Rusiya Federasiyasının Kommunist Partiyası ölkə ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib.
Belə ki, bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib.
Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək.
Rusiya kommunistlərinin sözügedən təklifi ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov qeyd edib ki, Rusiya Dövlət Duması Federal yığıncağında müzakirəyə təklif olunan və qəbul edilən qanunlar Rusiya Federasiyasının bir suveren dövlət olaraq öz daxili işidir.
MÖVZU İLƏ BAĞLI:
Kommunistlərin lideri: “Ruslar razılaşmanın tələblərini tam yerinə yetirmir”
“Fəhlə və kəndlinin birliyinin simvolu olan oraq və çəkic embleminin isə istənilən dövlətin bayrağında yer almasını, mən bir kommunist olaraq alqışlayıram”, - deyə Rauf Qurbanov əlavə edib.
Partiya sədri Rusiyanın SSRİ-nin yeganə varisi kimi təqdim olunmasına da münasibət bildirib:
“Rusiya Federasiyasının SSRİ-nin varisi olması məsələsinə gəlincə isə onu qeyd edə bilərəm ki, bu məsələ bütün Beynəlxalq hüququn normativ aktlarında öz əksini tapıb”.
Murad Əhmədov, Bizim.Media