“Azərbaycanda anadangəlmə ürək qüsurları olan uşaqların sayı artır” - HƏYƏCAN TƏBİLİ  

Hazırda oxunan: “Azərbaycanda anadangəlmə ürək qüsurları olan uşaqların sayı artır” - HƏYƏCAN TƏBİLİ  

78396

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən xəstəliklərdən biridir. Yenidoğulan körpələrin bir qismində bu qüsurlar aşkarlanır. Son illər belə uşaqların sayı artır.  

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin tabeliyindəki 5 nömrəli Kliniki Doğum Evinin Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri Mehriban Həşimzadə deyib.  

O bildirib ki, anadangəlmə ürək qüsurlarının adətən səbəbi bilinmir.  

“Bəzi ürək xəstəliklərinin genlərlə əlaqədar olduğu bildirilsə də, bu bir çox xəstələrdə öz təsdiqini tapmayıb. Ancaq xəstələrin bir qismində qohum evliliyi, anada şəkər xəstəliyinin olması, ana, ata və yaxın qohumlarda anadangəlmə ürək xəstəliklərinin olması qüsurun yaranmasına təsir edə bilər.  
Xüsusilə hamiləliyin 3 ayı çox önəmlidir. Bu dövrdə ananın məxmərək kimi infeksion xəstəliklərə tutulması, siqaret, narkotik vasitələrdən istifadə etməsi, rentgen şüası alması və ya nəzarətsiz dərman qəbul etməsi təhlükəlidir. Anadangəlmə ürək qüsurlarının sadalanan konkret hansı səbəblə bağlılığını müəyyən etmək çətindir.  

Lakin hamiləliyin təxminən 4-cü ayından etibarən bəzi ürək qüsurlarını uşaq kardioloqları fetal exokardioqrafiya üsulu ilə müəyyən edə bilirlər. Elə ana bətnindəcə bu qüsurun müalicəsinə başlamaq olur.  

Körpədə çox ağır anadangəlmə ürək qüsuru aşkar edilərsə, valideynlərin razılığı ilə hamiləlik sonlandırıla bilər. Bu halda proses qanun çərçivəsində, xəstəxananın həkim komissiyasının qərarı və ailənin icazəsi ilə diaqnoz dəqiqləşdirildikdən sonra mümkündür”.  
M.Həşimzadə qeyd edib ki, elm və texnologiyanın inkişaf etməsi və təcrübənin artması nəticəsində müalicə olunan xəstələrin sayı artır, müalicənin keyfiyyəti günü-gündən yaxşılaşır: 

“Ürək qüsurlarının aşkar edilməsi, doğru diaqnoz qoyularaq müalicə edilməsi üçün uşaq kardioloqlarına müraciət etmək vacibdir”.  

Qeyd edək ki, anadangəlmə ürək qüsurlarının vaxtında aşkarlanması və təcili tədbirlərin görülməsi üçün vətəndaşlar Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə və eləcə də Mərkəzin Doğum-Ginekologiya şöbəsinə müraciət edə bilərlər. Bütün xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin