Dünya Azərbaycanlılarının V Qurultayının QƏTNAMƏSİ 

Hazırda oxunan: Dünya Azərbaycanlılarının V Qurultayının QƏTNAMƏSİ 

72043

Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsinin tam mətni açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Qətnamə Dünya Azərbaycanlılarının V Qurultayında qəbul olunub. 

Dünya Azərbaycanlılarının V Qurultayında aşağıdakılar qərara alınıb: 

1. Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilsin. 

2. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin əhəmiyyəti, bu Qələbəni dünya azərbaycanlılarına bəxş edən şəhidlərin və qazilərin xidmətləri xüsusi vurğulansın. 

3. Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının 30 il ərzində müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, Azərbaycan dövlətinin daxili və xarici siyasətini tam dəstəkləyir. 

4. Qurultay bir daha vurğulamağı zəruri hesab edir ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada, daxildən, yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması, onun dünyəvi, hüquqi, milli dövlət olaraq inkişaf edib möhkəmlənməsi yalnız respublika vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir. 

5. Diaspor təşkilatlarına tövsiyə olunsun ki: 

• diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün təmərküzləşmə prosesini davam etdirsinlər; 

• xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri daha da gücləndirsinlər; 

• Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti daha da dərinləşdirilsin; 

• xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün tədbirlər gücləndirilsin; 

• 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi, mənimsənilməsi və tarixi abidələrinin dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirilsin. 

1. Qurultay Redaksiya Komissiyasına tövsiyə edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin. 

2. Qurultay Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edir ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və nümayəndələrə göndərilməsini təmin etsin. 
3. Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünya azərbaycanlılarına müraciət edərək, onları milli maraqlarımızın qorunması naminə səy və bacarıqlarını səfərbər etməyə, müstəqil Azərbaycan dövləti ətrafında daha sıx birləşməyə çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin