SOCAR-ın eşq şəhərində ofis açmaq PLANI - Neft və qaz ətrafında baş verənlər İlham Şabanın təqdimatında

Hazırda oxunan: SOCAR-ın eşq şəhərində ofis açmaq PLANI - Neft və qaz ətrafında baş verənlər İlham Şabanın təqdimatında

78744

Azərbaycanın nefti və qazı ətrafında hadisələrdə yayın gəlişi ilə bir canlanma müşahidə edilir. Bu, təkcə neft qiymətlərinin artımında deyil, həmçinin Azərbaycana xaricdən olan diqqətdə də özünü büruzə verir.

“Bizim.Barel” bu həftənin hadisələrinin analizini sizlərin diqqətinə çatdırır.

Neftimizin qiyməti. Yola saldığımız həftə Azərbaycan neftinin yeni bir yüksəlişi ili yadda qaldı. Bəli, söhbət onun qiymətindən gedir. İyunun 8-də Azəri Layt markalı neftimizin bir bareli alıcı ilə razılaşdırılmış limanda təhvil verilmək şərti ilə 130 dollar həddini keçdi. Həftə ərzində neftimiz bundan da daha qiymətə satıldı – iyunun 9-da onun 1 bareli bazarda 131 dollar 15 sent qiymətləndirilmişdi. Bu çoxdur ya az? Əlbətt ki, kifayət qədər yüksək qiymətdir. Amma bu ilin rekordu deyil.

Cari il martın 9-da Azərbaycan neftinin barelini 135 dollar 99 sentə alan müştəri də olmuşdu. Ümumiyyətlə isə götürsək, neft ticarəti tariximizdə bizim neftin ən bahalı partiyası 2008-ci ilin iyulunda 149 dollar 66 sentə satılıb. 

Necə deyərlər bu il dünyada cərəyan edən hadisələr o qədər mürəkkəbdir ki, istisna etmək olmaz ki, nəinki cari ilin rekordunu yeniləyə bilərik, hətta mümkündür ki, 2008-ci il rekordu da təzələnsin. Axı neft qiymətləri hazırda bu göstəriciyə tələb-təklif əsasında gəlib çatmayıb, onu qızışdıran dünyada cərəyan edən gərgin hərbi-siyasi durumdur. 

Neft proqnozları. ABŞ Energetika Nazirliyi Enerji İnformasiya Administrasiyası bu həftə 2022-ci il üçün Brent markalı neftin orta qiymət proqnozunu 103,35 dollardan 107,37 dollara qədər artırıb. "Hazırda mövcud neft ehtiyatlarının səviyyəsi aşağıdır, bu da qiymət dəyişkənliyi potensialını artırır. Faktiki qiymət əsasən Rusiyaya qarşı tətbiq edilən mövcud sanksiyalardan və yaxın gələcəkdə Rusiyada neft hasilatının dünya bazarına təsirlərindən asılı olacaq", - deyə qiymət artımının səbəbləri izah edilir.

Rusiya neftinin artan endirimi. İndi diqqətinizi indi yönəltmək istəyirəm başqa bir fakta, görək ki, iyunun 8-də satılan digər neft markaları hansı qiymətdə olub.

Brent markalı neft həmin gün 128 dollar 29 sentə satılıb. Rusiyanın Aralıq dənizi hövzəsinə çıxarılan Urals markalı nefti isə CİF müqavilə razılaşması ilə 88,5 dollara. Görürsünüzmü, Rusiya nefti ilə Brent markası arasında müştərilərə təklif edilən endirim hər barelində 39 dollar 79 sent təşkil edib. Əvvəllər isə qiymət fərqi 36 dollara qədər idi. Bunun artımı isə Avropa İttifaqının Rusiyaya qarşı 6-cı sanksiya paketinə neft embarqosunu, müəyyən limitlənmiş şərtlərlə olsa da, daxil etməsindən sonra baş verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada yekunlaşacaq Bakı Enerji Həftəsinin avantajları - İlham Şabandan ÖZƏL 


Belə hal isə Rusiya üzərindən öz neftini dünya bazarlarına çıxaran ölkələrin ciddi itkilərinə səbəb olurdu. Məhz bu səbəbdən də bu həftə Qazaxıstan elan etdi ki, Rusiya nefti ilə qarışdırılaraq bazara çıxarılan neftini bundan sonra öz adı ilə satacaq. Qazaxıstanın Milli Neft Şirkəti (KMG) və Qazaxıstanın digər neft şirkətləri hasil edilən nefti KEBCO adıyla ixrac edəcəklər. Burada məqsəd Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə əlaqədar olaraq hüquqi baxımdan Rusiya mənşəli neftdən ayrılmaq və sanksiyaların doğurduğu risklərindən Qazaxıstanın özünü sığortalamasıdır. 

Azərbaycan neft ixracının səmtini dəyişir. Bu məlumatdan sonra diqqətli oxucularda sual yarana bilər ki, axı Azərbaycanın nefti də Rusiya üzərindən ixrac edilir və o da Novorossiyskdən Rusiya nefti ilə qarışdığından bazarlara Urals adı ilə çıxarılır. Bəs biz nəyi gözləyirik? Biz sadəcə, qonşularımızdan daha çevik tərpənmişik.

Yəni Rusiya üzərindən artıq neftimizi bazara çıxarmırıq. Çünki həmin həcmləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşımaq imkanımız var.

Görürsünüzmü, alternativ ixrac boru kəmərlərinə malik olmaq nə deməkdir, lazımi anda heç bir problemsiz istifadə etmək, yararlanmaq imkanlarıdır. Xəzəryanı ölkələr içərisində Azərbaycan onunla fərqlənir ki, 3 neft ixrac kəməri və 4 qaz ixrac kəmərinə malikdir. 

Amma məsələ təkcə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ücbatından onunla müştərək neft ticarətinin kommersiya baxımından cəlbediciliyinin azalmasından getmir. Vəziyyət bazarlarda göründüyündən də mürəkkəbdir. Onun mürəkkəbliyinin bir hissəsi də Rusiya-Ukrayna müharibəsinin doğurduğu fəsadlardan qaynaqlanır. 

Bu həftə Qərb mətbuatında Azərbaycanın Gürcüstan üzərindən xam neft ixracını müddəti bilinməyən zamana dayandırdığına dair materiallar dərc edilib. 

Eurasianet dərgisinin məlumatına görə, Ukraynadakı müharibə Azərbaycanın Qərb ixrac neft kəməri ilə daşımaları dayandarmasına gətirib çıxarıb. 

Azərbaycanın ən böyük neft istehsalçısı olan BP, Qara dənizdə neft tankerlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən iyun ayı üçün Gürcüstanın Qara dəniz sahillərinə neft nəql edən ixrac kəmərini bağlayıb.

Bakı-Supsa boru kəmərinin operatoru olan BP-dən bildiriblər ki, neft nəqlinin dayandırılması müvəqqəti xarakter daşıyır və hansısa narahatçılıq üçün heç bir əsas yoxdur, çünki Gürcüstan terminalına göndərilən bütün neft həcmləri Türkiyənin Ceyhan terminalına yönəldilir.

Şirkət həmçinin təsdiqləyib ki, boru kəmərinin istismarı hələ martın 15-dən aprelin sonuna qədər, sonra isə bütün may üçün dayandırıb. Şirkət boru kəmərinin istismarını nə vaxt bərpa etmək niyyətində olduğunu açıqlamayıb.

Qeyd edək ki, Bakı-Supsa boru kəmərinin layihə üzrə illik neft ötürmə qabiliyyəti 7,2 milyon tondur. Keçən il bu kəmərlə cəmi 4,2 milyon ton nəql edilib.

Britaniya şirkəti Bakı-Supsa ilə nəqletmənin dayandırılmasını Ukraynadakı müharibə ilə bağlı olduğunu birbaşa təsdiqləməyib, lakin qeyd edib ki, bu qərar “təhlükəsizlik tədbirləri” ilə əlaqədardır, həmçinin Azərbaycan neftini daşımaq üçün Qara dənizə daxil olan tankerlərin çatışmazlığına səbəb olacağı halda “ehtiyat tədbiri” kimi qəbul edilib. 

Qərb mətbuatında o da vurğulanır ki, Ukraynadakı müharibə səbəbindən Qara dənizdə yük daşımaları zəncirində xeyli qırılmalar müşahidə edilir. 

Azərbaycan isə Rusiyanın öz qonşuları ilə münasibətini hərbi müstəvidə həll etmək cəhdinə görə artıq bir dəfə zərər çəkib. Bu da 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı baş vermişdi. O zaman Azərbaycanın Gürcüstan üzərindən ixracı həm borularla, həm də dəmir yolu ilə tam dayandırıldığından “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatı da azaltmaq məcburiyyəti ilə üzləşmişdi. 

Boru kəmərlərinin qazancı. Hökumətin açıqladığı statistikaya görə, cari ilin I rübündə Azərbaycan magistral boru kəmərlərinin fəaliyyətindən nə az, nə çox düz 517,2 milyon dollar gəlir əldə edib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2% çoxdur.

Maraqlısı budur ki, bu gəlirin daha böyük hissəsi qaz kəmərlərinin payına düşüb. Belə ki, magistral neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan daxil olmaqla fəaliyyətindən 182 milyon dollar əldə edilib və ötən ilin yanvar-martı ilə müqayisədə gəlirlərin həcmi 10,6% azalıb. 2022-ci ilin I rübündə Cənubi Qafqaz boru kəməri daxil olmaqla magistral qaz kəmərlərinin fəaliyyətindən isə 335,2 milyon dollar gəlir əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 20,4% təşkil edib.

Transxəzər qaz kəməri layihəsi. Son vaxtlar Azərbaycanın boruları, əsasən də qaz infrastrukturu yenidən diqqət mərkəzindədir. Azərbaycandan Avropaya enerji ehtiyatlarının artırılması üçün müxtəlif yollar mövcuddur. Bunu yola saldığımız həftə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger keçirdiyi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, qaz tədarükünün artırılmasının yollarından biri Trans-Xəzər boru xətti layihəsinin reallaşdırılmasıdır. “Bu layihə üzrə texniki və siyasi məsələlərlə bağlı müzakirələr aparılır", - deyə amerikalı diplomat bildirib. 

Maraqlı məsələdir. O baxımdan ki, Trans-Xəzər boru kəməri ilə bağlı bu həftə təkcə ABŞ diplomatı danışmayıb. O haqda iyunun 7-də ADA Universitetində Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev də söhbət açıb.

Səfir “Dostluq” yatağı üzrə sazişlərin iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

“Ümid edirik ki, bu layihə Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə böyük təkan verəcək”, - deyə səfir bəyan edib və əlavə edib ki, bu yolla türkmən qazı Avropa bazarına çıxa bilər və bu, ölkənin enerji sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək.

SOCAR-ın Aşqabadda ofis açmaq planı. Həmin tədbirdə iştirak edən SOCAR-ın vitse prezidenti Elşad Nəsirov isə bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan-Türkmənistan əməkdaşlığını daha da dərinləşdirəcək “Dostluq” layihəsi çərçivəsində yaxın vaxtlarda özünün Aşqabadda ofisini açmağa ümid edir.

"Dostluq layihəsi SOCAR-ın xüsusi rol oynadığı Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli genişlənməsi üçün bir platformadır və mən həqiqətən ümid edirəm ki, yaxın vaxtlarda biz şirkətin ofisini açaraq qardaş Türkmənistanla əməkdaşlığı daha da genişləndirəcəyik”, - deyə Nəsirov bildirib.


Bundan öncə isə Bakı Enerji Forumunda çıxışı zamanı Nəsirov Azərbaycanın tərəfdaşları ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi ilə bağlı danışıqlar apardığını bəyan etmişdi.

SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycan heç vaxt təbii qazdan siyasi alət və təzyiq vasitəsi kimi istifadə etməyib və qaz siyasətində məqsədi maraqlı tərəflər arasında əməkdaşlığın təmin edilməsi, bununla da regionda və Azərbaycan qazının nəql olunduğu və istehlak edildiyi ölkələrdə qarşılıqlı etimadın bərqərar olunmasına nail olmaqdır.  

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin