Azərbaycanın “brend” markalı neftinin bir bareli dünya bazarında 120 dollardan baha satılır. Bu isə o deməkdir ki, ölkəmizə neftdən gələn gəlirlərin həcmi son bir ildə ən azı 2 dəfə artıb. Ölkə büdcəsində gəlirlərin əsas hissəsi neft gəlirlərindən formalaşdığı üçün artan qiymətlər 2022-ci ilin Dövlət Büdcəsinə yenidən baxılmasını zəruri edir.
Nəzərə alaq ki, ötən ilin payızında qəbul edilən Dövlət Büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulmuşdu. Reallıqda isə qiymətlər nəzərdə tutulduğundan xeyli yüksəkdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisasi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti artıq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verildiyini bildirdi.
Millət vəkili qeyd edib ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil:
“Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil.
Digər tərəfdən, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırlacağı da gözləniləndir”.
Sonda Vüqar Bayramov ilin ikinci yarısında əmək haqlarından tutmuş infrastruktur layihələrinə qədər bütün sahələrə büdcə ayırmalarının kəskin şəkildə artacağını söyləyib.
Surxay Atakişiyev, Bizim.Media