Quru sərhədlərin açılması MÜZAKİRƏDƏ  – “6 milyondan artıq turist qəbul edə bilərik”

Hazırda oxunan: Quru sərhədlərin açılması MÜZAKİRƏDƏ  – “6 milyondan artıq turist qəbul edə bilərik”

73861

Turizm mövsümü yaxınlaşdıqca quru sərhədlərin açılması ilə bağlı məsələ aktuallaşır. Ekspertlərin fikrincə, quru sərhədlər nə qədər tez açılarsa, iqtisadiyyatımıza bir o qədər xeyrli və məqsədəuyğun olar. Faktiki olaraq quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.

Qeyd edək ki, artıq 2 ildən çoxdur ki, quru sərhədlər həm yerli, həm də əcnəbi vətəndaşların üzünə bağlıdır. Halbuki bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açıb. 

Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov Bizim.Media-ya bildirib ki, pandemiya səbəbindən bütün ölkələr kimi Azərbaycan da turizm baxımından çox geriyə düşdü:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı hökumətə təklif verildi - VİDEO


“Azərbaycanın turizm potensialı 2019-cu ilə qədər 3 milyondan artıq turist qəbul etmək imkanına malik idisə, sonrakı illərdə bunun ikiqatını qəbul etməyi düşünürdük. Amma pandemiya bu baxımdan problem yaratdı və 2020-ci ildən bütün dünyada turistlərin sayında ciddi azalma baş verdi. Ötən il və bu il turist sayında artım olsa da, göstəricilər hələ ki, 2019-cu ilin səviyyəsinə çatmayıb. Hazırda karantin qaydaları ilə bağlı müəyyən qədər yüngülləşmələr baş versə də, təssüflər olsun ki, quru sərhədlərin açılmasına hələki nail ola bilməmişik. Bu sərhədlər açılmayınca, təbii ki, ölkəyə rueist axınını gözləmək düzgün deyil”. 

Əhməd Qurbanov hesab edir ki, mərhələli şəkildə sərhədlər açılsa, turistlərin də sayı artacaq və əvvəlki rekordları görmək imkanımız olacaq:

“Hazırda 70-ə yaxın ölkə ilə sərhədlərimiz açıqdır. Vacibdir ki, daha çox ölkə ilə sərhədlərimizi açaq və əməkdaşlıq çərçivəsində daha çox turist axınına malik olaq. Quru sərhədlər turist axını üçün çox böyük rol oynayır və bu yolla insanlar daha rahat şəkildə istirahətə gedə bilirlər. Bura qonşu ölkələrə şəxsi avtomobili ilə, avtobus turları ilə səyahət edən turistləri də qatmaq olar. Bu baxımdan quru sərhədlər vasitəsilə kifayət sayda turist qəbul edib, göndərə bilərik. Ümid edirik ki, çox qısa zamanda quru sərhədlərimiz digər ölkələrlə açılacaq.
 

İctimai müzakirələrdə, media vasitəsilə müraciətlərimizi və çıxışlarımızı edirik. Bildiyim qədərilə quru sərhədlərin açılması məsələsi müzakirə olunur. Amma tam vaxtı və qərar qəbul olunması barədə məlumat yoxdur”.


İqtisadçı-deputat Vüqar Bayramov epidemioloji şərtlər çərçivəsində quru sərhədlərin mərhələli şəkildə açılmasını təklif edib:

“Quru sərhədlər ən çox müzakirə edilən məsələlərdən biridir. Bir müddət öncə də biz quru sərhədlərin açılması ilə bağlı təkliflərimizi təqdim etmişdik. Xüsusən turizm mövsümünün başlanmasını nəzərə alsaq, quru sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Biz bunun mərhələli şəkildə həllini təklif edirik. Təbii ki, məsələ ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir.
 

Hazırda epidemioloji vəziyyət nəzarətdədir və yoluxma sayı da azdır. Praktiki olaraq, əksər mühüm qadağalar ləğv edilib. Bütövlükdə regionda durum stabil hesab olunur və qərar da məhz buna görə verilir”. 


Xatırladaq ki, martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşaldı. Sadəcə qadağalardan COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.

Qeyd edək ki, quru sərhədlər vətəndaşlarımızın üzünə 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin