Rəşad Dağlı kimlərdən və nəyə görə üzr istəməyə məcbur edildi? – TƏFƏRRÜAT

Hazırda oxunan: Rəşad Dağlı kimlərdən və nəyə görə üzr istəməyə məcbur edildi? – TƏFƏRRÜAT

74758

Məlum olduğu kimi bu günlərdə Masallıda toyda olan Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə edib: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. 

İlk baxışdan sıradan bir deyim, heç bir siyasi yükü olmayan fikirdir. Di gəlki, fars şovinizminin Azərbaycandakı tərəfdarları az qaldı ki, Rəşad Dağlını daş-qalaq etsinlər.

Meyxanaçıya təzyiq o qədər güclü oldu ki, sonda o çıxıb sosial şəbəkələrdə dediyi qafiyəyə görə üzr istədi. Doğrudur Rəşad üzrxahlıq etdiyi ünvanı konkret göstərmədi. Amma dediyindən belə çıxdı ki, onu hədələyən və təzyiq edənlər Arazın o tayında deyil, məhz Azərbaycandadır. Bu isə istər-istəməz adamı düşünməyə vadar edir. Doğrudanmı İran İslam Respublikayının yaradıcısını ölkəmizdə bu qədər sevirlər?  

Düzü buna inanmaq heç də asan deyil. İnanılası gələnsə odur ki, hələ də ölkəmizdə 5-ci kalonun İran qanadı aktiv fazadadır. Və onlar hər fürsətdə öz qorxunc və bəd niyyətlərini biruzə verirlər.

Xomeyni və Behçəti hansı ölkənin vətəndaşı və lideridir?

Kimsə deyə bilər ki, “Xomeyni də, Behçəti də tanınmış din xadimi, ayətulladır. Və buna görə də onlara məzhəkə qoşmaq olmaz”. Olsun…Amma gəlin görək bu adamlar hansı dövlətin xadimləridir. Təbii ki, qonşu İranın. O İranın ki, 44 günlük müharibədə, ondan əvvəl və sonra da hər zaman ermənilərə göstərdikləri dəstəklər yadımızdadır. 

“N” qədər belə faktlar sadalamaq olar. Bəs elə isə bizə hər zaman yuxarıdan aşağı baxan məmləkətin ayətullaları nəyə görə Azərbaycanda dini lider kimi tanınır? Nəyə görə onlar bu qədər müdafiə və təbliğ olunur? 

Rəşad Dağlını hədələyənlər Allahşükür Paşazadəni niyə müdafiə etmirlər?

Sualın cavabı çoxlarına bəllidir: ”Dava yorğan davasıdır”. Bu yerdə həmin şəxslərdən soruşmaq istərdik ki,Allahşükür Paşazadəni niyə bu qədər canfəşanlıqla müdafiə etmirsiniz? Axı, bizim dini liderimiz məhz bu adamdır.  

Məlumdur ki, mətbuatımızda və sosial şəbəkələrdə haqlı-haqsız Şeyx haqqında müxtəlif fikirlər səslənir. Bəzən təhqir belə olunur. Amma Xomeyni və Behçəti üçün sıyrılıb ortaya düşən, lazım gələndə hədə-qorxudan da çəkinməyən həmin “soydaşlarımız” nədənsə belə zamanlarda ortalıqda görünmür. Hələ ölkəmiz haqqında hədyanlar danışan Avropadan mayalanan tör-töküntüləri demirik. Avropalılara “kafir” kimi baxan iransevərlər heç olmasa onda dillənsinlər.

Çünki, siyasətdə “düşmənimin düşməni mənim dostumdur” prinsipi var. Axı, biz din qardaşlarıyıq.

Normalda “kafir”ə qarşı vahid cəbhədə birləşmək islamdan gələn ana xəttir. Bəs Xomeynini müdafiə edən “soydaşlarımız” öz millətlərinin mənafeyi üçün niyə ayağa qalxmırlar? Həmin ayətullaların xələfləri olan İranın indiki dini liderlərinə deyilmir ki, “Avropaya diliniz çatmırsa, heç olmasa əliniz çatan Ermənistanı müdafiə etməkdən əl çəkin”. “Kafir” erməninin yox, din qardaşınız olan azərbaycanlıların yanında dayanın.

Deməzlər. Çünki, Rəşad Dağlını hədələyənləri nə fars rejimi, nə erməni vəhşiliyi, nə də ki, Azərbaycanın mənafeyi maraqlandırmır. Onları maraqlandıran Arazın o tayından gələn çirkli pulların kəsilməsi qorxusudur.

Surxay Atakişiyev, Bizim. Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin