Cəlilabad rayonunun Musalı kənd orta məktəbinin qəzalı olması ilə əlaqədar müəllimin evində şagirdləri üçün dərs təşkil etməsi sosial mediada ciddi müzakirələrə səbəb olmuşdu. Belə ki, Zəhmətabad kənd orta məktəbində də yer çatışmazlığı yarandığı üçün müəllim hər iki sinfin şagirdlərinin tədrisini öz öhdəsinə götürməli olub.
Dağlıq və şəhərdən uzaq kəndlərə məktəblərin vəziyyəti ilə bağlı niyə vaxtı-vaxtında reydlər keçirilmir?
Bu barədə Bizim.Media olaraq təhsil eksperti Elşən Qafarov ilə əlaqə saxladıq.
“Bilirsiniz ki, 2005-ci ildən belə Heydər Əliyev fondunun rəhbərliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəblər tikilir, əsaslı təmir olunur. Mən özüm dağ rayonlarının birinin ən ucqar kəndində anadan olmuşam. Sizə inandırım, bizim qıraq dağ kəndlərinin əksəriyyətində Heydər Əliyev fondu və Təhsil Nazirliyi ortalama 50-60 məktəb tikib, amma hələ tikilməmiş məktəblər də var ki, bunlar da planlı şəkildə həyata keçirilir”.
Ekspert bildirir ki, reydlər Təhsil Nazirliyinin Təminat və Təchizat İdarəsi tərəfindən həyata keçirilməlidir.
“Nəticədə qərar verilməlidir, hansı ki məktəblər qəzalıdır, hansı yox. Məsələn, Cəlilabad rayonu Musalı kəndində müəllim evdə dərs keçməsi ilə bağlı paylaşım etmişdi. O məktəbin bir korpusu tikilib, lakin görünən odur ki, yetərli olmayıb. İlk növbədə bununla bağlı, icma – valideynlər müraciət etməlidir Təhsil Nazirliyinə, ölkə rəhbərliyinə ki, daha çox qəzalı vəziyyətdə olduğu üçün diqqət həmin məktəblərə yönəlsin”.
Elşən Qafarov məktəblərin təmirinin dövlət büdcəsində nəzərdə tutulan, planlı məsələlər olduğunu vurğulayıb.
“2025-ci ilə kimi Azərbaycanda təmir olunmayan və ya tikilməyən məktəb qalmayacaq. Təsəvvür edin, son 17 ildə 3800-ə yaxın məktəb ya tikilib ya da yenidən təmir edilib. Nəzərə alsaq ki, bizim 4432 məktəbimizin xeyli hissəsi də azad olunmuş ərazilərdə tikilməsi planlanır. Hər halda 200-300-yə yaxın məktəb hələ də qəzalı şəkildə qalır”.
Təhsil eksperti hesab edir ki, bu məsələdə əsas vəzifə valideynlərə düşür:
“Belə məsələləri valideynlər kütləvi vasitələrlə ictimailəşdirməli, Təhsil Nazirliyi, ölkə rəhbərliyi, Nazirləri Kabinetinə müraciət etməlidir. Əgər belə məktəblərin tikilməsini önə sürsələr, o zaman bu məktəblətin tikintisi tezləşər”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 21.04.2022
Ucqar kəndlərdə məktəblərin vəziyyəti niyə araşdırılmır? - Ekspertdən TƏKLİF
Hazırda oxunan: Ucqar kəndlərdə məktəblərin vəziyyəti niyə araşdırılmır? - Ekspertdən TƏKLİF
Hazırda oxunan: Ucqar kəndlərdə məktəblərin vəziyyəti niyə araşdırılmır? - Ekspertdən TƏKLİF
70637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.