Lev Tolstoyun qohumu olan AZƏRBAYCANLI – Onu Nürnberq məhkəməsinə niyə aparmışdılar? – VİDEO 

Hazırda oxunan: Lev Tolstoyun qohumu olan AZƏRBAYCANLI – Onu Nürnberq məhkəməsinə niyə aparmışdılar? – VİDEO 

78327

Bu dəfə əfsanəvi diplomat - tərcüməçi, Rusiya televiziyasının magikanı Ənvər Nazim oğlu Məmmədov haqqında söhbət açacağıq.

Onun atası Nazim Rauf oğlu Məmmədov Bakının tanınmış ailələrindən birində doğulub. Anası Olga Alekseyevna Məmmədova (İvanova), Rusiya zadəgan ailəsindən çıxmış və ana xətti ilə Lev Tolstoyun qohumu idi.

Ənvər Məmmədov 1923-cü ildə Bakıda anadan olub. Taleyin acı üzü uşaq ikən onu keçmiş SSRİ-nin bir çox şəhərlərini gəzdirir.

Bu illərdə onun ən çox qazancı 7 yaşına qədər alman, fransız və italyan dillərini öyrənməsi olur. Bakıda orta məktəbi bitirdikdən sonra, 1941-ci ilin iyun ayında aviasiya məktəbinə daxil olur. Lakin müharibə başladığından ordu sıralarına yazılır. Ancaq cəbhəyə getməsi mümkün olmur.
Dil biliklərini nəzərə alaraq (məktəbdə əlavə olaraq ingilis dilini də öyrənmişdi), gənc əsgəri Baş qərargah yanında Kəşfiyyat İdarəsində hərbi tərcüməçi kurslarına göndərirlər. Sonra isə orduya...

1944-cü ildə Ənvəri ən çətin cəbhə bölgələrdən birinə - İtaliyaya göndərirlər. Faşist Mussolininin yenicə devrildiyi, ancaq ölkənin bir hissəsinə nəzarəti əlində saxladığı ölkəyə. Üç sovet diplomatı: səfir, birinci katib və mətbuat attaşesi (E.Məmmədov) - 1944-45-ci illərdə Sovet səfirliyinin bütün tərkibi bu cür idi.

22 yaşlı gənc Nürnberq prosesində

1945-ci ildə ona yeni bir təyinat çıxır- Nürnberq məhkəmələrində hərbi tribunalın tərkibində olmaq. Leytenant Məmmədov tərcümə bürosunun rəhbərinin müavini təyin edilir. O burda dörd dildən surdo tərcüməçi rolunu yerinə yetirir. Məhkəmədə cəmi 3 SSRİ vətəndaşı vardı – hökümət nümayəndəsi Oleq Troyanovski (İ. Nikitçenko), prokuror Roman Rudenko və tərcüməçi Ənvər Məmmədov.

Ancaq Ənvərin işi tərcüməçiliklə bitmədi. Proseslər zamanı General-feldmarşal Fridrix Paulsun Nürnberqə gətirilməsi zərurəti yarandı. Onu açıq şəkildə öldürməyə hazır olan almanlardan, həm də müttəfiqlərdən qorumaq lazım idi. Bu işin öhdəsindən Ənvər Məmmədov lazımınca gəldi. Baxmayaraq ki, onların gizli şəkildə hərəkət edən avtomobilləri atəşə tutuldu. Sonluq isə əla idi.

Müharibədən sonra Ənvər Məmmədov Xarici İşlər Nazirliyində işini davam etdirməklə yanaşı Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olur. 1949-cu ilin əvvəlində atası həbs olunduğu üçün Ənvər XİN-dəki işini itirir. 1953-cü ildə Ənvərin atası bəraət alır. Məmmədov yenidən XİN -ə dəvət edilir. Ancaq o imtina edir. Xarici nəşrdə (ABŞ üzrə baş redaktor) işə başlayır. 

Xuruşşovla ABŞ-da 

1956-cı ildə Xruşşovun ABŞ-a səfəri ərəfəsində Məmmədov qısa müddətdə Xarici İşlər Nazirliyinə qayıdır. ABŞ səfirinin məsləhətçi-elçi vəzifəsinə. O, Xruşşovla birgə BMT-nin iclaslarında iştirak edir. 1959-cu ildə isə Xarici İşlər Nazirliyindən birdəfəlik uzaqlaşır.

Ənvər Məmmədov - SSRİ Dövlət teleradiosunun “atası” 

Fəaliyyət sahəsini dəyişən Ənvər Məmmədov tez bir zamanda jurnalistikanın zirvələrinə çatır. İttifaq daxilində 2-3 nəfərin olduğu " Siyasi Büronun seçilmiş jurnalisti" xüsusi statusunu alır. 1960 - cı ildə o, “Sovinformbüro” sədrinin birinci müavini, 1961 – ci ildə APN ("Novosti" Agentliyi) sədrinin birinci müavini, 1962 – ci ildə isə SSRİ Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini vəzifələrinə təyinat alır.

1962-1985-ci illərdə Sovet televiziyası tarixində yeganə hal idi ki, eyni adam uzun müddət eyni vəzifəni daşıyırdı. Baxmayaraq ki, bu illərdə Dövlət Teleradio Komitəsinin dörd sədri dəyişdirilmişdi. Ancaq birinci müavin həmişə dəyişməz olaraq qaldı. Buna görə də, keçmiş SSRİ məkanında onu televiziya və radio yayımının banisi kimi xarakterizə edirlər.
"Mayak" radiostansiyası necə yarandı?

Radiostansiya yaratmaq ideyası Ənvər Məmmədovda Xarici İşlər Nazirliyinin əməkdaşı olduğu vaxtlarda yaranıb. Kubada işləyərkən orada dəqiq vaxt siqnallarının vaxtaşırı verildiyi "Saat" radiostansiyası var idi. Məmmədovun yalnız xəbərlərin gedəcəyi və vaxtın bildiriləcəyi radio yaratmaq qərarı Siyasi Büronun əvvəlcə xoşuna gəlmədi. Onu “cəfəngiyat” adlandırdılar. Belə olan vəziyyətdə o, işin ideoloji tərəfindən məsələyə girişdi. "Mayak"ın köməyi ilə “düşmən səslərini" boğmağı təklif etdi. Təkliflə dərhal razılaşdılar. SSRİ-də ən populyar radiostansiya beləcə yarandı.

"Baharın 17 anı" serialında almanların ağıllı göstərilməsi kimin ideyası idi?    

1970-ci ildə tanınmış diplomat, Brejnevin sevimlisi Sergey Georgiyeviç Lapin Dövlət Teleradio Komitəsinə sədr təyin olundu. O, ciddi senzuranı müdafiə edən və dəyişikliyi sevməyən sərt, siyasi yönümlü bir rəhbər idi.

Jurnalistika kimi, televiziyadan da qəti anlamırdı. Buna görə də, onun gəlişi ilə Siyasi Büro televiziya sahəsi üzrə cavabdeh Ənvər Məmmədovu təyin etdi.
Lapin öz siyasi qərarları ilə televiziyada kədərli mənzərə yaratmışdı. Bir çox proqram və film ciddi redaktəyə məruz qaldı, bəzən tamamilə ləğv edildi. Artıq 1972-ci ildə Şən və Hazırcavablar Klubunun canlı yayımı dayandırıldı.

Ən populyar "Kinopanorama" proqramı uzun müddət efirdən çıxarıldı. Lapin, saqqalı olan insanların TV ekranında görünməsinə icazə vermirdi. Aparıcı kişilərə qalstuk və pencək olmadan efirə çıxmaq qadağan edildi. Qadınlara şalvar geyinməyə icazə verilmirdi.

Lapin, müğənni Alla Puqaçovanın mikrofona oxuması görüntülərini böyük planda göstərməyi qadağan etdi, onun fikrincə bu, oral seksi xatırladırdı.

Bu andan etibarən Məmmədov qeyri-rəsmi lider olur və maraqlı televiziya uğrunda mübarizə aparır. Köhnə populyar proqramları müdafiə etməyə çalışır, yeni formatlar üzərində çalışır. Sonda qalib gəlir. "Aşkar-inanılmaz" və "Nə? Harada? Nə vaxt?" proqramlarına onun xüsusi sevgisi var idi.

O, "Baharın 17 anı"ndakı almanların ağıllı göstərilməsini israr etdi. Sonra isə filmi məhz bu "ağıllılığ"a görə efirə vermək istəməyən Siyasi Büro ilə mübarizə apardı və qalib gəldi.
O, öz həyatinı riskə ataraq Qoskinin imtina etdiyi və təbliğat şöbəsində senarisinə stop qoyulmuş "Həmişə təmizlikdə" filmini çəkməyə Eldar Ryazanova arxa durdu. Film çəkiləndə isə onun ekranlara çıxmasına nail oldu.

“Vremya”, “Heyvanlar aləmində” və digər sevilən və 50 ilə yaxın efirləri bəzəyən layihələr məhz Ənvər müəllimin həmişəcavan, həmişəyaşar layihələrindəndir. 

Çox təəsüf ki, Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsindən dərhal sonra ermənilərin təzyiqi ilə bu dahi şəxsiyyət Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı.

Surxay Atakişiyev, Bizim.Media
 














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin