Xarici turistlər Azərbaycanda nədən narazıdırlar? - TƏHLİL

Hazırda oxunan: Xarici turistlər Azərbaycanda nədən narazıdırlar? - TƏHLİL

78605

Son 5 ildə ölkəmizə ən çox turist 2018-ci ildə gəlib. Təxminən 3.5 milyon nəfər ölkəmizi ziyarət edib. Burda məyusedici məqam odur ki, ölkəmizə gələn turistlərlə müqayisədə xaricə səyahət edən soydaşlarımız sayı arasında da böyük fərq var. Belə ki, 2018-ci ildə 5 milyona yaxın soydaşımız xarici ölkələrə gedib. Nəticədə ölkəmizə gələn vəsaitdən təxminən 40 faiz çox xaricə valyuta çıxarılıb.

Bu isə onu göstərir ki, turizm sektorundakı xidmətlər qanedici deyil. Rəsmi rəqəmlərə istinad eləsək 2022-ci ilin aprelində Azərbaycana gəlmiş 55 min turistdən 14%-i ölkədəki xidmətdən narazı qalıb. Bu kifayət qədər böyük rəqəmdir. 

Birincisi, müştəri məmnunluğu məsələsində biz çox geri qalmışıq. Azərbaycan bəlkə də yeganə ölkədir ki, “müştəri hər zaman haqlıdır” tezisi burda keçərli deyil. Bir anlığa göz önünə gətirək. Hansısa xidmətdən narazı qalan müştəri öz iradını bildirəndə ən çox eşitdiyi sözlər bu olur: “Bizdə belədir, xoşun gəlmirsə, sənə yaxşı yol”.

Bu da ondan irəli gəlir ki, turizm sektorundakı obyektlər kifayət qədər deyil. Ona görə də müştərinin seçim, sahibkarınsa rəqabət imkanı aşağıdır. 

İkinci problemsə göstərilən xidmətə görə tələb olunan ödənişdir. Aparıcı turizm ölkələri bir yana, məsələn, qonşu Gürcüstanda müştərilərə təklif olunan milli xörək-xəngəl hər yerdə eyni qiymətdir. Axalkalakidə də, Tbilisidə də, Batumidə də. Bəs bizdə necədir? Götürək populyar kababımızı. Qubada bir qiymətdir, Qəbələdə bir qiymət, Göygöldə isə başqa qiymət. Hələ Bakını demirəm. Paytaxtımızın bəzi istirahət mərkəzlərində bir şiş kababı 25-30 manata təklif edirlər. Baxmayaraq ki, respublikamızda quzu ətinin qiyməti ümumilkdə 12-15 manat arasında dəyişir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana turist kimi gələn əcnəbilər turizm vizası alacaqlar


Bəs onda quzu əti niyə müştəriyə mayasından 5 dəfə baha qiymətə təklif olunur? Və yaxud tərəvəzi götürək.

Paytaxtdakı 5 ulduzlu mehmanxanaları demirəm, Qubada, Qəbələdə, Göygöldə sıradan bir kafe-restoranda bir dənə xırda pomidor müştəriyə 7-8 manata təklif olunur. Təbii ki, bu qiymətin müqabilində müştəri ikinci dəfə həmin obyektə ayaq basmır.

Baxmayaraq ki, turistlər üçün ən önəmli şey qidalanmadır (hələ xidmətin keyfiyyətini demirəm).

Ona görə də bir-neçə il əvvəl Körfəz ölkələrindən respublikamıza başlayan turist axını tez zamanda səngidi. Çünki Qəbələdə və yaxud Qubada iki nəfərin naharı üçün tələb olunan pulla Parisin Eyfel qülləsində doyunca yeyib-içmək olar. Və yaxud mehmanxanalardakı qiymətləri götürək. 4 ulduzlu iki qonşu mehmanxanada gündəlik qiymətlər bir-biri ilə qəti uzlaşmır. Hələ onu demirik ki, olduqca baha olan qiymətlərin müqabilində müştəriyə təklif olunanlar xidmətlər qətiyyən qaneedici deyil.

Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Bizim.Media ilə söhbətində bildirdi ki, əsas problem yanaşmadadır.

Onun fikrincə, “Turizm təkcə xidmətlərin satışı deyi, həm də yeni təəssüratlar yaradan bir sahədir. Bu sahə yaradıcılıq sferası olduğu üçün düşünürəm ki, biz bu sahədə hələ çox şeyləri öyrənməliyik, tətbiq etməliyik. Hazırda ən çox narahatlıq doğuran məsələ turizm sektorunda peşəkar heyətin az olmasıdır. Bu sahədə çalışanların bir hissəsi bu sahəyə bir növ mövsümi iş kimi baxır. Bu cür səthi yanaşmalar isə son nəticədə yerlərdə haqlı narazılıqlar yaradır”.

Turizm üzrə müstəqil ekspert Ceyhun Aşırov isə Bizim.Media-ya bildirdi ki, “Yerli turistləri narazı salan əsas səbəb həm otellərin, həm də qidaların baha olmasıdır.

Bunun müqabilində isə xidmətin aşağı səviyyədə olması sadəcə təəccüb doğurur. Bu da onunla bağlıdır ki, rəqabət mühiti zəifdir.
 

İxtiyari regionda istirahət obyeklərinin sayı barmaqla sayılacaq qədərdir. Belə olan halda isə geniş rəqabətdən danışmaq olmaz. Ona görə də yerlərdə hər kəs özü üçün bir qiymət müəyyən edir. 


Xarici turistlərinsə əsas narazılığı Azərbaycan gəlib-getməyin xeyli baha olmasındandır. Nəqliyyat xərcləri digər ölkələrlə müqayisədə bizdə çox bahadır. Bu da təbii ki, haqlı narazılıq yaradır”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin