Qəfil ölən məktəblinin anası FƏRYAD ETDİ – “Hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar”

Hazırda oxunan: Qəfil ölən məktəblinin anası FƏRYAD ETDİ – “Hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar”

70588

Bir həftə əvvəl Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun qəfil dünyasını dəyişməsi xəbərini vermişdik. Şagirdin ölüm səbəbinin burun əməliyyatından sonra qanaxmadan öldüyü bildirilmişdi. 

Bizim.Media-ya danışan Ramal Osmanovun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığından və biganəliyindən öldüyünü iddia edib.
 

MÖVZU İLƏ BAĞLI:

8-ci sinif şagirdinin ölüm səbəbi BİLİNDİ – “Burnundan əməliyyat olunmuşdu” 


Ana Ramalın son nəfəsində ona K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD)  və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının həkimlərinin heç bir yardım göstərməmələrindən şikayətçidir:

“Uşaq sağlam idi. Sadəcə gözündə zəiflik və ürək döyüntüsü vardı. Müalicə alırdı. Aprelin 11-də gecə evdə qəfil burnundan qan açıldı. Qanını kəsə bilmirdik. Sumqayıt Şəhər Uşaq Xəstəxanasında oğluma bütün yardımlar olundu. İçəridən damarını yandırdılar və bir gün xəstəxanada qaldı. Analizlərində çıxmışdı ki, ağ qan qırmızı qanı yeyir.

Məsləhət gördülər ki, Bakıya gətirək. Elə Sumqayıt xəstəxanasının göndərişi ilə təcili tibbi yardım maşınında Ramalı OMD-yə gətirdik. Amma OMD-nin həkimləri uşağın təcili tibbi yardım maşınından düşməsinə belə imkan vermədilər. Üstəlik oğluma heç bir tibbi yardım göstərməyən həkim arxasını çevirərək yanımızdan uzaqlaşdı”. 

OMD-dən biganəlik gördüyün deyən və çarəsi kəsilən ana vəziyyəti ağırlaşan oğlunu daha sonra Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına aparıb. Orada isə daha acınacaqlı münasibətlə qarşılaşıb.

Xəstəxana həkimi Ramala nəinki ilk tibbi yardım göstərib, üstəlik “bu bizim işimiz deyil” deyərək, uşağın üzünə belə baxmayıb:

“İndi başım qarışıqdır. Mən həmin xəstəxanalardan və oğluma yardım etməyən həkimlərdən şikayətçi olacağam. Onlara başa salacam görüm, ilk tibbi yardım etmək onların işi deyilsə, xəstəxanada nə gəzirlər?
 

Təbii ki, hər kəsin bir qisməti var, mənim oğlumun da Allahın dərgahına qovuşması üçün vaxtı çatıb. Amma öülm ayağında olan uşağın üzünə baxmamaq, ona heç bir yardım etməmək nə deməkdir?


Uşaq xəstəxananın qabağında, həkimlərin gözü önündə heç bir yardım edimədən can verdi, ürəyi partladı. Mən bu məsuliyyətsizliyə görə onlardan əl çəkən deyiləm. Hər biri cəzasını çəkəcək”, - deyə ana fəryad edib.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin