Çörək bahalaşacaqmı? – Ekspertin cavabı 

Hazırda oxunan: Çörək bahalaşacaqmı? – Ekspertin cavabı 

7426

Azad olunmuş torpaqlar hesabına buğda istehsalı artacaq, bu da çörəyin qiymətinin stabil qalmasına təminat yaradır. İqtisadçı-alim Emin Qəribli bu fikirdədir.

Emin Qəribli Bizim.Media-ya açıqlamasında bildirdi ki, əlavə buğdanın istehsal olunması ilk növbədə Azərbaycanın qida təhlükəsizliyinin təmin olunması baxımından zəruridir:

“Bildiyimiz kimi istifadə olunan buğdanın çoxunu idxal edirik. Bir çox hallarda isə taxıl məhsulları endirimli gömrük rüsumları ilə gətirilir. Strateji məhsul olduğundan pandemiya da bu istiqamətdə ehtiyat tədbirlərin görülməsini vacib etdi”.

Qeyd edək ki, bu il Azərbaycanda 2 105,6 min ton buğda istehsal olunacağı proqnozlaşdırılır.

Göstəricinin gələn il 0,2% artaraq 2 110,5 min tona çatacağı, 2023-cü ildə isə 2 112,5 min tona bərabər olacağı gözlənilir. 2024-cü ilə gəldikdə, buğda istehsalı 2 114,2 min ton təşkil etməlidir. Beləliklə, 2021-2024-cü illərdə istehsalın orta artımı 0,1%-ə bərabər olacaq.

Emin Qəribli gələcəkdə çörəyin qiymətinin düşmə ehtimalının az olduğunu deyərək dünyadakı situasiyanı örnək gətirdi: 

“Məsələn 2018-ci ilin noyabrında Rusiyada belə bir vəziyyət yaranmışdı ki, taxıl məhsullarının satış qiyməti maya dəyərindən elə də seçilmirdi. Bütün dünyada belə giley var idi ki, bazarda buğdanın qiyməti artmalıdır. 

Cənab prezident çıxışında toxunmuşdu ki, Ermənistanın 50-60 % buğda təminatı Qarabağ ərazisindən ödənilirdi. Torpaqları azad etmişik deyə Qarabağ Azərbaycan iqtisadiyyatına töhfə verəcək.

Yanacağın qiyməti qalxırsa, çörəyin qiyməti düşə bilməz. Çünki taxıl biçən texnikalar dizel və benzinlə çalışır.”

Emin Qəriblinin sözlərinə görə, çörəyin qiymətində enmə olmasa da, yaxşı olardı ki, hazırkı tarif qorunsun.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin