“İnflyasiyaya görə ABŞ hökuməti günahkardır” – İrina Tsukerman

Hazırda oxunan: “İnflyasiyaya görə ABŞ hökuməti günahkardır” – İrina Tsukerman

78626

“Əslində ABŞ-dakı inflyasiya Rusiyaya qarşı səmərəsiz, eyni zamanda doğru tətbiq olunmayan sanksiyaların müzakirə edilməsindən əvvəl yüksəlməyə başlayıb. İnflyasiya daxili infrastruktur layihələrinə həddindən artıq xərclərin və iqlim dəyişikliyi ilə bağlı mübarizə üçün ayrılan hədsiz maliyyənin ucbatından baş verdi”. 

Amerikada yaşayan siyasi ekspert İrina Tsukerman Bizim.Media-ya özəl açıqlamasında belə deyib.

Ekspert hesab edir ki, Amerika iqtisadiyyatını inflyasiyaya aparan digər bir səbəb  son iki il ərzində COVID-19 ilə əlaqəli fasiləli istehsalın və həddindən artıq məhdudlaşdırıcı kilidləmə siyasətlərinin təsiridir.
 

MÖVZU İLƏ BAĞLI:

Amerikalı analitik: “Rus sülhməramlıları ermənilərin əlini gücləndirməklə məşğuldurlar” - EKSKLÜZİV


Xanım ekspert bunu tədarük zəncirinin pozulmasına təsir edən ümdə səbəb kimi vurğulayaraq, fikrini belə əsaslandırıb:

“Eyni siyasətlər insanları fiziki əməyi tələb edən işləri bərpa etməkdən çəkindirdi və hazırda ABŞ-da mövcud olan işçi qüvvəsi çatışmazlıqları Covidlə bağlı əksər məhdudiyyətlər aradan qaldırıldıqdan sonra da müşahidə olunur”. 

Tsukerman qeyd edib ki, hazırda ölkədə güclənən inflyasiyanın Rusiyaya ABŞ tərəfindən tətbiq edilən sanksiyalarla heç bir əlaqəsi yoxdur:

“Rusiyaya qarşı ABŞ-ın  sanksiyaları məhdud həcmdədir və tam tətbiq olunmayıb. Sanksiyaların böyük əksəriyyəti də iyunun sonuna qədər qüvvəyə minmir, bu da sanksiyaların ABŞ iqtisadiyyatına təsirini qiymətləndirmək üçün hələ tez olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, ABŞ inkişaf etmiş ölkə kimi Rusiya məhsullarının böyük idxalçısı deyil, ona görə də ən pis halda belə Rusiyaya qarşı sanksiyaların ABŞ-a təsiri minimal olacaq”.

Rusiya-Ukrayna müharibəsindən dolayı dünyada yarana biləcək taxıl böhranı ilə bağlı da danışan xanım ekspert, bu kimi halların ABŞ iqtisadiyyatından yan keçəcəyini bildirib:

“ABŞ dünyanın ən yaxşı buğda istehsalçılarından biridir və faktiki olaraq dünayanın buğdaya artan tələbatından yaxşı mənada faydalanır. Bunun əvəzində, enerji tənzimləmələri, iqlim dəyişikliyi qaydaları və anti-biznes məhdudiyyətləri ilə bağlı ABŞ daxilində yaranan hər hansı çatışmazlıqlar, o cümlədən qiymət artımları ilə bağlı mövcud vəziyyətə görə ABŞ dövləti günahkardır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin