Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycan-Rusiya münasibətlərində müəyyən hərəkətlilik müşahidə olunur.
- Rusiyanın dövlət agentliyi olan “Ria Novosti” qondarma Dağlıq Qarabağ rəsmisi Artak Beqlaryandan müsahibə götürdüyü üçün ölkəmizdə bloklanıb. İyunun 10-da isə agentlik həmin müsahibəni saytdan silib.
- Ölkəmizdə fəaliyyəti böyük etirazlara səbəb olan “Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinə imtina qərarı verildi.
- Rusiya XİN Sergey Lavrovun İrəvandan verdiyi “Qarabağda delimitasiya” açıqlamalarının stenoqramasına düzəliş etdi.
Bəs, sadalanan nüanslar hansı mətləblərdən xəbər verir?
Sualı Bizim.Media üçün cavablandıran politoloq Fərhad Məmmədovun sözlərinə görə, bütün sadalanan məsələlərlə bağlı problemlər artıq öz həllini tapıb:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.
“Ümumilikdə, demək olar ki, Rusiya vasitəçilik prosesində təşəbbüsünü bərpa etmək niyyətindədir və ona görə bu fəallıq müşahidə olunur. “Qarabağ klanı” vasitəsilə onlar Brüssel təşəbbüsünü Ermənistan daxilində pislədilər. Amma Brüssel gündəliyində Qarabağ ermənilərinin bir xalq kimi deyil, əhali kimi təqdim edilməsi artıq faktdır. Rusiya vasitəçilik təşəbbüsünə yenidən yiyələnmək niyyətindədirsə, bu faktı qəbul etməlidir”.
Politoloq qeyd edib ki, artıq Rusiya Azərbaycan və Ermənistana qarşı “Qarabağ kartı”ndan istifadənin bir nəticə verməyəcəyini gördü:
“Əvəzində əks nəticə baş verdi və münasibətlərdə müəyyən problemlər yarandı. Düşünürəm ki, yaxın müddətdə Rusiya özünün iştirakı ilə olan üçtərəfli formatı yenidən canlandırmağa və qərarların qəbuluna nail olmağa çalışacaq”.
Murad Əhmədov, Bizim.Media