Ürək xəstələrinin təbii dərmanı XIZI – Yerli məmurlar rayonun inkişaf etməsində niyə maraqlı deyil?

Hazırda oxunan: Ürək xəstələrinin təbii dərmanı XIZI – Yerli məmurlar rayonun inkişaf etməsində niyə maraqlı deyil?

78560

Paytaxta ən yaxın, amma gözdən-könüldən uzaq Xızı rayonunadır yolumuz. Yaşamaq, özü də çox yaşamaq üçün ən səfalı rayondur, desək, heç də səhv etmərik.

Bəlkə də çoxları bilmir. Xızı rayonunun saf, təmiz, həm də quru havası ürək xəstəliyindən əziyyət çəkən insanlar üçün əsl məlhəmdir, təbii dərmandır. Bakının 90-95 kilometrliyində yerləşən Xızının qupquru havası canlı kardioloqu əvəz edir. Faktların dili ilə danışacağam. Maraqlı müsahibim olacaq. 

Xızı rayonunda yerli sakinlərlə, mütəxəssislərlə söhbətimiz zamanı bir daha yəqin etdik ki, bu balaca rayonun böyük müalicəvi potensialı var. Sırf kardioloji baxımdan.

Sumqayıt regional mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov mövzumuzla bağlı maraqlı ipucu verdi. Söylədi ki, "Rayonun ərazisində palıd ağacları çoxluq təşkil edir".

Palıd ağacının, sən demə, ürək xəstələri üçün çox müalicəvi təsiri var. Quru havası, bol oksigeni olan bu dağlar rayonunun palıd ağacları da hava ilə birgə ürək ağrısına məlhəmdir. İynəsiz, kimyəvi dərmansız məlhəm. Mönsüm Bağırov ağır ürək xəstəliyindən əziyyət çəkən tanınmış bir insanın Xızıda necə sağalmağından da danışdı. Onun sözlərinə görə, "mərhum ədliyyə naziri Nəriman Yusifovu ürəyi çox incidirmiş. Pensiyaya çıxandan sonra gəlib hərdən Xızının Xələnc kəndindəki evində qalırdı. Xızının havası, quruluğu, rütubətsizliyi onun da diqqətini çəkib və Xələncdəki evini satıb, gəlib Xızı şəhərində yaşayıb və 93 yaşında vəfat edib. 10 ilə yaxın burada yaşayıb."

Xızının havasından sağalan daha bir tanınmış şəxsin də maraqlı açıqlamaları var. Sabiq təhsil naziri, tanınmış türkoliq Firudin Cəlilovu da ölümün caynağından Xızının səfalı təbiəti və havası alıb.

Firudin müəllim bu balaca rayonda onu sıxıb əzən ürəyinin ağrısından son anda qurtula bildiyini deyir və onun dediklərini olduğu kimi oxucularımıza çatdırmaq istəyirəm:

"Mən 30 ildir Xızı ilə qovuşub yaşam gücümü ondan alıram. Giləzi-Xızı dərəsi ilə Xəzərdən gələn dəniz havası Qafqaz dağları ətəyindən gələn dağ havası ilə Xızıda qovuşub buradakı insanların ciyərini oksigenlə doldurur. Vaxtilə yapon uzmanlar Xızını havasına görə Azərbaycanın ən sağlam yaşayış yeri kimi dəyərləndirmişdilər. Bunu mən öz yaşamımda da gördüm, belə ki,ağır infaktdan sonra qısa müddətdə ürəyimdəki çatlar yox oldu, məni müalicə edən həkimlər bunu möcüzə sayırdı".
 

MÖVZU İLƏ BAĞLI:

Xızıda orta əsrlərə aid qala qalıqları tapıldı – ÖZƏL/FOTO


Müsahiblərimin söyləməsinə görə, bir vaxtlar burada kardioloji mərkəzin açılması planlaşdırılsa da hələ də bir iş görülməyib. 

Xızıda indiyəcən kardioloji mərkəz olmaması Firudin Cəlilovu da narahat edir:

"Bakıdan 100 km aralıda olan Xızı əslində Bakının sağlam peykidir. Burada kardioloji sanatoriya olsa, ürək-damar xəstəliyi olanlar bundan yararlana bilər".
 

TƏBİB-in Xızı rayon mərkəzi xəstəxanası üzrə direktoru Bektaş Nəbiyev də Xızının oksigenlə zəngin saf havasını kardioloji sanatoriya üçün əlverişli məkan hesab edir və gələcəkdə burada belə bir müalicə mərkəzinin olmasını məqbul sayır.


Əslində Xızı təkcə sağlamlıq turizmi üçün deyil, ənənəvi turizm üçün də infrastruktur baxımından kasıb, inkişafsız rayondur. Xızıda vaxtilə beş ulduzlu hotelin inşasına başlanılıb, amma illərdir tikintisi gözdağı kimi qalıb.

Beş olduzli oteli qalsın o yana, bu rayona gələn insanlar heç normal dincəlmək üçün bir guşə, kafe-restoran tapa bilmir. 

Xızı icra başçısı Xəzər Aslanovla telefonla əlaqə yaratmaq cəhdlərimiz isə alınmadı. Məsələ ilə bağlı Xızı İh başçısının müavini Arzu Əzizovala mükaliməmiz çox qısa, "Belə bir dövlət proqramı, layihəmiz yoxdur", - şəklində başa çatdı.

Mövzu diqqətimizdədir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin