Sığınacaqlardakı uşaqların 90%-də vitamin D çatışmır

Hazırda oxunan: Sığınacaqlardakı uşaqların 90%-də vitamin D çatışmır

77019

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərində 4 uşaq sığınacağı və 1 uşaq reabilitasiya mərkəzində 19-24 may tarixlərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə keçirilib.  

Agentlikdən Bizim.Media-ya verilən xəbərə görə, tibbi müayinələrin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır. 

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub.

6 gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib. Onlara akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu və 8 nömrəli Uşaq Poliklinikasının pediatr, terapevt, nevroloq, oftalmoloq, kardioloq, ümumi-cərrah, otolarinqoloq və endokrinoloqdan ibarət həkim heyəti tərəfindən müayinə edilib. 

Uşaqların sağlamlığının ümumi vəziyyətini dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib.

Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib. Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb. Analizlərin nəticələrinə uyğun olaraq həkim pediatrlar tərəfindən müalicə üçün təyinat verilib. 

Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb.

Müayinə nəticələrinə əsasən 1 uşaqda anadangəlmə ürək qüsuru, 2 uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi), 1 yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və 1 qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb. Biri ürək əməliyyatı olmaqla 4 nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib. 

Ümumi-cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib. Bundan əlavə 22 nəfər oftalmoloji, 4 nəfər nevroloji və 3 nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunub.
Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. 1 nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib. 

Qeyd edək ki, sığınacaqdakı uşaqlar zəruri dərman preparatları və optik eynəklərlə ilə ödənişsiz təmin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin