Təhsil Nazirliyi yanında İctimai Şuradan Etibar Əliyevin iradlarına CAVAB – ÖZƏL 

Hazırda oxunan: Təhsil Nazirliyi yanında İctimai Şuradan Etibar Əliyevin iradlarına CAVAB – ÖZƏL 

74784

Xəbər verdiyimiz kimi, millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev məktəblərdə direktor təyinatları ilə bağlı şübhəli məqamlarla bağlı iddia ilə çıxış edib.

Belə ki, deputat 210 nömrəli tam orta məktəbə direktor 95 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva və 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyevin birbaşa təyin olunduğuna irad bildirib.

Etibar Əliyevin sözlərinə görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə də iştirak etməyiblər.

İctimai Şura isə deputatın iddialarına əsasən, Təhsil Nazirliyinə soğru ünvanlayıb və verilən cavabda sözügedən təyinatların müsabiqə şərtlərinə uyğun olaraq həyata keçirildiyi bildirilib.

Lakin Etibar Əliyev İctimai Şuranın müvafiq cavabını da narazılıqla qarşılayaraq, onları Nazirliyin istəyinə uyun cavab verməkdə və özünün müzakirələrdə iştirakının təmin edilməməsində ittiham edib.

Məsələ ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Bizim.Media-ya verdiyi açıqlamada millət vəkilinin iddialarına aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Etibar Əliyev İctimai Şuraya SƏSLƏNDİ – Məktəblərdə direktor təyinatları niyə qapalı aparılır?


Günel Səfərova qeyd edib ki, İctimai Şura Təhsil Nazirliyinin istəyinə uyğun cavab verməyib:

“Nazirliyə bu məsələ ilə bağlı sorğu göndərmişik və verilən açıqlama sorğunun cavabıdır. Məktəb direktorunu təyin etmək, işə götürmək, yaxud işdən çıxarmaq İctimai Şuranın səlahiyyətində deyil. Etibar müəllim narahatlığını ifadə edib, biz də aidiyyatı quruma müraciət etmişik. Biz, İctimai Şura olaraq məsələnin daha geniş araşdırılması üçün addımlar atacağıq və sabah iclas keçiriləcək. Etibar müəllimin iştirakı ilə əsas narahatlıqların nədən ibarət olduğunu müzakirə edəcəyik”.  

Sədrin sözlərinə görə, İctimai Şura yarandığı gündən hər həftə iclas keçirib və yaranan problemlərlə bağlı Təhsil Nazirliyi müvafiq cavabları verib:

“Başa düşürük ki, təhsil həssas bir sahədir. Lakin İctimai Şuradan təhsil sahəsində köklü islahatlar tələb etmək, yəqin ki, sadəlöhvlük olardı. Amma biz istənilən məsələyə, hətta səlahiyyətimizdə olmasa belə, vətəndaşların şikayətlərinin izlənilməsinə nəzarət edirik. İctimai Şura ictimai müzakirə platformasıdır və açığı sözügedən problem bizim iclaslarımızda daha əvvəl qaldırılmayıb. Sabah keçiriləcək iclasın nəticəsində Etibar müəllimin eyni narahatlıqları daşıdığını görsək, yenə də müvafiq addımları atacağıq”.

Günel Səfərova bildirib ki, açıqlama kimisə qane edə, kimisə etməyə bilər:

“Lakin məlumdur ki, bütün işə qəbul məsələləri Təhsil Nazirliyində elektronlaşdırılıb. Təbii ki, direktorların uzun müddət eyni məktəbdə işləməsi, yerdəyişmə kimi məsələlərdə problemlər var, bunun müəyyən əsasları var. Lakin biz ictimai müzakirədə çəkinmirik. Əgər problem kiminsə hərəkətsizliyindən, kiminsə prosesə mane olmasından, sistemdəki boşluqdan qaynaqlana bilər. Biz, məsələni araşdırıb, nazirliyə müvafiq müraciəti ünvanlayırıq. Bizdən fərqli olaraq, Etibar müəllim millət vəkilidir və qanunvericilik strukturunu təmsil edir. Onun bu prosesi töhfəsi məndən daha çox ola bilər. Çünki onun qanunlar təklif etmək səlahiyyəti var”. 

Günel Səfərova Etibar Əliyevin sözügedən məsələlərin müzakirəsində iştirak etməməsi ilə bağlı iradına da münasibət bildirib:

“Sorğu Etibar müəllim tərəfindən verilib və sualları qarşı tərəfə biz ötürməliyik. Həm sorğunu verib, həm suala cavab vermək doğru deyil. Bu çox sadə bir məntiqdir. İctimai Şura onun tərəfindən qaldırılan məsələyə araşdırıb cavab verməli idi. Əgər Etibar müəllim müzakirələrdə mütləq iştirak etmək istədiyini bildirsə idi, bizim belə bir məhdudlaşırmamız yoxdur”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin