“Xarıbülbül” Festivalında bu gün hansı sənətçilər çıxış edib? – SİYAHI

Hazırda oxunan: “Xarıbülbül” Festivalında bu gün hansı sənətçilər çıxış edib? – SİYAHI

74016

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başlayıb.

Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayılıb.

Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edir. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılanıb.

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa ediblər.

Malinin Şeyx Tidiane Sek etno-caz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsimi təqdim ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini ifa ediblər.

Daha sonra Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını səsləndiriblər.
Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin