“3+3” formatı işə başlayır – Növbəti görüş HARADA OLACAQ? 

Hazırda oxunan: “3+3” formatı işə başlayır – Növbəti görüş HARADA OLACAQ? 

78609

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə və ardınca Ermənistana olan səfərləri digər məsələlərlə yanaşı, Cənubi Qafqaz üzrə “Qafqazda “3+3” formatını da müzakirə edib. 

O həm Ankarada, həm də İrəvanda bildirib ki, Cənubi Qafqaz üzrə “3+3” formatında əməkdaşlıq platformasının növbəti, ardıcıl olaraq ikinci iclası hazırlanır və yaxın vaxtlarda baş tutacaq.

“Biz Cənubi Qafqazda işləri necə davam etdirəcəyimiz barədə razılığa gəldik, bilirsiniz ki, Türkiyənin təşəbbüsü ilə 3+3 formatı yaradılıb. İlk iclası Moskvada keçirdik, gürcü həmkarlarımız iştirak edə bilmədilər, amma vurğulayırıq ki, biz həmişə onları görməyə şad olarıq. Növbəti görüş hazırlanır və ümid edirəm ki, çox yaxın zamanda bu görüşün keçirilməsi barədə açıqlama verə biləcəyik”, – deyə S.Lavrov bildirib.

Lavrovun Ankara və İrəvanda 3+3 formatından danışması onu göstərir ki, bu ideyanın əsas güc mənbəyi olan Türkiyə, Azərbaycan və Rusiyanın istəkləri gerçəkləşir. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan və Türkiyənin birgə irəli sürdüyü 3+3 əməkdaşlıq formatı bu gün regionun ən aktual və ən perspektivli əməkdaşlıq və tərəfdaşlıq platformalarından birinə çevrilməkdədir:

“Çünki ənənəvi olaraq regionun əsas aktorları olan Türkiyə, Rusiya və Azərbaycan hazırkı tarixi mərhələdə bu platformanı öz məqsəd və mənafeləri üçün uzlaşdıraraq gələcək inklişafın əsaslarından biri kimi görürlər. Ona görə düşünürəm ki, müxtəlif görüşlərdə məsələ aktuallaşdırılır. Ona paralel olaraq 3+3 formatının reallaşması istiqamətində də ciddi addımlar atılır”. 

Deputat qeyd edir ki, Rusiya xarici işlər nazirinin qardaş Türkiyəyə səfəri zamanı bir daha 3+3 formatını dilə gətirməsi və onun vacibliyini vurğulaması həmin ideyanın ən perspektivli əməkdaşlıq platformasından birinə çevriləcəyinə işarədir:
 

“Şübhəsiz ki, 3+3 platformasının reallaşması üçün Gürcüstanın da orada iştirakı vacibdir. Ona görə Rusiyanın xarici işlər naziri Türkiyədə bu məsələyə də toxundu.


Son aylarda baş verən hadisələrin dinamikasını izləsək, görərik ki, Moskva ilə Tiflis arasında diplomatiyanın alt qatlarında pozitiv istiqamətdə müəyyən irəliləyişlər var. Bu isə gələcək perspektivdə 3+3 formatının tam imkanları daxilində realizə olunması üçün lazımi şərtlər formalaşdırır. Rügionda kommunikasiyaların bərpası, bütün növ kommunikasiyaların açılması bu platformanın funksionallığını daha da artıracaq və gələcəkdə onu regional strateji platforma kimi formalaşdıracaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin