NATO qarşısında TƏLƏB - Türkiyə İsveç və Finlandiya üçün hansı şərtləri irəli sürüb?

Hazırda oxunan: NATO qarşısında TƏLƏB - Türkiyə İsveç və Finlandiya üçün hansı şərtləri irəli sürüb?

75946

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin tələblərilə razılaşmalı olub. Belə ki, bu iki ölkənin liderləri Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşündən sonra keçirilən brifinqdə bildiriblər ki, Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı fikir ayrılıqlarını həll etmək üçün Türkiyə ilə işləyir və Ankaranın bu kontekstdə qaldırdığı təhlükəsizlik problemlərinin həllinin zəruri olduğu ilə razılaşırlar. 

Finlandiya prezidenti Sauli Niinistö qeyd edib ki, Helsinki Türkiyə ilə yaxşı ikitərəfli münasibətləri ilə fəxr edir.

“Biz razıyıq ki, Türkiyənin bir NATO üzvü kimi təhlükəsizlik məsələləri həll olunmalıdır. Biz terrorla mübarizəyə ciddi yanaşır və terrorçuluğun bütün formalarını pisləyirik”. 

Finlandiya və İsveç rəsmilərinin belə bir açıqlaması o anlama gəlir ki, hər iki ölkə NATO qapılarının üzlərinə açılması üçün Ankaraya güzəştə getmək niyyətindədir. Aydın məsələdir ki, onların belə mövqe bildirmələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tutduğu prinsipial və qəti mövqedən qaynaqlanır. Belə ki, Ərdoğan sözügedən iki ölkənin terrora qarşı qəti mübarizə aparmadığı, PKK terrorçularına yer verməyi dayandırmadığı təqdirdə, NATO-ya üzvlüyünün mümkünsüz olduğunu deyib.

Türkiyə Prezidenti NATO-nu terror təşkilatlarının yuvasına çevrilməkdən qorumaq üçün belə bir addımın atılması vacibliyini vurğulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoyub" – “Financial Times” 


Çox güman ki, bu mənada Vaşinqtonda İsveç və Finlandiya liderlərinə anladıblar ki, Şimali Avroatlantika alyansına üzv olmaq üçün Türkiyənin tələblərinin yerinə yetirilməsindən başqa digər çıxış yolları yoxdur. Ona görə də həmin ölkənin liderləri sonda yuxarıda qeyd edilən bəyanatla çxıış ediblər. 

Belə olan halda, gözləniləndir ki, Türkiyənin dəstəyinji almaq məcburiyyətində qalan tərəflər mövqeləri yaxınlaşdırmaq üçün bəzi güzəştlərə gedəcək. Bu güzəştlər isə Finlandiya və İsveçdə yuva salan PKK ünsürlərinin neytrallaşdırılması, onların bu ölkələrdəki müxtəlif qruplarının fəaliyyətinin qadağan edilməsi istiqamətində ola bilər. Ancaq bütün hallarda PKK ünsürlərinin Türkiyəyə ekstradisiyası inandırıcı deyil.

Ola bilsin bundan sonra həmin ünsürlər başqa ölkələrdə, məsələn, Finlandiya və İsveçə qonşu olan Norveç və Danimarkada fəaliyyətlərini davam etdirsinlər. 

Bu müstəvidə ABŞ-da Ankaranı razı salmaq üçün bəzi məsələlərdə onun maraqlarına cavab verən addımlar ata bilər. Ağ Ev Ankaraya F-16, F-35 qırıcı təyyarələrinin verilməsinə yəqin ki, yaşıl işıq yandıracaq. 
 

Bir sözlə, NATO gözəl anlayır ki, İsveç və Finlandiyanın quruma üzv olması Türkiyənin istəyinin tam olmasa da, əsas məqamları nəzərə alaraq müəyyən dərəcədə həyata keçməsindən asılıdır. Bu da deməyə əsas verir ki, bu məsələdə Türkiyəyə güzəştə gediləcək. 


Onu da qeyd edək ki, bu günlərdə həm İsveç, həm Finlandiya rəsmilərinin danışıqlar aparılması üçün Türkiyəyə səfəri planlaşdırılır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin