Avropa nə üçün Rusiya qazı asılılığından azad ola bilmir? – Amerikada yaşayan ekspert səbəbləri açıqladı - ÖZƏL

Hazırda oxunan: Avropa nə üçün Rusiya qazı asılılığından azad ola bilmir? – Amerikada yaşayan ekspert səbəbləri açıqladı - ÖZƏL

74621

Gulf State Analytics-in (GSA) analitiki, Amerikada yaşayan beynəlxalq ekspert Ümid Şükri Rusiya Neft və Qazından imtina edən Avropanın yeni enerji mənbələrindən istifadə üçün yaşadığı çətinlikər ilə bağlı Bizim.Media-ya müsahibə verib.

- Enerji böhranı və Rusiyanın Ukraynaya müdaxiləsi, enerji resurslarının şaxələndirilməsi məsələsini Avropa hökumətləri üçün getdikcə daha vacib edib. Rusiya Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Rusiya Avropanın təbii qaz və kömürünün təxminən 40 faizini və neftə olan tələbatının isə dörddə birini təmin edir. Rusiya son illərdə dəfələrlə geosiyasi enerji silahlarından istifadə edib və enerji böhranının davam etməsi və Rusiyanın Ukraynaya müdaxiləsi narahatlıqları artırıb.
Avropanın enerji portfelində Rusiya təbii qazını əvəz etmək üçün Avropa və ABŞ-ın birgə səylərinə baxmayaraq, heç bir ölkə qısa müddətdə Rusiyanın Avropa bazarındakı payını ələ keçirə bilməyib.

 - Uzun illərdir sanksiyalar altında olan və hazırda danışıqlar aparılan İran bu mənada Avropa üçün Rusiyanı əvəzləyə bilərmi?

- İran tezliklə Avropaya əhəmiyyətli təbii qaz ixracatçısı ola bilməz. İranda daxili enerji istehlakı ötən ilin yanvarında rekord həddə çatıb. İranın elektrik stansiyaları, əsas sənayeləri, yerli və kommersiya sektorları həmin ay 788,9 milyon kubmetr istehlak edib. İranın daxili ehtiyacları üçün təbii qazın istehsalı və istehlakı, hətta Tehrana qarşı sanksiyalar qaldırılsa belə, Avropa sifarişlərini yerinə yetirmək ümidlərini istisna edir.

Bundan əlavə, İranın Avropa İttifaqının LNG(maye təbii qaz) təchizatçısına çevrilməsi üçün xeyli xarici investisiya və texnoloji inkişaf tələb olunacaq, çünki Qərb sanksiyaları son on ildə onun qaz hasilatı texnologiyasının modernləşdirilməsinə mane olub.

Əslində hasilatı və ixracı artırmaq üçün yeni texnologiyalara malik xarici investorlar vacibdir. Bunları qəbul etmək üçün əvvəlcə Vyanada İranın nüvə danışıqları uğurla yekunlaşmalı və sanksiyalar aradan qaldırılmalıdır.

İran öz daxili təbii qaz ehtiyacını ödəmək üçün artıq son aylarda İraq və Türkiyəyə ixrac etdiyi qazın həcmini azaldıb və qonşuları üçün çoxlu problemlər yaradıb. Ümumilikdə, İranın orta və uzunmüddətli perspektivdə Avropanın təbii qaz təchizatçısı ola biləcəyini təsəvvür etmək olar. Bununla belə, Tehran digər sanksiyaların ləğvini təmin etmək istəyirsə, ilk növbədə ballistik raket proqramı və regional silahlı qruplara dəstək kimi digər mübahisəli məqamları həll etməlidir. Əks halda, Tehranın müasir texnologiyaya və xarici maliyyə resurslarına çıxışının olmaması - Maliyyə Fəaliyyət İşçi Qrupu (FATF) tərəfindən qara siyahıya salınması ilə daha da pisləşən problemlər - o deməkdir ki, hazırda Rusiya təbii qazını əvəz etmək üçün bu əlverişli variant deyil.

- Bəs Azərbaycan necə, Avropa üçün qaz ixracatçısı kimi hazırda  nə dərəcədə əhəmiyyətlidir?

- Aİ-nın enerji üzrə komissarı Kadri Simson 22 yanvar 2022-ci il tarixində Enerji Şurasının qeyri-rəsmi iclasından sonra bildirib ki, Avropa Komissiyası digər mühüm təbii qaz ixracatçısı olan Azərbaycanla da enerji əlaqələrini davam etdirir ki, bu da  tədarükün artırılmasıdır.

Yanvarın 28-də Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın təbii qaz hasilatını və lazım gələrsə, Avropaya ixracını artırmağa hazır olduğunu açıqlayıb. Elin Süleymanovun sözlərinə görə, Bakı Türkmənistandan qazı Xəzər dənizindəki yataqlardan da nəql edə bilər.
Beynəlxalq Enerji Agentliyi (IEA) Avropanın qaz çatışmazlığını əsasən Rusiya ilə əlaqələndirdi. BEA-nin icraçı direktoru Fatih Birol, qazın qiymətinin yüksək olduğu bir vaxtda “Qazprom”-un 2021-ci ilin dördüncü rübündə Avropaya ixracını azaltdığını bildirdi.

Rusiyanın çatışmazlığını ödəmək üçün Norveç, Əlcəzair və Azərbaycan daha yüksək həcmdə qaz nəql edirdilər. Xam neftin qiyməti 2021-ci ilin sonunda bütün dünyada artıb, bu, həm biznes, həm də istehlakçılar üzərində tətbiq olunan təzyiqlərə Avropanın daha həssas olmasına və avrozonada rekord səviyyəyə çatan inflyasiya səviyyəsinə səbəb olub. Nisbətən mülayim hava şəraitinə və ABŞ-dan qaz axınına baxmayaraq, Avropanın şimal-qərb regionunda topdansatış qazın qiymətləri 2021-ci ilin yanvar ayı ilə müqayisədə təqribən üç dəfə bahadır. Analitiklərin fikrincə, soyuq temperaturun yenidən artması və qazın aşağı səviyyədə saxlanması qiymətlərin daha da artmasına səbəb ola bilər.

- Amerika Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq üçün nəyi hədəfləyir?

- Birləşmiş Ştatlar Avropanın Rusiya qazından asılılığının qarşısını almaq üçün çoxşaxəli səylər göstərir. Vaşinqton qəsdən Avropaya öz LNG ixracını artırıb və ABŞ diplomatları Qətəri ABŞ-ın ənənəvi müttəfiqi kimi Aİ-nın enerji təhlükəsizliyini dəstəkləyərək, Avropanın təbii qaz ehtiyaclarının bir hissəsinin ödənilməsinə kömək etməyə inandırmağa çalışırlar.

Eyni zamanda, Vaşinqton Putinin bu layihə vasitəsilə Avropanın Rusiya enerji resurslarından asılılığını qəsdən artırmaq istəməsindən ehtiyat edərək Avropanı “Şimal axını 2” layihəsi vasitəsilə Rusiya qazının ixracına mane olmağa çağırıb.

Lakin hətta Qətər Baydenin təklifinə müsbət cavab versə belə, onun kiçik LNG ixrac qabiliyyəti və Avropa enerji səbətindəki kiçik payı qısa müddətdə Rusiyanın Avropa enerji bazarındakı payını əhəmiyyətli dərəcədə azaltmayacaq.

Qətərdən idxal Rusiyanın idxalını əhəmiyyətli dərəcədə əvəz etməzdən əvvəl, Avropa enerji infrastrukturuna və LNG anbarlarına investisiyaları əhəmiyyətli dərəcədə artırmalıdır. Üstəlik, Qətəri Avropaya qaz tədarük etməyə həvəsləndirmək üçün Avropa İttifaqı Dohaya daha yüksək qiymətlər təklif etməyi düşünməlidir və ya bəlkə də ABŞ-ın qaz tədarükünə təklif olunan qiymətə uyğunlaşdırmalıdır. 

- Sizcə, Moskva Rusiyanın Avropada enerji bazarındakı payının azalması ilə barışacaq?

- Moskvanın Avropa İttifaqında aktiv enerji diplomatiyası siyasətini nəzərə alsaq, Putin Rusiyanın Avropa enerji bazarındakı payının azalması ilə asanlıqla barışmayacaq və buna qarşı mübarizə aparmaq üçün çox güman ki, öz siyasətini həyata keçirəcək.

- Bəs Amerikanın  təklif etdiyi Afrikanın təbii qaz ehtiyatları Avropanı nə dərəcədə təmin etmək iqtidarındadır?

- Nigeriyanın “Hesse Rammel” qaz yatağından təbii qaz nəqli və Avropaya çıxarılması məsələsi illərdir nəzərdən keçirilir. Lakin bir çox səbəblər, o cümlədən Fransanın son illərdə kəmərin bəzi hissələrində nüvə sınaqları keçirməsi və bu ərazilərin ciddi təhlükəsizlik problemlərinin olması boru kəmərinin tikintisi prosesinə ciddi şəkildə problemlər yradır. 

- Əlcəzairin də Avropanın Rusiya enerjisindən asılılığını əvəzləyə biləcəyi ilə bağlı fikirlər var.

- Əlcəzairin əhəmiyyətli turizm və enerji potensialı var. Amma Əlcəzairin prioriteti İspaniya qarşısında öhdəliklərini yerinə yetirməkdir. Əlcəzair, Liviya və Misir, Afrikadan Avropaya əsas qaz qaynaqlarıdır və Avropanın artan enerji ehtiyaclarını nəzərə alsaq, bu resurslar kəmiyyət baxımından yetərli deyil.
Afrikanın təbii qaz ehtiyatları ən azı qısa müddətdə Avropa üçün kifayət etməyəcək. Amma bu, Avropanın enerji şaxələndirilməsi siyasətinin bir hissəsi hesab oluna bilər.

Əlcəzairin mövcud infrastrukturunu tamamlamaq və ölkə ilə təklif olunan boru kəmərinin keçdiyi ölkələr arasında siyasi gərginliyi həll etmək üçün xarici şirkətlərin sərmayəsi olmadan Avropa Əlcəzair və digər Afrika ölkələrindən təbii qaz idxalını artıra bilməyəcək.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin