“Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik” – İlham Əliyev
“Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür.
Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.
Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir.
Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı.
Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız”, deyə Azərbaycan lideri vurğulayıb.
Bizim.Media