Azərbaycana gələn turistlər niyə bölgələrdən uzaq qaçır? – Acınacaqlı STATİSTİKA

Hazırda oxunan: Azərbaycana gələn turistlər niyə bölgələrdən uzaq qaçır? – Acınacaqlı STATİSTİKA

71670

“Azərbaycana gələn turistlərin hələ də böyük qismi Bakı şəhərinə üstünlük verirlər. Turizm imkanları baxımdan regionlar hələlik paytaxt ilə rəqabət apara bilmirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birincü rübündə ölkəmizə gələn turistlərin 70,8 faizi Bakıda,  12,4 faizi Qusarda, 5,8 faizi Qəbələdə, 3,5 faizi Naftalanda, 2,9 faizi Qubada, 1,5 faizi Şabranda,1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı hotellərdə qalıblar. 

Bu isə o deməkdir ki, orta hesabla Azərbaycana gələn hər 100 turistdən 70-si Bakıdan kənara çıxmır. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Vüqar Bayramova məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda turizm bələdçilərinə milli sertifikat veriləcək


Belə ki, ölkəmizə üz tutan turistlərin bölgələrdən uzaq gəzməsi ilə bağlı fikirlərini bölüşən deputat qeyd edib ki, rəsmi statistikaya görə, 2022-ci ilin ilk rübündə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olub.

“Gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Statistika göstərir ki, 2022-ci ilin ilk aylarında turizm sektorunda canlama bərpa edilib.

Eyni zamanda, Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olub. Bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir”.


Millət vəkilinin sözlərinə görə, xarici turistlərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172,0 min olub. 

“Bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir. Gecələmələrin 14,2 faizi Rusiya, 12,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,3 faizi Türkiyə, 8,7 faizi Səudiyyə Ərəbistanın payına düşüb. Statistika göstərir ki, ölkəyə gələn tursitlərin sayında və hotellərdə gecələmələrdə Rusiyadan gələnlər yenə də öndədirlər”.

Vüqar Bayramov turizm obyektlərinin və hotellərinin gəlirlərinin artmasının diqqətçəkən məqam olduğunu vurğulayıb:

“2022-ci ilin birinci rübündə mehmanxanaların gəlirləri əvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olub. Birinci rübün nəticələri göstərir ki, karantin qaydalarının yumşaldılması həm gəlmə, həm də daxili turizmin dövriyyəsinə müsbət təsir göstərib. Mövcud tendensiya yeni turizm mövsümündə ölkəyə gələn xaricilərin sayının artacağından xəbər verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin