100 ildən çoxdur dəfn edilməsini gözləyən CƏSƏDLƏR - FOTOREPORTAJ

Hazırda oxunan: 100 ildən çoxdur dəfn edilməsini gözləyən CƏSƏDLƏR - FOTOREPORTAJ

72736

Zığ kənd qəbiristanlığındakı “Əmanət”, yəni sərdabə qəbirlərlə bağlı məsələ gündəmə gəlib. 100 ildən çoxdur dəfn edilməyən cəsədlər nə vaxtsa Kərbəlaya aparılmaları üçün əmanət kimi saxlanılıb. XX əsrin 20-30-cu illərinə aid olan katakompa (yeraltı sərdabə) tipli məzarlarla bağlı indiyədək heç bir addım atılmayıb.  

Bizim.Media sözügedən qəbiristanlıqda olub və bəzi araşdırmalar aparıb.  

Məlum olub ki, dəfn edilməyən insan skletləri hələ də qalır. Hansı ki, həmin skletlər torpağa basdırılmayıb, sadəcə sərdabənin içinə qoyulub. Onlar arxası üstündə və kəfənlənməmiş vəziyyətdə uzandırılıb.

Tarixçilərin bildirdiyinə görə Zığ kəndi çox dindar ərazi hesab olunduğundan yaşlı insanlar vəfat edərkən öz övladlarına sümüklərinin Kərbəlada dəfn olunmasını vəsiyyət ediblər.

1925-ci ildə İranda Qacarlar sülaləsi devrildikdən sonra hakimiyyətə Pəhləvilər gəlib. Pəhləvilərlə Sovet dövləti arasında münasibətlərin yaxşı olmaması sərhədlərin bağlanması ilə nəticələnib. O vaxtdan həmin cəsədlər, sümük və insan skletləri nə vaxtsa Kərbəlaya aparılmaları üçün əmanət kimi saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ətrafa səpələnən insan sümükləri – “Kimsəsizlər məzarlığı”nda qəbirləri kim TALAN EDİB? – FOTO


İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında İslam dinində əmanət qəbir deyə bir hökm olmadığını bildirib:

“Bu, İslama ziddir. Keçmiş xurafat dövründə bunlar olub. Hətta Mir Mövsüm Ağa kimi tanınan şəxs də o cür dəfn edilib. Çünki əmanət qoyulan meyit arxası üstə qoyulur. Yəni İslama uyğun şəkildə sağ tərəfi, üzü qibləyə şəkildə dəfn olunmur. Qəbri açmaq da haramdır. Yəni, dəfn edilmiş adamı sonra çıxarmaq böyük günahdır. Bu cür dəfn edilmiş şəxslər İslam dininə uyğun tərzdə dəfn edilməlidir. Vəsiyyətə gəlincə, bu, İslam dininin hökmlərinin əleyhinədirsə, o vəsiyyəti icra etmək də haramdır. Yəni insan dinin əleyhinə vəsiyyət edibsə, onun hökmü yoxdur”, - deyə ilahiyyatçı əlavə edib.

Qeyd edək ki, İslam aləmində insan dünyasını dəyişdikdən sonra torpağa tapşırılmalıdır.

Torpağa basdırılan şəxş mütləq sağ çiyini üstündə üzü qibləyə tərəf, yəni Məkkədə yerləşən Kəbəyə tərəf dəfn edilməlidir.

İslami dönəmdə dünyalarını dəyişmiş şəxslərin bəziləri Kərbəla və ya Nəcəfdə dəfn olunmalarını vəsiyyət etdiklərindən, yaxınları onları el arasında "əmanət qəbirlər" adını almış qəbirlərdə müvəqqəti olaraq basdırmışlar. Şəriətimizdə isə "əmanət qəbir" məfhumu yoxdur. "Əmanət qəbirlər" el arasında, şiəlik məzhəbində sonradan yaranmış bir adətdir.
 

Bu adətə görə, dünyasını dəyişən insanı arxası üstə torpağa dəfn edərdilər ki, cənazə çürüsün və müəyyən müddət keçəndən sonra, təkcə sümükləri qalsın. Sonra sümüklər xüsusi hazırlanmış qutulara və ya sandığa yığılar, vəsiyyət edilmiş yerə, ya Kərbəlaya, ya da Nəcəf şəhərinə aparılardı.


Məsələn, Şüvəlan qəsəbəsində Mir Mövsüm Ağanın qəbri də "əmanət qəbir"dir. Nəcəfdə dəfn edilməyi arzulayanlar isə Həzrət Əli (ə.s.) aşiqləri idilər. Məlum olduğu kimi, Həzrət Əli (ə.s.) Ramazan ayının 21-də, 63 yaşında Nəcəf şəhərində dəfn edilib. 

Alçina Amilqızı, Bizim.Media 

FOTO: Rəşad Orucoğlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin