“Bizdə ailə dəyərləri olmasa, pensiyaçılar aptekin qarşısında, küçədə ölərlər” – Razi Nurullayev 

Hazırda oxunan: “Bizdə ailə dəyərləri olmasa, pensiyaçılar aptekin qarşısında, küçədə ölərlər” – Razi Nurullayev 

71555

"Pensiya yaşının artan xətt üzrə getməsinə qarşıyam. Hazırda qanunda bəzi müsbət məqamlar əksini tapıb və bunları bəyənirəm. Ümumilikdə isə “əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişikliyi ədalətsiz yanaşma hesab edirəm.

Bildiyiniz kimi, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır".  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, “könüllü” istefa ərizəsi yazdırırlar” – Razi Nurullayev 


Deputat sözügedən məsələyə nə üçün qarşı olduğunu bu cür izah edib:

“İnkişaf etmiş ölkələrdə yaş həddi belədir. Amma, biz öz vətəndaşlarımızın yaşayışını onların pensiyaçılarının yaşayışı və həyat tərzi ilə müqayisə edə bilmərik. Onların pensiyaçısı pensiyası ilə təyyarəyə minib istirahətə, gəzməyə gedə bilər. Başqa ölkədə yaşayan nəvəsini görməyə də təyyarə bileti ala bilər, laxlayan sağlamlığını bərpa etmək üçün sanatoriyaya da pensiyası yetər.  

Bizdə isə orta və aşağı yaşayış həddinə malik olan vətəndaşlar bir il də pensiyalarını yeməyib, hava ilə dolanıb yığsalar, yenə də çatmaz. 10 milyonluq əhalimizin də yarıdan çoxu bu təbəqəyə aid pensiyaçılardır. Kənd yerində yaşayan kişi və qadın harada işləyib özünə pensiya kapitalı yığsın? Kənddə, rayonda, şəhərdə hansı zavodda, fabrikdə işləsin? Biz onlara ləyaqətli, rəqabətli iş yeri təklif edə bilirikmi?”.

Millət vəkili qeyd edib ki, əgər vətəndaşlara ləyaqətli iş, yüksək və rəqabətli əmək haqqı və tibbi xidmət təklif edilsəydi, o zaman pensiya yaşının artan xətt üzrə getməsi və inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə çatması ilə razılaşardı:

“Baba və nənələrimizi övladları və nəvələri dolandırır. Bizim bu milli mentalitetimiz və ailə dəyərlərimiz olmasa, onlar küçədə, aptekin önündə ölər, ya da çoxu evin içində ölü tapılar. Ona görə də birinci ləyaqətli həyat, iş yeri, sağlamlıq, ümid və sonra pensiya yaşı. Ümid edirəm ki, təklifimi aidiyyatı qurumlar ədalət tərəzisinə qoyub ölçəcəklər”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin