımız pis ola bilər, lakin hər şey studiyaya girəndə bitir, biz mikrafon arxasına keçəndə, özümüzə məxsus olmuruq. Bu iki saat ərzində dinləyicilərimizə xoş, pozitiv enerji ötürməliyik”.
Radioaparıcıları hər zaman səslərindən tanınırlar.
Bizim Kamran isə əsasən gülüşündən tanınır, bir də "qaynana haqqında etdiyi zarafatlar" onun ən özəl tanınma formasıdır. Səbinə xanım isə bildirdi ki, o, ən çox aktrisa kimi tanınır. Emil haqqında isə nəsə demək yersiz olar. Axı o, radionun “qocaman” aparıcılarındandır.
Emilin fikrincə, radioda tandem yaratmaq çox çətindir. Əgər çıxıb adi söhbət edəcəksənsə, bu, dinləyicilərə maraqlı olmayacaq.
İşin əsas çətinliyi bu tandemdə özünü tapmaqdır.
“Bu həyatda da belədir. Biz burada aparıcı kimi deyil, adi həyatda olduğu kimi davranırıq. Bu üç dostun səmimi söhbətidir və bu söhbətlərdə bizə dinləyicilər də qoşulur”.
Səhər verilişlərinin aparıcılarının tezdən oyanmaları isə işin ən çətin tərəflərindəndir. Çünki onlar saat 8-də mikrafon qarşısında olmaq üçün ən azı 1 saat əvvəl studiyaya gəlməlidirlər. Bizim qəhrəmanlarımızın fikrincə, buna tez yatmaq yox, həyatda hansısa stimulunun olmasıdır.
Burada ailə, övlad, maraqlı iş mühüm rol oynaya bilər.
“Biz etdiyimiz işi çox sevirik, ona görə də səhər tezdən oyanmağımızda heç bir problem olmur. Çünki hər səhər pozitiv, vəfalı, dinləyicilərimizin bizi gözlədiyini bilirik. Bu da bizi pozitivə kökləyən, səhər tezdən ayılmağa vadar edən amillərdəndir”.
Emilin bu məsələdə başqa fikirləri də var. O, düşünür ki, bu işdə nizam-intizamda çox önəmlidir.
Çünki insanın həyatda işinə daha da məsuliyyət qatan onun nizam-intizamıdır.
“Nizam-intizam olmayan işdə heç bir effekt olmur. Düşünürəm ki, bu işdə insanlar özləri üçün cızma-qara etməlidirlər. Onda bütün işlərində məhsuldar olacaqlarını görəcəklər”.
Maraqlıdır, bu qədər ətrafa pozitivlik saçan trionu özündən çıxaran, səbr kasalarının dolub –daşmağına səbəb olan dinləyici olubmu? Bu sualla aparıcılarımıza müraciət etdim.
Səbinə xanım bu yaxınlarda belə bir hadisənin yaşandığını deyir:
“Bizim verilişimizdə hər səhər insanları xoş əhvala kökləmək üçün maraqlı mövzular olur. Bir dəfə “Əsəbləşəndə özünüzü nə kimi hesab edirsiniz?”sualı ilə dinləyicilərə müraciət etdik. Bu bir dinləyici tərəfindən tamam səhv bir tərəfə yozuldu. Nəticədə o bizə əsəbi formada zəng vurub, bu sualla dinləyiciləri təhqir etdiyimizi bildirdi. Sağ olsun, Emil bu insidenti səbrlə, təmkinlə cavab verərək, məsələni həll etdi. Daha sonra digər dinləyicilər bizə yazıb o dinləyicinin tamamilə haqsız olduğunu bildirdilər”.
Söhbət ən maraqlı dinləyicilərdən düşəndə Emil qazimiz, hərbçi, diş həkimi Nazimi yada saldı.
O, Nazim həkimin “Təptəzə” şousunun daimi dinləyicisi olduğunu bildirdi.
“Sentyabrın 27-si müharibə başlayanda Nazim bizə zəng edib, könüllü olaraq cəbhəyə yola düşəcəyini dedi. Biz onunla söhbət etdik, ona dua edib cəbhəyə yola saldıq. Təsəvvür edin, o, müharibə zamanı da vaxt tapıb bizə zəng edirdi. Nazim Şuşadan, Füzulidən də bizə zəng edirdi. Sonra eşitdik ki, yaralanıb, hospitaldadı. Orada da bizi unutmamışdı, bizimlə daim əlaqə saxlayırdı. Sonuncu dəfə iki medalla təltif olduğunun sevincini bizimlə bölüşdü. Bizi riqqətə gətirən, təəccübləndirən onun sadiq dinləyici olması idi. Hər şeyə rəğmən bizimlə əlaqə saxlayırdı. Bir aparıcı üçün bundan böyük xoşbəxtlik və uğur ola bilməz. Mənə elə gəlir ki, biz həmrəyliyimizi o dinləyicinin simasında yaşadıq”.
Səbinə xanım onları həyəcanlandıran, riqqətə gətirən digər dinləyicidən də söz açdı.
O, Şuşadan gələn ilk zəngi çox həyəcanla qarşıladıqlarını deyir:
“Hər zaman xəyal qurardıq ki, görəsən, bizə nə vaxtsa Şuşadan dinləyicimiz zəng vuracaqmı? Şuşanın adını hər zaman ürək yanğısıyla çəkirdik. Ancaq bir gün bu reallaşdı. İnanın “Uşaqlar, Şuşadan zəng var” sözünü eşidəndə keçirdiyimiz hissləri təsəvvür etmək mümkün deyildi. Çox şükür ki, biz bu hissləri yaşadıq. Bu hissləri bizə yaşadanlara, halal olsun”.
Söhbətin bu yerində Emil 44 günlük müharibə dövründə çatdırdıqları qələbə xəbərlərindən də danışır:
“Biz uşaqlıqdan Qarabağın işğalını qəhərboğucu hisslərlə yaşayırdıq, ən yaralı yerimiz idi. Təsəvvür edin, azad olunmuş torpaqlarımız barədə verdiyimiz xəbərlər bizə necə təsir edirdi. Bu qürurverici hisslər idi. Çox xoşbəxtik ki, bu bizə nəsib oldu. Allah şəhidlərimizə rəhmət etsin. Onu da qeyd edim, Media FM hər zaman çalışıb ki, aktual olsun. Cəmiyyətimizin dəyərlərinə hörmətlə yanaşsın, istənilən hər bir hadisəni işıqlandırsın. Bu səbəbdən müharibə dövründə və müharibədən sonra belə, bizdə vətənpərvər ruhunda olan çoxlu sayda rubrikalar və məlumatlar var”.
Kamran qələbə hissinin çox möhtəşəm olduğunu deyir, həmin günü hər bir azərbaycanlı kimi çoxdan gözlədiyini, “Təptəzə” şousunun fərqli formatda yayımlandığını bildirir:
“Qələbə günü biz onun sevincini dinləyicilərimizlə bölüşmək üçün 4 saat efirdə olduq. Bu hissləri, bu həyacanı 30 ilə yaxın gözləmişik”.
Səbinə isə bu il azərbaycanlıların əsl həmrəylik gününü yaşadığını deyir:
“Bu günə kimi biz dekabrın 31 Dünya Azərbaycanlıların Həmrəyliyi Gününü bir ifadə kimi qeyd edirdik. Qazandığımız qələbə sayəsində bu bayramın mahiyyətini anladıq, o ifadə özünü doğrultdu. Hamı həqiqətən də dəmir yumruq kimi birləşdi. Biz bunun dəfələrlə şahidi olduq. Ən böyük bayramımız “Zəfər günü” oldu”.
Söhbətimizi elə burada, qələbə sevincinə köklənən hissəsində bitiririk.
Aparıcılarla sağollaşıb radiodan ayrılıram, xoş əhval - ruhiyyədə yoluma davam edirəm... Təptəzə, canımçün!
Vüsalə Balayeva, Bizim.Media