Xəbər verdiyimiz kimi, ötən gecə Mingəçevirdə Kür çayında 11 sərnişinin olduğu qayıq batıb.
Bizim.Media-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq rəsmi qeydiyyata alınmayıb:
"Qayıq kuatar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ-salamat xilas edilərək sahilə çıxarılıb".
Mərbuat Xidməti həmçinin "qayığın sürücüsünün - 1995-ci il təvəllüdlü Bayramov Fərid Valeh oğlunun içkili olması" ilə bağlı dolaşan xəbərlərə də aydınlıq gəririb:
"Bizdə belə bir fakt və məlumat yoxdur".
*** 09.30
Mingəçevirdə Kür çayında hərbçilərin əyləşdiyi gəzinti qayığı qəzaya uğrayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kür çayının İnci kafesi yaxınlığından keçən hissəsində baş verib.
Amur tipli asma mühərrikli gəzinti qayığı hərbçi sərnişinlərlə hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Qayıq az sonra batmağa başlayıb.
Sərnişinlərin kömək çığırtılarına ərazidəki gəzinti və xilasetmə qayıqlarından çevik müdaxilə olunub. İlkin məlumata görə, batan qayıqdan suya atılan 11 sərnişin FHN əməkdaşları tərəfindən xilas edilib.
Qayıq Kür çayının dayaz nöqtəsində batıb. Onu tez bir zamanda əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.
Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.
Qeyd edək ki, bu tip qayıqlar 8 sərnişin üçün nəzərdə tutulsa da, 20 sərnişin götürmə imkanlarına malikdir.
Əldə etdiyimiz məlumata görə, hərbçilər qeydiyyatda olmayan qayıqla gəzintiyə çıxıblar.
Faktla bağlı araşdırma başlayıb.
Ehtiram Muradov, Bizm.Media, Mərkəzi Aran bürosu