“Dünən əfv komissiyasının bu il üçün ilk iclasını keçirdi və artıq 100-lərlə müraciətə baxılıb”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Əfv Komissiyasının üzvü, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib.
MÖVZU İLƏ BAĞLI:
Amnistiyaya düşən insanların sayı 156 min nəfərə çatdı – HUMANİZMİN TARİXİ
Onun sözlərinə görə, müraciətlər səsverməyə çıxarılacaq:
“Cənab Prezidentin mərhəmət prinsipi əsasında ildə bir dəfə məhkumların fərdi müraciətini və müxtəlif yumşaldıcı halları nəzərə alaraq əfv sərəncamı keçirilir. Keçən il də əfv sərəncamı imzalanmışdı və bu təxminən 400-dən çox məhkuma şamil olundu. Dünən də əfv komissiyasının bu il üçün ilk iclasını keçirdi və artıq 100-lərlə müraciətə baxılıb. Hər müraciət ətrafında da müzakirələr aparılaraq, səsverməyə çıxarılır. Yəgin ki, komissiyanın bir neçə iclası keçiriləcək və növbəti iclas aprelin 29-da olacaq”.
R.Məcid bildirib ki, müraciətlər arasında qadın və əcnəbi məhkumların da adları var və onların əfvi gözlənilir:
“28 mayda çox güman ki, Prezident İlham Əliyevin növbəti əfv sərəncamını imzalayacağı gözlənilir. İlk iclasda əsasən ağır cinayətlər və ölümə cəhd edən məhkumların müraciəti müzakirə olundu. Növbəti iclaslarda da digər cinayət işi törətmiş məhkumların müraciətlərinə baxılacaq. Müraciətlərin içərisində qadın məhkumların, əcnəbilərin, ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozan məhkumlar da var.
Hazırda komissiya gərgin işləyir və hesab edirəm ki, tezliklə işlər yekunlaşaraq daxil olan bütün müraciətlərə baxılacaq və əfv sərəncamının imzalanması üçün sənədlər Cənab Prezidentə təqdim ediləcək”.
Qeyd edək ki, əfv sərəncamının 28 May Müstəqillik Günü münasibətilə imzalanacağı gözlənilir.
Səkinə Yusibli, Bizim.Media