“Bizim Barrel”in başına gələnlər - Ölkədə və dünyada neft və qaz ətrafında baş verənlər İlham Şabanın təqdimatında

Hazırda oxunan: “Bizim Barrel”in başına gələnlər - Ölkədə və dünyada neft və qaz ətrafında baş verənlər İlham Şabanın təqdimatında

73176

Yola saldığımız həftənin əsas enerji hadisəsi “qara qızıl”ın ətrafında cərəyan edirdi. Azərbaycan miqyasında bu, neft gəlirlərinin artımında özünü büruzə vermiş, qlobal bazarda isə dünyada yaşanan Qərb-Rusiya qarşıdurması fonunda qiymətlərin yüksəlməsində.  

Neft qiymətləri. Həftənin ilk iş günü Avropa İttifaqının Kremllə kəskinləşən münasibətləri ilə gündəmə gəldi. Rəsmi Brüssel Rusiyanın Ukraynala qarşı hərbi təcavüzünü dayandırmaq üçün Moskvaya qarşı tətbiq edilməsi planlaşdırılan 6-cı sanksiyalar paketinə bir sıra məhdudlaşdırıcı maliyyə vasitələri ilə yanaşı, həmçinin neft embarqosu məsələsini də aktuallaşdırdı. 

Nəticədə cümə axşamı Brent markalı neftin birdən birə 114 dollara qədər bahalaşdı. Bundan öncəki günlər isə Brent markalı neft 105-107 dollar qiyməti ətrafında ticarət edilirdi, yəni son iki ayda adət edilmiş, bazar iştirakçılarının öyrəşdiyi bir qiymətə.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiyaya təzyiq üçün neft qiymətlərini azalda bilərmi? – İlham Şabanın ŞƏRHİ


Amma Rusiya neftindən imtina məsələsinə bazarda etiraz edən kifayət qədər qüvvələr də var. Məsələn, OPEC Baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Komitəsinin iclasında çıxış edərək bildirib ki, Rusiya gündəlik olaraq bazarlara 7 milyon barelə qədər həcmdə neft və neft məhsulları ixrac edir və hazırda dünyada bu həcmləri əvəz etmək üçün imkan yoxdur.

“Aydındır ki, biz bu həcmləri Rusiyadan kənardakı hansısa mənbələr hesabına başqa yerdən götürü bilmərik, sərbəst neft həcmləri sadəcə yoxdur. Sanksiyalara görə onun potensial itkisini və ya könüllü olaraq edilən məhdudiyyətləri enerji bazarı mütləq hiss edəcək”, -deyə OPEC Baş katibi deyib.

Barkindo, həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasındakı münaqişə pandemiya ilə bağlı qlobal bazardakı qeyri-müəyyənlikləri daha da gücləndirib.

Əslində onun dediklərində bir həqiqət var ki, bu gün Rusiya təbii qazının 70%-nə yaxını, ixrac neft və neft məhsullarının isə 60%-i məhz Qərb bazarlarında satılır. Alıcı qıtlığı şəraitində təbii olaraq hasilat da aşağı düşməli olacaq.

Bu fakt artıq Rusiya Maliyyə Nazirliyinin də proqnozunda öz əksini tapıb. Belə ki, 2022-ci ildə Rusiyada neft hasilatının 17% azalması proqnoz edilir. Qaza gəldikdə isə, “Gazprom” şirkətinin açıqlamasına görə, 2022-ci ilin 4 ayının yekunları onu göstərir ki, Rusiya qazının ixracı ümumən 26,9% azalıb.  

Mayın 5-də isə OPEC+ iştirakçıları iyun ayından gündəlik hasilatın 432 min barel artırılması haqda qərarı təsdiqlədilər. 

Amma reallıqda OPEC+ üzrə bəyan edilən hasilat göstəriciləri, yəni bazara çıxarılan neft həcmləri əslində azdır. Özü də bu proses martda, yəni Rusiya-Ukrayna müharibəsinin ən qızğın vaxtında daha qabarıq formada özünü göstərməyə başlayıb.

2021-ci ilin avqust ayından kvotaların sistematik artırılmasına baxmayaraq, OPEC+ ölkələri neft hasilatının icazə verilən səviyyəsinə heç cürə çata bilmirlər. Mart ayının nəticələrinə görə, onlar gündəlik hasilatda 1,45 milyon barel geri qalırlar. 

Özü də hasilatını artıra bilməyən və artırmaq istəməyən ölkələrin siyahısı ilə tanış olduqda görürsən ki, orada Azərbaycan kimi ölkə obyektiv səbəblərdən bunu edir, yəni yataqları qocalıq dövründədir, hasilatın azalması labüddür və buna görə də 85 min barel ona verilən kvotadan az neft çıxara bilir. Amma bu siyahıda elə ölkələrin adlarına rast gəlirsən ki, təəccüblənməmək olmur. Diqqət yetirin OPEC+ kvotalarından aşağı neft hasil edən ölkələrin siyahısına:

OPEC+ kvotalarından az neft çıxaran ölkələr (min barel/gün):

Nigeriya - 383 

Rusiya - 313

Anqola - 280

Malayziya - 131

S.Ərəbistanı - 106

Azərbaycan - 85

Buradan görünür ki, istər Səudiyyə olsun, istərsə də Rusiya - onlar bazarda bahalı neftin davam etməsində çox maraqlıdırlar. Çünki iqtisadiyyatları neftə bağlıdır.  Ona görə də neft qiymətlərinin fevraldan 100 dollardan baha həddə ticarət edilməsinin əsas səbəbi heç də Rusiya-Ukrayna müharibəsi deyil, onun gizli, pərdəarxası çalarları da var. 

Neft gəlirləri. Dünya bazarlarında neftin yüksək qiymətə ticarət edilməsi bunun Azərbaycanın neft gəlirlərində özünü göstərməyə başlayıb. Bu məsələ özünü Azərbaycan Respublikası Dövlət Neft Fondu bu həftə ölkənin ən iri neft yataqları bloku olan “Azəri-Çıraq-Günəşli”dən (AÇG) dövlətə çatan mənfəət neftinin satışından əldə olunan gəlirləri açıqlayarkən özünü qabarıq şəkildə göstərib. Məlum olub ki, AÇG-dən əldə edilən gəlirlər 2 dəfə artıb.

2022-ci ilin yanvar-aprel aylarında AÇG yataqlar blokundan ARDNF-a daxilolmalar 2 milyard 898 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

ARDNF-nin məlumatlarına əsasən, apardığımız hesabalamalar onu göstərir ki, bu ilin aprelində AÇG layihəsindən Fond 1 milyard 32 milyon dollar gəlir əldə edib.

2022-ci ildə AÇG layihəsi çərçivəsində ARDNF-nin gəlirləri (mln dollarla):



Şahdənizin artan qazı. Ötən il Şahdəniz yatağlndan qaz hasilatı 27,1% artmışdısa, bu ilin ilk rübündə isə artım 17,6% təşkil edib.

Cari ilin birinci rübündə “Şahdəniz” yatağından 6 milyard kubmetr qaz hasil edilib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17,6% çoxdur.

“bp-Azerbaijan” şirkətinin (“Şahdəniz” yatağının işlənməsi layihəsinin operatoru) hesabatına görə, yatağın hazırkı hasilat gücü gündə təxminən 72 milyon kubmetr və ya ildə 26 milyard kubmetrdən çoxdur.

Hesabat dövründə “Şahdəniz” yatağından həmçinin təxminən 9 milyon barel (1 milyon tondan çox) kondensat hasil edilib ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 15,4% çoxdur.
2022-ci ilin birinci rübündə Şahdəniz layihəsinin xərcləri 847 milyon dollar (azalma 43,76%) təşkil edib. Layihə üzrə əməliyyat xərcləri 759 milyard dolları ötüb (azalma 33,43%), əsaslı xərclər 88 milyon dollar təşkil edib (azalma 75,96%).

“bp-Azerbaijan” şirkəti hesabatında layihə üzrə xərclərin kəskin azalmasını izah etmir, amma böyük ehtimalla bu, ötən ilin əvvəlində quyuların qazılması əməliyyatı və bir sıra dəniz əməliyyatları ilə bağlı edilən kapital qoyuluşu ilə bağlı olub. Cari ildə isə artıq konsorsium fəaliyyətinin əsas hissəsini hasilat əməliyyatlarına yönəldib.

Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağından 23 milyard kubmetr qaz hasil edilib ki, bu da 2020-ci illə müqayisədə 27,1% çoxdur.

“Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. 1999-cu ilin iyununda Xəzərdə 1 trilyon kubmetr ehtiyata malik ən böyük qaz yatağı kəşf edildi.

Layihənin hazırkı səhmdarları BP (operator, 29,99%), SOCAR və onun törəmə şirkətləri (21,02%), LUKOIL (19,99%), TPAO (19%) və NICO (10%) şirkətləridir.

“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb. Hazırda yataqdan qaz hasilatı “Alpha” və Bravo platformalarından həyata keçirilir. Sonuncuda hasilat 2018-ci ilin avqustunda başlayıb.

“Şahdəniz” yatağından hasil edilən qaz Azərbaycanın daxili bazarına və 5 ölkəyə ixrac edilir: Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliya.

Qaz ixracı. Mayın 5-də Azərbaycanın energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında iştirakı zamanı Azərbaycanla əlaqələrdə məhz təbii qaz ticarəti məsələsi diqqətdə olub.

Orada energetika naziri bu il Azərbaycanın Avropa bazarına bu il 10 milyard kubmetrdən çox qaz ixrac edəcəyi barədə məlumat verib. İlin əvvəlindən artıq 3,5 mlrd kubmetr Azərbaycan qazının Avropalı istehlakçılar tərəfindən alınması qeyd edilib.

Bu həcmlərin 3,1 mlrd kubmetri İtaliyaya, 0,3 mlrd kubmetri Yunanıstana və 0,1 mlrd kubmetri Bolqarıstana ixrac edilib. 

Yəni bu göstəricilərdən aydın olur ki, həqiqətən həmin 10 milyard ixracın cari ildə təmin edilməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin