BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada axtardığını Qarabağda niyə görmür? - ŞƏRH

Hazırda oxunan: BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada axtardığını Qarabağda niyə görmür? - ŞƏRH

74627

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğu Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb. Prokurorluğun əsas məqsədi Rusiya qoşunlarının hərbi və insanlığa qarşı cinayətlər törətməsi haqda ittihamları araşdırmaqdır.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan bildirib ki, “Gələn həftə 42 müstəntiq Ukraynaya göndəriləcək. Bu, mənim institutumun indiyə qədər həyata keçirdiyi ən böyük göndərişdir. Onlardan 30-u Hollandiya hökuməti tərəfindən, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər tərəfindən ezam olunub”.
Təqdir ediləsi haldır. Çünki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, cinayətlər araşdırılmalı və mütləq şəkildə günahkarlar cəzalandırılmalıdır. Bu mənada Ukrayna-Rusiya hərbi münaqişəsində mülki şəxslərin, xüsusilə də uşaqların qətl edilməsinin araşdırılması və gələcəkdə günahkarların tapılıb cinayət məsuliyyətinə cəlb edilməsi ədalətin təntənəsi olar. Xatırladaq ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında qeyd edilir ki, “Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində fevralın 24-dən mayın 1-dək 3 min 153 nəfərin öldürülüb, 3 min 316 dinc sakin xəsarət alıb”.

Yada salaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Ukraynada baş verən münaqişədə baş verən cinayətlər məhz Roma Əsasnaməsinə uyğun aparılacaq. Çox yaxşı... 

Beynəlxalq Cinayət Məhkəməsindən ikili yanaşma

Ukraynada baş verən cinayətlərin obyektiv və ədalətli araşdırılmasını bəlkə də hamıdan çox Azərbaycan istəyir. Çünki, son 100, xüsusilədə axır 30 ildə Azərbaycan xalqı dəfələrlə soyqrımına və terrora məruz qalıb.
1990-cı illərin əvvəlində Quqarkda, Meşəlidə, Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində yüzlərlə soydaşımız məhz azərbaycanlı olduğuna görə ermənilər tərəfindən qətlə yetirilib. Qətlə yetirilənlərin böyük əksəriyyəti uşaqlar, qadınlar və ahıl vətəndaşlardır. Bundan əlavə 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər, Ağcəbədi, Goranboy və digər yaşayış məntəqələrində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan əlavə 12 min 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Çox təəssüf ki, erməni vəhşilikləri bütün dünyanın gözü qarşısında baş versə də aparıcı dövlətlər və beynəlxalq təşkilatlar hər zaman görməməzlikdən gəlib. Üstəlik. Azərbaycan dövlətinin və qeyri-hökümət təşkilatlarının müraciətləri Beynəlxalq təşkilatlar tərəfindən kifayət qədər diqqətə alınmayıb. 
Ukrayna-Rusiya münaqişəsi hələ bitməyib, baş verən faciənin miqyası və təfərrüatı tam öyrənilməyib, lakin bir sıra dövlətlər artıq Ukraynada baş verənləri soyqrımı kimi qəbul ediblər. Amma Xocalıda və yuxarıda adlarını çəkdiyim ərazilərdə azərbaycanlılara qarşı törədilən insanlığa sığmayan vəhşiliklərlə bağlı Qərb dövlətləri birmənalı şəkildə  susub. Və bu susqunluq bu gün də davam etməkdədir.

Yada salaq ki, fevralın 24-də Ukraynada ilk silah səslərinin eşidilməsindən cəmi bir həftə sonra Beynəlxalq Cinayət Məhkəməsi hərəkətə keçdi. Yenə deyirəm, hələ ortada konkret fakt və sübut olmamasına rəğmən... Amma əsrin faciəsi olan Xocalı soyqrımı barədə konkret faktlar, video-foto görüntülər olmasına baxmayaraq beynəlxalq təşkilat 30 ildir ki, kor və kar olub. Və bu gün də bu susqunluq davam edir. Son 30 ildə onlarla vətəndaşımız minaların qurbanına çevrilib. 

44 günlük müharibədə qazandığımız möhtəşəm qələbədən 1.6 il keçir. Lakin işğaldan azad olunmuş ərazilərin sakinləri öz dədə-baba yurdlarına qayıda bilmir. Səbəbsə çox sadədir.

Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana vermir. Dünyanın aparıcı dövlətləri isə Ermənistana “gözün üstündə qaşın var” demir. Məhz bu laqeydliyin nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə tez-tez minalar partlayır, insanlar həyatlarını itirir. Avropa dövlətləri, ABŞ və beynəlxalq təşkilatlar isə bu dəhşətlərin heç birini görmür.

Daha doğrusu görməməzlikdən gəlir. Amma Ukraynada baş verənlər üçün bütün dünya ayağa qalxıb. Hamı cinayətkarın cəzalandırılmasını tələb edir. Bəs ermənilərə qarşı bu sərt mövqe niyə nümayiş etdirilmir? Bəyəm Qarabağda və ətraf ərazilərdə həlak olanlar insan deyil? 
Görünən odur ki, insani dəyərlərdən və qanunun aliliyindən dəm vuran Qərb dövlətləri heç də adil və insanpərvər deyillər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin