Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadənin qanunazidd əməllərinin qarşısı alınıb.
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, mayın 31-də “TOYOTA PRİUS” markalı, 99-RT-704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı taksi sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı Vüqar Süleymanzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Özü ilə yanaşı taksi xidməti göstərdiyi müştərilərinin də həyatını təhlükəyə atan Vüqar Süleymanzadə barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bizim.Media