“Bizim Barrel” - Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Hazırda oxunan: “Bizim Barrel” - Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

74295

Yola saldığımız həftə ərzində enerji bazarlarında maraqlı və təəccübləndirici hadisələr baş verib. Özü də təkcə adət etdiyimiz qlobal bazarlarda yox, elə öz bazarımızda da, hətta indiyə qədər baş verməyənlər də.

Yanacaq bazarı. Soruşa bilərsiniz ki, bizdə qiymət qalxmayıb, kimisə vəzifəsindən çıxartmayıblar, axı adamları təəccübləndirəcək nə baş verib onda! Elə məsələnin qəribəliyi də bundadır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti SOCAR-ın daim gözə görünən bir qurumunu cərimələyib. Söhbət “SOCAR Petroleum” şirkətindən gedir.

Özü də bilirsiniz niyə? Yanacağı topdan alanlar üçün aldıqları məhsulu qapılarına qədər çatdırmadığına görə. Və Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması nəticəsində “SOCAR Petroleum”un əldə etdiyi 27 mln 412 min 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. 

Ölkələrarası əməkdaşlıq. Bu nazirliyə bağlı daha bir maraqlı xəbər həftəninin gündəmi olub. Faşizm üzərindəki qələbə günündən dərhal sonra Türkmənistan prezidenti Sərdar Berdımühəmmədovun Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etməsi haqda Xəzərin o tayından xəbərlər yayıldı. Özü də rəsmi xəbərlərdə Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin artırılması, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi ilə yanaşı görüşdə neft-qaz sahəsində əməkdaşlıqğın da müzakirə obyekti olması bildirilib.

Azərbaycanın iqtisadiyyat nazirini həmçinin Türkmənistanın keçmiş prezidenti Qurbanqulı Berdımuhəmmədov da qəbuil edib. Amma bu görüşün təfərrüatlarını rəsmi Aşqabad açıqlamayıb, yalnız ümumi sözlərlə kifayətlənib.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Belə görünür ki, iki ölkənin “Dostluq” yatağında cəmləşən maraqlarının reallaşdırılması heç də asan başa gəlmir. Çünki 2021-ci ilin yanvarında “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanan hökumətlərarası saziş hər iki ölkənin parlamentində qısa müddətdə təsdiq edilsə də, amma onun kommersiya məsələlərinin razılaşdırılması çox uzun çəkir. Nəticədə indiyə qədər heç hansı şirkətlərin yatağı işləyəcəyi bəlli deyil.    

Daxili qaz bazarımız. Daxili bazarla bağlı bir maraqlı xəbərim də var. “Şahdəniz” yatağının işlənməsi nəticəsində Azərbaycanın daxili bazarına 52 milyard kubmetr qaz verilib. Çoxları mətbuatda mütəmadi hallanan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Azərbaycan tərəfinə verilən pulsuz qaz məsələsini bilir. Amma bizim illər boyu daxili bazarımızın ehtiyaclarını ödəmək üçün pulla aldığımız, özü də valyutaya əldə etdiyimiz qaz da. Özü də həcmləri kifayət qədərdir.   

Əslində Azərbaycanın daxili bazarına “Şahdəniz” yatağından alınan qaz həcmlərini ölkədə hansısa rəsmi qurum açıqlamayıb.

Bunu özüm Azərbaycan Energetika nazirliyinin aylıq hesabatında verilən məlumatlar əsasında hesablamışam. Həmin məlumatda bildirilir ki, işlənmənin başlandığı vaxtdan ta 2022-ci il mayın 1-dək “Şahdəniz” yatağından 166 milyard kubmetrdən çox səmt qazı hasil edilib. 2007-ci ildən başlayarq isə “Şahdəniz” yatağından 114 milyard kubmetrdən çox qaz ixrac edilib. İndi soruşa bilərsiniz ki, bəs yerdə qalan 52 milyard kubmetr qaz necə olub? 

Heç yerə getməyib, burada qalıb, yəni Azərbaycanın daxili bazarına yönəldilib. Niyəsi isə budur ki, axı çoxları unudub qazsız zamanlarımızı və qazı idxal etdiyimiz dövrləri. 2000-ci ilin payızından Azərbaycan Rusiyadan qaz idxal edən ölkə idi, özü də ildə 4 milyard kubmetr ətrafında qonşu ğlkədən qaz alırdıq.

Çünki özümüzün çıxartdığı mavi yanacaq bizim istehlakımız üçün yetərli deyildi. Bu hal o zamana qədər davam etdi ki, Şahdənizdən bp və tərəfdaşlarının köməyi ilə böyük qaz həcmləri hasil edilməyə başlanıldı və bu qazın bir hissəsi güzəştli qiymətlərlə ölkənin daxili bazarının ehtiyaclarına yönəldildi. Və beləcə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib addım atıldı.

Qaz statistikamız. Azərbaycanda neft hasilatının zirvə nöqtəsi 2010-cu il hesab edilir - 50,8 mln ton. O zamandan başlayaraq neft hasilatımız azalır və ötən il 34,6 mln ton neft hasil edə bildik. Bunun səbəbi isə odur ki, neft yataqlarımızın əksəriyyəti özlərinin qocalıq dövrünü yaşayırlar. 

Ona görə də diqqətinizi qaza yönəltmək istəyirəm. Azərbaycan Energetika Nazirliyinin aylıq hesabatında bildirilir ki, 2022-ci ilin yanvar-aprel aylarında ölkənin qaz hasilatı 15,7 milyard kubmetr təşkil edib. Qeyd edim ki, bu həcm lay təzyiqinin saxlanılması üçün neft quyularına vurulan həcmləri də özündə ehtiva edir. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 14,4% artım nümayiş etdirib.

Ölkədə ilin əvvəlindən hasil edilən qazın 83%-ni bp-nin operatorluğu ilə həyata keçirilən AÇG və Şahdəniz layihələrinin payı təşkil edib.

Ona görə də sosial şəbəkələrdə və ya həyat-bacada “ingilislər olan qalanımızı apardılar, bizə heç nə qalmadı” kimi söz-söhbət eşidəndə bilin ki, real vəziyyət necədir. İkincisi, xaricilərin çıxartdıqları nə nefti, nə də qazı biz özümüz texnoloji imkanlara malik olmadığımızdan çıxara bilmirik. Elə bir çoxlarının hələ də röyalarında dünyanın ən qüdrətli ölkəsi kimi iz buracan Sovet İttifaqı da bu gündə idi, geoloji kəşf edilmiş yataqların ehtiyatlarını ən yaxşı halda 25%-dək yer üzərinə qaldıra bilirdi. Amma “Azəri-Çıraq-Günəş” yataqlar blokunda bu göstərici 51%-dir. Digər tərəfdən heç bilirsiniz “Şahdəniz” yatağlnda hansı dərinlikdən qaz çıxır? 7300 metrə qədər məhsuldar laylar artıq ram edilib işlənilir. 

Mətləbdən uzaqlaşmayaq. İndi daha maraqlı bir məqamın üzərinə gəlirəm: qaz ixracına. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qaz ixracı 7,6 milyard kubmetr göstərici ilə yadda qalıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% artım deməkdir. Hesabat dövründə Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz verilib.

2022-ci ilin yanvar-aprel aylarında TANAP qaz kəməri ilə Türkiyəyə 2 milyard kubmetr qaz daxil olub. Yəni Türkiyə bazarında satılan Azərbaycan qazının 69%-i məhz SOCAR-ın operatoru olduğu Türkiyənin əsas qaz magistral kəməri TANAP-la həyata keçirilib.

Alternativ enerji. İndi çatdırmaq istədiyim başqa bir xəbərin də qaz bazarımıza aidiyyatı var. Bu həftə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi üçün 51 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Qeyd edim ki, həmin stansiyanın tikintisinin təməlqoyma mərasimi cari ilin 15 mart tarixində baş tutub.

Bankın məlumatına görə, kredit borcalan qismində Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy” Məhdud Məsuliyyətli Cəmiyyətə veriləcək. Layihənin ümumi kapital qoyuluşu 250 milyon dollar, yaradılacaq günəş elektrik stansiyasının gücü isə 230 MVt olacaq. Məqsəd elektrik enerjisinin istifadəsi zamanı günəş enerjisindən istifadə etmək, istilik elektrik stansiyalarında yandırılan qaz həcmlərinin azaldılmasına nail olmaq və bununla da ətraf mühitə atılan karbon emissiyaları həcmlərini minimallaşdırmaqdır. 

Xarici bazarlarda vəziyyət. Baxmayaraq ki, Rusiyaya qarşı Avropa Birliyinin neft embarqosu məsələsi bu və digər şəkildə qabarırdı, amma həftənin əsas enerji fokusu qaz üzərində cəmləşdi. Bu da səbəbsiz deyildi. Çünki heç kəsin gözləmədiyi halda birdən birə Ukrayna şərq sərhədlərində baş verən döyüşlərin nəticəsi olaraq elan etdi ki, Rusiya qazının Luqansk vilayətindən daxil olaraq Avropaya daşınması mümkünsüzdür. Çünki nə qaz ölçmə, nə də qaz kompressor stansiyası onun nəzarətində deyil.

Rəsmi Kiyev düzgünmü addım atıb, yoxsa vəziyyətdən hərbi-siyasi məqsədlər üçün istifadə etmək fikrinə düşüb. 

Hesab edirəm ki, düzgün addım atıb. Çünki Rusiyadan gələn qazın ölkənin şərqində qeydə almalısan ki, sonra Qərbində Avropaya təhvil vermə nöqtəsində həmin həcmdə qazın çıxışını təmin edəsən. Soruşula bilər ki, bəs indiyə qədər belə addım atılmırdı. İş burasındadır ki, əvvəllər tərəflər qaz infrastrukturunun fasiləsiz işlənməsinə xələl gətirəcək addımlardan çəkinirdilər. Mənə elə gəlir ki, bundan sonra qaz məsələsi daha da dramatikləşə bilər, yəni Qərblə Rusiyanın münasibətlərinin hansı nöqtəyə qədər gərginləşməsindən asılı olaraq Ukraynanın qaz infrastrukturu da sıradan çıxarıla bilər. Niyə? Çünki artıq bir sıra ölkələr “Qazprom”un təkidi ilə Rusiyadan aldıqları qazın haqqını rublla ödəməkdən imtina edirlər.

Nəticədə Rusiya əks addımlar atır, yəni onların qaz təminatını dayandırır. Elə mayın 11-nin yekunu olaraq Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli əvvəlki günlə müqayisədə 25% azaldı. Bunun real səbəbi odur ki, artıq Avropadakı bir sıra ölkələr Rusiya qazının idxalını azaldırlar. 

Başqa bir məsələ odur ki, Finlandiya parlamentinin fraksiya rəhbəri Ville Tavio bildirib ki, Rusiya bu həftə sonuna ölkəsinə qaz ixracını tam dayandıra bilər və bu addımı Finlandiyanın NATO-ya daxil olmasına cavab kimi qiymətləndirib. 

Rusiyanı qaz məsələsində qıcıqlandıran başqa bir hadisə isə Ağ Evdə Bolqarıstanın baş naziri Kirill Petkovu qəbul edərkən ABŞ-ın vitse-prezidenti Kamala Harrisin rəsmi Sofiyanın enerji suverenliyini qorumaq üçün qətiyyətli addım atdığına görə təbrik etməsi, həmçinin Bolqarıstana Amerika maye qazınını “Qazprom”dan daha ucuz başa gələcəyi ilə bağlı etdiyi təklif olub. 

Qaz qiymətləri. Həftə ərzində Rusiya ilə Avropanın münasibətləri Ukraynadakı hərbi əməliyyatlara görə kifayət qədər gərginləşsə də amma biz bunu qaz qiymətlərində fevral-mart aylarında olduğu kimi hiss etmədik.
 

Belə ki, həftənin əvvəlində London birjasında qazın 1000 kubmetri 1028 dollar olsa da, həftə sonundakı hərrac 1033 göstəricisi ilə bağlandı, baxmayaraq ki, həftə içi 1130 dollara qədər yüksəliş olmuşdu.


Bu isə ona dəlalət edir ki, artıq Qərbin bazar iştirakçılarında Rusiya qazı xofuna qarşı bir immuniteti yaranıb, onlar əmindirlər ki, “Qazprom”dan aldıqları qaz həcmlərini kifayət qədər azalda bilərlər və bununla da “dünya dağılmaz”, hətta Rusiya ilə enerji daşıyıcıları sahəsində əməkdaşlıq etməyə davam etdirsələr belə, bu əməkdaşlıq artıq əvvəlki illərdə olduğundan xeyli fərqlənəcək: həm məzmunca, həm də dəyər baxımından!

İlham Şaban, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin