Gözü yolda qalanlar OXUSUN: 1994-cü ildə Ağdamda şəhid olan iki hərbçimizin yeri bəlli oldu – Onlar KİMDİR?

Hazırda oxunan: Gözü yolda qalanlar OXUSUN: 1994-cü ildə Ağdamda şəhid olan iki hərbçimizin yeri bəlli oldu – Onlar KİMDİR?

76088

"1994-cü ilin yaz aylarında Ağdamın "Kökəltmə" istiqamətində erməni komandirlərlə görüşümüz baş tutdu. Əsas məqsəd hərbi əsirlərin mübadiləsi idi. Onda erməni komandir mənə bizim mövqelərin qarşısında olan, adını "286" saylı yüksəklik adlandırdığımız təpənin arxasında mənim bölüyümün iki şəhidin basdırdıqlarını dedi". 

Bu hadisəni Bizim.Media-ya keçmiş hərbçi Rizvan Əliyev danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Fərrux yüksəkliyində tapılan meyit qalıqları müayinədən keçiriləcək 


Əliyev Rizvan Nadir oğlu 1 may 1965-ci ildə Ağdam rayonun Xındırıstan kəndində doğulub. O, 1993-cü ildə ordu sıralarına qoşularaq birinci Qarabağ savaşında iştirak edib. Bir çox döyüş əməliyyatlarında iştirak edib. Bölük komandiri vəzifəsinə qədər yüksəlib. Elə bu vəzifənin icrası zamanı da Ağdam rayonu ərazisində minaya düşərək ölümcül yaralanıb. Hazırda ikinci qrup Qarabağ əlilidir.

Onun yaralanmadan öncə son hərbi əməliyyatı "Kökəltmə" adalanan ərazinin yaxınlığında yerləşən "286" adlanan yüksəkliyin azad edilməsi uğrunda aparılan hərbi əməliyyat olub: 

"1994-cü ilin yanvar ayının 16-sında təpəyə hücum etdik. Gərgin döyüşlərdən sonra həmin yüksəkliyi düşməndən azad edə bildik. Biraz sonra düşmən artilleriyasının oranı atəşə tutması nəticəsində panellər çökdü. İki hərbi qulluqçumuz həmin beton panelin altında qalaraq şəhid oldu. Orada bir erməni meyidi də varıydı. Döyüş başladığı üçün çıxarmaq mümkün olmadı. Çox təssüf ki, ermənilərin əks hücumu nəticəsində yüksəklik yenidən işğal altına düşdü. Meyidlər də orada qaldı. Onlar Ağdam rayon Ətyeməzli kəndindən olan Ağayev Nüsrət Aydın oğlu və Bakı şəhərindən olan "Makedon" ləqəbli döyüşçü Pərvizin meyidi idi" - deyir, Rizvan Əliyev. 

Həmsöhbətimiz bildirir ki, bu hadisədən təxminən üç ay sonra erməni komandirlərlə görüş zamanı həmin şəxslərin meyidini elə "286" yüksəkliyinin arxasında basdırdıqları deyilib. Razılaşmaya görə növbəti görüşdə həmin meyidlərin götürülə biləcəyi bildirilib.
 

Lakin sonuncu humanitar məqsədli görüşdən bir neçə gün sonra komandir Rizvan Əliyev "OZM-72" tipli minanın partlaması nəticəsində ağır yaralanır və uzun müddət komada qalır. Bundan sonra isə atəşkəs müqaviləsi imzalanır. 


R.Əliyev deyir ki: "Hazırda itkin düşmüş şəxs kimi qeyd olunan hər iki hərbi qulluqçunun meyidini özüm gözümlə görmüşəm. Əgər mənim sonuncu görüşdüyüm erməninin sözlərinə inansaq onların meyidi təpənin arxa tərəfində basdırılıb. Ümid edirəm ki, sonrakı qazıntılar zamanı mənim nəəşlərın qalıqlarının yeri dəyişdirilməyib. Və... Onlar tapılaraq ailəsinə təhvil verilər". 

Qəhramanımızın sözünə qüvvət: Əgər erməni zabiti görüş zamanı həqiqəti deyibsə, deməli daha iki gözü yolda olan ailənin evində ümid çırağı yanacaq. Hələ gələcəkdə də belə faktlar çox aşkarlanacaq. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin