Azərbaycan Prezidenti Misir şirkətlərini Qarabağa dəvət etdi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Prezidenti Misir şirkətlərini Qarabağa dəvət etdi – FOTO/VİDEO

70376

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, Dövlət başçısı Azərbaycanla Misir arasında siyasi və mədəni sahələrdə sıx əlaqələrin mövcud olduğunu vurğulayaraq beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrlik müddətinin uzadılması ilə bağlı Misirin dəstəyini yüksək qiymətləndirib.

Ölkə başçısı İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlığımızı qeyd edib və ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrə verdiyi davamlı dəstəyə görə də Misirə minnətdarlığını bildirib. 

Dövlətin başçısı Azərbaycanın da öz növbəsində Misiri beynəlxalq arenada dəstəklədiyini bildirib. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyini qeyd edib. 
Dövlət başçısı vurğulayıb ki, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkili bu işə öz töhfəsini verə bilər.

Dövlətimizin başçısı qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə görüləsi işlər var və ermənilər tərəfindən 10 min kvadratkilometrdən çox sahəsi olan dağıdılmış ərazilərdə hazırda yenidənqurma və bərpa işləri aparılır.

Prezident İlham Əliyev, eyni zamanda, digər sahələrdə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektvilərin olduğunu bildirib. O, səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkəsinin əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə maraqlı olduğunu vurğulayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın bu ilin fevralında keçirilmiş iclasının əhəmiyyəti vurğulanıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin