Diplomatik nümayəndəliyin baş direktoru Kəlbəcərdə gördüklərindən danışdı - ÖZƏL

Hazırda oxunan: Diplomatik nümayəndəliyin baş direktoru Kəlbəcərdə gördüklərindən danışdı - ÖZƏL

77321

Mayın 31-də Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri baş tutub. Belə ki, Kəlbəcər rayonuna səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edib.

İşğaldan azad olunmuş ərazilərimizə səfərdə iştirak edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov səfər təəssüratlarını Bizim.Media ilə bölüşüb:

“İlk təəssüratımız o oldu ki, Kəlbəcər füsunkar təbiəti və turizm potensialı ilə heyrətləndirdi və inanırıq ki, gələcəkdə Azərbaycan bu fürsətdən, potensialdan istifadə edəcək. Gördüyümüz növbəti mənzərələrdən biri erməni vandalizmi, onların azərbaycan xalqına qarşı törətdiyi əməllərin izləri idi. Eləcə də səfər əsnasında 1992-ci ildə Kəlbəcərdə törədilmiş növbəti genosid aktının canlı şahidləri ilə söhbətimiz oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

"İƏT Modeli – 2022” proqramı üzrə simulyasiya oyunları keçirildi - FOTO 


İƏT rəsmisi qeyd edib ki, sözügedən məlumatları təşkilatın Gənclər Forumu ilə də bölüşəcək:

“Azərbaycan həqiqətlərinin İslam coğrafiyasında yayılmasına öz dəstəyimizi göstərməyə çalışacağıq. Acınacaqlı məqamlardan biri də o idi ki, ermənilərin Kəlbəcərdə məscidə qarşı törətdiyi vandalizmin şahidi olduq. Bu bizi həqiqətən də üzdü. Bu onu göstərir ki, ermənilər nəinki Azərbaycan xalqına, eləcə də onun mədəni irsinə qarşı vandalizm aktı həyata keçiriblər. Onların bu addımlarının bir məqsədi olub: burada yaşayan əhalinin gözünü qorxutmaq, onları Azərbaycan türkü, müsəlman olduğu üçün cəzalandırmaq”.

Vüsal Qurbanovun sözlərinə görə, bu həqiqətlər dünya ictimaiyyətində, xüsusilə də İslam coğrafiyasında əhatə edən gənclər şəbəkəsi arasında mütləq yayılmalıdır və onlar bu haqda məlumatlandırılmalıdır:

“Bunlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri də bizi sevindirdi və qısa zamanda bu bölgələrə Azərbaycan xalqının geri dönüşünü görmək bizim üçün xoş olacaq”
Müsahibimiz digər diplomatik korpus nümayəndələrinin də onunla bölüşdüyü səfər təəssüratlarını açıqlayıb:

“İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin, Fələstin və Pakistanın səfirləri ilə ünsiyyətdə olduq. Onlar da Kəlbəcərin turizm potensialını xüsusi olaraq vurğuladılar. Səfirlər Kəlbəcərin bir güllə belə atılmadan geri qaytarılmasını Azərbaycan Respublikasının Prezidentinin uğuru kimi qiymətləndirdilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin