Distant təhsil alanların diplomları Azərbaycanda tanınmır?

Hazırda oxunan: Distant təhsil alanların diplomları Azərbaycanda tanınmır?

7186

“Təhsil Nazirliyi xaricdə distant formada təhsil alanların sənədlərini yaxına buraxmır. Bu durum hökuməti və ya Təhsil Nazirliyini məhkəməyə vermək üçün ciddi əsaslar yaradıb”.

Bizim.Media xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz "Facebook" səhifəsində çıxış edib. Onun sözlərinə görə artıq 1 ildir ki, ölkəmizdə ali təhsil distant formadadır və güman ki, bir müddət də belə davam edəcək:

“İmtahanlar da distant formada təşkil olunur. Təhsil alma forması və qiymətləndirmə də distantdır. Yekunda isə bütün tələbələrə dövlət sənədi olan diplom təqdim olunacaq. Qəribədir ki, nazirlik xaricdə bu formada təhsil alanların sənədlərini qəbul etmir. Halbuki məlum qaydalarda imtina ilə bağlı belə bir - "Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə” - bənd var. Yəni, xarici distant diplomun tanınmasından imtina üçün əsaslar aradan qalxıb. Amma Təhsil Nazirliyi bu bəndə əsaslanaraq xarici distant diplomları müzakirə predmetinə çevirmir. Bu tip təhsilalanlar , distant səbəbindən birmənalı olaraq rədd edilir”.

Osman Gündüz məsələ ilə bağlı ziddiyətli vəziyyətin yarandığını vurğulayıb:

“Məsələn Harvardı distant formada bitirənin diplomu tanınmır. Bu nə dərəcədə doğru bir yanaşmadır?

Xarici ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiqlənən təhsil sənədinin tanınmaması, indiki halda, ikili standartdan başqa bir şey deyil.

Ölkəmizin təhsil sistemində yeni yaranmış situasiya hüquqi müstəvidə Təhsil Nazirliyini çıxılmaz vəziyyətə salan bir fakta çevrilib”.

Osman Gündüz hesab edir ki, hökumət və Təhsil Nazirliyi bununla əlaqəli qanunvericiliyin təkmilləşdirilməsinə başlamalıdır. Eləcə də "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" yenidən işlənməlidir:

“Diplomların tanınmasına, təhsil formasından və təhsil aldığı ölkədən asılı olmayaraq ümumi, vahid qaydalar əsasında yanaşmaq doğru olardı”,-deyə Forum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin