Məktəbli geyimi olmayan şagird direktor tərəfindən TƏHQİR OLUNDU - “Yoxundur, nənənin “ştanını” geyin” 

Hazırda oxunan: Məktəbli geyimi olmayan şagird direktor tərəfindən TƏHQİR OLUNDU - “Yoxundur, nənənin “ştanını” geyin” 

71729

Azərbaycanda 6-ci sinif şagirdi məktəb direktoru tərəfindən psixoloji təzyiqə və təhqirə məruz qalıb. Goranboy rayonu Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışova məktəbli ətəyinin yerinə şalvarla gələn şagirdi dərsdən kənarlaşdırıb. 

Bu barədə Bizim.Media-ya şagirdin atası Şəhruz Əsədov məlumat verib.  

O, məktəb direktorunun qızı ilə kobud rəftar etdiyini və iki gün ard-arda dərsə buraxmadığından gileylənib:

“Qızın məktəbli ətəyi yararsız hala düşdüyü üçün şalvarla getməli olub. Direktorun “niyə ətək geyinməmisən” sualına qızım “yoxumdur” deyə cavab verib. O, isə qızımı sinif yoldaşlarının yanında aşağılayaraq,  “yoxundur, get qonşudan al, ya da nənənin “ştanını” geyin” deyə cavab verib və onu dərsdən çıxararaq evə göndərib. Mən direktora zəng edib, “imkanım yoxdur, ay sonunda maaş alanda uşağa yeni geyim alacağam, niyə elə biabırçılıq edirsiniz?” dedim. O, isə “bəli demişəm, uşağına ətək alarsan, sonra məktəbə gələr” cavabını verdi. Bu gün qızım yenə dərsə gedəndə direktor tərəfindən məktəbə buraxılmayıb”.

Ata uşağına psixoloji travma yaşadan, onu dərsdən yayındıran direktor barədə tədbir görülməsini istəyir:

“İndi mənim imkanım yoxdur deyə qızım tədrisdən kənarda qalmalıdır? Özünə də izah etdim ki, geyimi ay sonunda ala bilərəm. Fəhlə adamam, o qədər gəlirim yoxdur. Niyə qıza psixoloji təzyiq göstərir və uşağın yanında məni də aşağılayır? Elə kobud rəftar edib ki, qızım ağlaya-ağlaya evə gəlib.
 

Dərsə buraxmayıb evə göndərir. Bəs qorxmur ki, yeniyetmə qızdır, başına yolda iş gələr?”, - deyə ata əlavə edib. 


Goranboy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Kifayət Rzayeva saytımıza açıqlamasında məsələdən xəbərdar olduğunu, direktor və valideyndən izahat aldıqlarını deyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin