Qərbin QÜRUBU, yoxsa Lö Pen, Şröder, Berluskoninin SİYASİ ƏXLAQSIZLIĞI

Hazırda oxunan: Qərbin QÜRUBU, yoxsa Lö Pen, Şröder, Berluskoninin SİYASİ ƏXLAQSIZLIĞI

75513

Bəzi Avropalı siyasətçilərin 30 ildə davam edən və xüsusilə Vətən müharibəsi dövründə açıq şəkildə özünü biruzə verən ikili standartları şübhəsiz ki, hər kəsə məlumdur. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın vəziyyətinə qədər bir çox sahədə bu ikili standartların şahidi olmuşuq.

Arxada qoyduğumuz illər ərzində öz fəaliyyətlərini müxtəlif adlar altında pərdələyən bu cür siyasətçilərin nə üçün ikili standartlardan çıxış etməsini, açıq şəkildə görünən həqiqətləri görməzdən gəlmələrini mənalandırmaq çətin olub.

Lakin bu gün Avropa siyasətində özünü göstərən tendensiyalar baş verənlərin heç də səbəbsiz olmadığını, əslində uzun illər davam edən sistemli fəaliyyətin nəticəsi olduğunu deməyə əsas verir. Bütün daşların öz yerinə oturduğu qlobal böhran anlarında hər şey öz çılpaqlığı ilə gün üzünə çıxır, kimin kim olduğunu daha yaxşı görünür.
 

MÖVZU İLƏ BAĞLI:

PANDEMİYA – ABŞ-ın yeni imperalizm siyasətinin arxasında nə dayanır?


​​​​​​​Avropa siyasilərinin Rusiya sevgisinin səbəbləri

Artıq 3-cü aydır ki, davam edən Rusiya-Ukrayna münaqişəsi məhz bu cür qlobal böhran anlarından biridir. Bütün Qərbin Rusiyaya qarşı birləşdiyi və ortaq müharibə strategiyası hazırladığı vaxtda bəzi avropalı siyasətçilər bizə çoxdan bəlli olan ikili standartları yenidən işə saldılar.

Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, Fransa siyasi dairələrinin Rusiyaya üstüörtülü dəstəyi və proseslərin nəticəsini gözləməyə meylli olmaları xüsusilə diqqət çəkən məqam oldu. Halbuki bu zamanlar bəşəri dəyərlərin hər zamankindən daha çox müdafiə olunmasına ehtiyac olduğu zamanlar idi.

Fransada prezidentliyə namizədlər Marin Lö Pen və Valeri Pekres kimi siyasətçilərin Rusiya ilə yaxın əlaqələri və Rusiya xüsusi xidmət orqanları ilə təmasları məlum oldu. Keçmiş prezident Nikola Sarkozinin Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi, Valeri Pekresin SSRİ dövründən Rusiya ilə sıx münasibətlərinin və Marin Lö Penin isə Rusiya ilə ciddi maliyyə bağlarının olduğu ortaya çıxdı.

Bu məqamda Ukrayna prezidenti Volodimir Zelinskiyə ölkədən qaçmağı və Rusiya qarşısında güzəştə getməyi təklif edən Emmanuel Makronu, Rusiya şirkətləri ilə şübhəli əməkdaşlığı ortaya çıxarılan Gerhard Şröderi və Putinin sevimli dostu Berluskonini də xatırlatmaq yerinə düşər.

Rus oliqarxların qucağından erməni lobbisinin qucağına

Zənnimizcə bu faktlar 2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasının qarşısını alan, bu gün isə hər iki təşkilata üzvlüyünü bloklayan Fransa və Almaniyanın siyasi dairələrinin davranışlarını mənalandırmaq üçün yetərlidir.
Çünki Rusiyaya məxsus iri şirkətlərlə şübhəli əməkdaşlığa cəlb edilən və Rusiyanın Qərbdə lobbiçiliyini aparan siyasətçilərin Ukrayna məsələsində fərqli mövqe nümayiş etdirməsini necəsə pərdələmək mümkün deyil.

Deməli uzun illər Rus oliqarxları ilə yaxın münasibətlər, qazanılan milyonlar Lö Pen, Sarkozi, Pekres, Şröder kimi siyasətçiləri satın almağa, istənilən bəşəri ideyaları görməzdən gəlməyə yetirmiş.

O, zaman haqqlı olaraq Fransa və Almaniyanın rəsmi şəxslərinin, o cümlədən Avropa Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli mövqeləri heç də təsadüfi sayıla bilməz.
Məhz bu məqamda uzun illərdən bəri Azərbaycanın beynəlxalq arenada məruz qaldığı ikili standartların, Avropadakı erməni təəssübkeşliyinin, Fransa dövlətinin Ermənistan sevgisinin səbəbləri bir daha aydın olur. 

Rus oliqarxlarının qarşısında cılızlaşmış siyasətçilərin daha kimlərin qarşısında hansı vəziyyətlərə düşdüyünü təsəvvür etmək elə də çətin deyil. Özlərini Rusiyanın vassalı hesab edən Ermənistan rəhbərliyinə qarşı Fransanın dövlət səviyyəsində verdiyi dəstəyin gücləndirilməsi də Avropa siyasətçilərin yeni trendinə ən bariz nümunədir. 

Xüsusilə Fransa başda olmaqla Qərbdə erməni diasporasının ciddi nüfuzunu və maliyyə yükünü nəzərə aldığımızda hər şey və hər kəs öz yerinə oturdulmuş olur. Deyəsən, Osvald Şpenqlerin bir əsr əvvəl öncəgörməsini etdiyi “Qərbin qürubu” bəzi Avropalı siyasətçilərin simasında bu gün həqiqətə çevrilir. 

Rəvan Əliyev. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin