Son vaxtlar AzTV-nin hazırkı sədri Rövşən Məmmədovun peşə fəaliyyəti barədə media qurumlarında tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə statuslar yazılır.
Kiçik araşdırma nəticəsində bəlli oldu ki, belə tənqidi, bəzən də təhqiredici fikirlər əvvəlki sədrlərin, Nizami Xudiyevin və Arif Alışanovun da vaxtlarında olub.
Hətta, ölkə əhalisinin böyük əksəriyyəti həmin qurumda çalışan telejurnalist Qulu Məhərrəmli ilə Arif Alışanovun məhkəmə dartışmasına da şahidlik edib.
Bu zaman çoxlarını bir sualın cavabı maraqlandırır:
“Görəsən nəyə görə AzTV-nin yuxarıda adı çəkilən sədrləri haqda istər işlədikləri dövrdə, istərsə də işdən çıxarıldıqdan sonra sərt məqalələr yayımlanır. Bu ənənədir, yoxsa bu media qurumunun bünövrəsi belə qoyulub?”
Suala cavab almaq və mövzunu davam etdirmək üçün BDU-nun professoru Qulu Məhərrəmli ilə əlaqə saxladıq.
O, Bizim.Media-ya açıqlamasında bunun bir neçə səbəbdən baş verdiyini dedi:
MÖVZU İLƏ BAĞLI:
“Rövşən Məmmədov Əli Həsənov metodu ilə işləyir” – Jurnalistlərdən AzTv ilə bağlı AÇIQLAMA
“Əvvəla, AzTV dövlət büdcəsindən maliyyələşir. Yəni dövlət hər il müxtəlif məbləğdə vəsait ayırır, əlavə investisiyalar qoyur, texnika alır. Deməli, dövlətin diqqət mərkəzində saxladığı, fəaliyyətinə yardım etdiyi bir qurumdur. Dövlət büdcəsindən maliyyələşdiyinə, dövlət büdcəsi də insanların vergiləri hesabına formalaşdığına görə bu televiziyanın fəaliyyəti diqqət mərkəzində olur.
İkincisi, bu, geniş bir ictimaiyyət sahəsidir, media qurumudur. Bu televiziya cəmiyyətdə gedən prosesləri əks elətdirir, bir güzgüdür, hamı da istəyir ki, güzgü dürüst və düz göstərsin, cəmiyyəti olduğu kimi ifadə eləsin, ictimaiyyətə dəqiq məlumat ötürsün. Bu, təbii tələbatdır və buna çox normal şəkildə yanaşmaq lazımdır.
Əlbəttə, cəmiyyətin diqqət mərkəzində olan belə bir quruma kimin rəhbərlik eləməsi və onun hansı mənəvi peşə keyfiyyətlərinə yiyələnməsi də çox önəmlidir. Və istər-istəməz televiziyanı tənqid edəndə sədrin də fəaliyyətinə toxunulur və təhlil edilir”.
Qulu Məhərrəmli AzTV-nin yaxın tarixində sədr vəzifəsində çalışanların da adlarını çəkdi:
''Düzdür, bu vəzifəyə təsadüfi gələnlər və işini görə bilən adamlar olub. Məsələn, Azərbaycan müstəqilliyə qədəm qoyduğu gündən AzTV-yə Məmməd Murad rəhbərlik edib. Babək Hüseynoğlu, Məmməd İsmayıl kimi şəxsiyyətlər də sədr vəzifəsində çalışıb''.
''Hesab edirəm ki, adını çəkdiyim adamların fəaliyyəti televiziyanın nisbətən mürəkkəb dövrünə düşmüşdü, cəmiyyətdə güclü proseslər gedirdi, coşqu və problemlər var idi. O dövrdə televiziyaya yanaşma daha həssas idi. Mən Məmməd Muradı televiziya tarixində çox böyük islahatçı hesab edirəm, çünki o, mövcud standartları yaxşı mənada qırıb parçaladı''.
''Məmməd İsmayıl çöx böyük yaradıcı şəxsiyyət idi, televiziyanın istiqamətlərini birbaşa özü verirdi. Babək Hüseynoğlunun vaxtında televiziyada nisbətən bir sabitlik yarandı. O da ölkədəki vəziyyətlə bağlı idi. Və demək olar ki, bizim televiziyanın ən gözəl çağlarından biri idi''.
''O dövrdə efirə maraqlı verilişlər gedirdi, televiziya müəyyən mənada sərbəstliyini saxlayırdı, maraqlı tamaşalar çəkilirdi. Təsəvvür edin ki, təxminən 3 ilin içərisində 40-a yaxın televiziya tamaşası hazırlandı. Çünki o adam peşəkar idi, tamaşaçının zövqünü, tələbatını bilirdi. İnformasiya proqramları güclü idi''.
Telejurnalist həmin dövrlərdə “7 gün” proqramını apardığını da xatırladı:
“Kifayət qədər populyar olan bir proqram idi, çünki mənim müəyyən mənada sərbəstliyim var idi. Sədr jurnalist idi, məni başa düşürdü, “Aydınlıq” kimi populyar bir qəzetə rəhbərlik etmişdi. Yəni, sədrin yaradıcılıq mənasında nə qədər böyük azadlığının olması da proseslərə təsir edir. Babək Hüseynoğludan sonra bizim televiziyada müəyyən problemlər ortaya çıxdı. Nizami Xudiyev, ondan sonra Arif Alışanov sədr oldu. İndi isə AzTV-yə Rövşən Məmmədov rəhbərlik edir”.
BDU-nun professoru bu sədrlərin içərisində televiziyaya ən çox ciddi zərbəni vuran şəxsin məhz Arif Alışanov olduğunu vurğuladı:
''Bilirsiniz ki, mən vaxtilə onu tənqid eləmişdim. Tənqidlərim də əsaslı idi, çünki bunu tamam təsadüfən televiziyanın başına gətirib çıxarmışdılar. Hesab edirdim ki, televiziyada böyüdüyünə görə o, nəsə edə bilər, ancaq digər yolu seçdi, çünki başqa qabiliyyəti də yox idi. Bu adam televiziyanın kriminal sifəti idi və tarixdə də o cür qalacaq''.
''Onun televiziyaya vurduğu mənəvi ziyan hesablanmalıdır. Apardığı maliyyə siyasəti də sonadək araşdırılmalıdır, çünki ondan sonra gələnlər görsünlər ki, dövlətin vəsaiti ilə bu şəkildə davranmaq olmaz. Kimsə hardasa himayədar tapır, onun hesabına dövlətin vəsaitini dağıdır''.
Qulu Məhərrəmli hazırda AzTV-də müəyyən proseslərin getdiyindən də söz açdı:
“Onların hamısını izləyirəm. Tənqid də var, arada təriflər də yazırlar. Məncə bunların hamısına normal baxmaq lazımdır. Ən yaxşı cavab əməldir, işdir, fəaliyyətdir. Yaxşı veriliş varsa, kimin nə yazmasından asılı olmayaraq tamaşaçı onu qəbul edəcək. Yoxdusa, ortada yalnız quru təbliğat, boş-boş təriflər varsa, bunun da heç bir effekti olmayacaq”.
Telejurnalist sonda AzTV-nin tarixində çox parlaq sədrlərin olduğunu qeyd etdi:
“Televiziyanın dayaqlarını yaradan Teymur Əliyev, Ənvər Əlibəyli və Elşad Quliyev kimi çox səviyyəli sədrlər olub”.
Babək Göyüş, Bizim.Media