Qarabağ Dirçəliş Fondunun ilk iclası keçirildi - YENİLƏNİB

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondunun ilk iclası keçirildi - YENİLƏNİB

7468

Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.

Əvvəlcə Müşahidə Şurasının üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönələcəkdir. Bu məqsədlə ölkə Prezidentinin fərmanı ilə Fondun qarşısında ciddi vəzifələr müəyyən edilib.

İclasda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə hazırda təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar.

Vurğulanıb ki, işğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcəkdir. Proqramın qısa müddət ərzində hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.

Qarabağ Dirçəliş Fondu bərpa işlərinin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, Azərbaycanda və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsinə dəstək verəcəkdir. Ölkə Prezidentinin Fərmanı ilə Fondun əsas maliyyə mənbələri müəyyən edilib.

Müşahidə Şurasının üzvləri Fondun fəaliyyətinin şəffaflıq, ictimai açıqlıq, habelə özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq prinsipləri əsasında qurulmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Fond özəl sektorun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini, layihə və təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, onlara bütün zəruri hüquqi-təşkilati dəstək göstərəcəkdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların və beynəlxalq donor qurumlarının cəlb olunması xüsusi diqqətdə saxlanılacaqdır.

Müşahidə Şurasının iclasında bir sıra təşkilati-inzibati məsələlər də müzakirə olunub, Fondun tam fəaliyyətə başlaması üçün zəruri hüquqi prosedurların qısa müddətdə tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

***

Bu gün Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.

Bizim.Media-nın məlumatına görə, iclasda fondun fəaliyyət istiqamətinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Müşahidə Şurasının üzvlərindən bu istiqamətdə 2 həftə ərzində təkliflərini təqdim etmələri istənilib.

Növbəti iki həftə ərzində Prezident Administrasiyası tərəfindən Fondun nizamnaməsinin layihəsi hazırlanacaq. Nizamnamə qəbul edildikdən sonra konkret istiqamətlər üzrə görüləcək işlər bir daha müzakirə olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 4 yanvar tarixli fərmanına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi yaradılıb.

Eyni zamanda dövlət başçısının 4 yanvar tarixli sərəncamına əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin