İlham Əliyev 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi

Hazırda oxunan: İlham Əliyev 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi

7050

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427 000,0 min manat, xərcləri 28 543 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 24 621 550,0 min manat, yerli gəlirləri 805 450,0 min manat, mərkəzləşdirilmiş xərcləri 27 683 368,0 min manat, yerli xərcləri 859 632,0 min manat) məbləğində təsdiq edilib.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- bu Qanunun 9-cu maddəsi ilə 2021-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid edilənlərdən başqa);

- gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, Mərkəzi Bankın mənfəətindən ayırmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun gəlirləri tam həcmdə.

Bu Qanunun 9-cu maddəsi ilə 2021-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilib.

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.250.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 113.000.000,0 manat, yerli xərclər 859.632.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.331.550.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 54.182.000,0 manat məbləğində təsdiq edilib.

Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

Azərbaycan Respublikasının 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 300 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 200 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 000 000,0 min manat məbləğində təsdiq edilib.

Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçiriləcək.

Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 31 163 448,1 min manat müəyyən edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 15 336 533,6 min manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin