"Bizim Barrel" - Ölkədə və dünyada baş verən karbohidrogen prosesləri İlham Şabanın TƏQDİMATINDA

Hazırda oxunan: "Bizim Barrel" - Ölkədə və dünyada baş verən karbohidrogen prosesləri İlham Şabanın TƏQDİMATINDA

69940

Bu gündən başlayaraq “Bizim Media”da hər şənbə həftənin enerji sahəsində baş verənlərlərlə qonağınız olacam. Nəzərlərimizi əsasən ölkəmizin neft-qazı üzərində cəmləsək də, ondan qidalanan sahələri də işıqlandıracağıq. Təbii ki, bizim enerji sektorumuza təsir edən qlobal bazarı da unutmayacağıq. 

Qlobal bazar. Yola saldığımız həftə ərzində qlobal enerji bazarlarında neft və qazın qiyməti dəyişkənliyi ilə diqqəti çəkdi. Çünki hazırkı hərbi-siyasi vəziyyət enerji qiymətlərinin bir göstərici ətrafında stabil alqı-satqısı üçün zəmin yaratmır. Brent markalı neft martın 31-dən sonra aprelin 13-dən başlayaraq yenidən 110 həddini aşdı, baxmayaraq ki, həftə əvvəli 100 dollardan bir qədər baha qiymətə ticarət edilirdi.

Qiymətləri yuxarı aparan amil isə Avropa İttifaqı ölkələrinin Rusiya neftinin idxalına embarqo tətbiq etmək çağırışlarının get gedə güclənməsidir. Hətta Çindən COVİD 19-un yeni dalğasının gəlməsi xəbərləri belə neft qiymətlərini azaltmaq gücünə malik olmadı.
Çünki dünyanın nəhəng neft treyderləri (qlobal tacirlər) sayılan Trafigura, Vitol Group və Glencore artıq may ayının 15-dən Rusiya nefti ilə ticarət həcmlərini azaldacaqlarını ictimailəşdiriblər. Bazar iştirakçıları buna görə hesab edirlər ki, Rusiyanın bazardan sıxışdırılması yaxın dövrdə qlobal bazarda təklifin azalması ilə nəticələnə bilər. 

Qaz qiymətlərində isə əks proses müşahidə edildi. Belə ki, min kubmetri Avropa birjalarında 1200 dollara ticarət edilən qazın qiyməti həftə sonu 23 fevral tarixindən sonra ilk dəfə 1000 dollardan aşağı qiymətə düşdü. Bunun iki səbəbi vardı. Birincisi, Avropada Rusiya qazından asılılığın reallaşmasına şübhə edilməməsi və Rusiya prezidenti Vladimir Putinin Avropaya qaz satmaqda davam edəcəyinə dair fikirləri.

Çünki bundan öncə Kreml dost olmayan 20 Avropa ölkəsinə qazın avro və dollarda satışını rubla keçirmək və buna əməl olunmadığı təqdirdə qaz ticarətinin mümkün olmayacağını bəyan etmişdi.     

Qənaət. Avropa İttifaqı martda əvvəlində Rusiya qazının idxalını cari il ərzində ən azı 50 milyard kubmetr azaltmaq istəyi ilə bağlı fikirlərini açıqlamışdı. O zaman o hədəfə çatmağın bir yolu da qazdan və elektrik enerjisindən qənaətlə istifadə məsələsi idi. Bu yolla Avropa il ərzində gələcəkdə təqribən 32 mlrd kubmetr qaza qənaət etməyi düşünür. Bu həcm Azərbaycanın il ərzində hasil etdiyi əmtəəlik qaz həcmlərinə bərabərdir. 

Bu həftə İtaliya hökuməti Avropa İttifaqı ölkələri içərisində ilk olaraq hökumət qərarı verərək bunu rəsmiləşdirdi. Belə ki, rəsmi Roma inzibati binaların sərinləşdirilməsi və qızdırılması ilə bağlı hökumətin sərəncamı barədə məlumat yayıb. Sərəncama əsasən, mayın 1-dən inzibati binalarda temperatur tənzimlənəcək və kondisionerin göstəricisi yay mövsümü üçün 27 dərəcədən aşağı olmayan temperaturda saxlanılmalıdır.

Qış mövsümünə gəlincə, dövlət müəssisələrində otaqların temperaturu 19 dərəcədən çox olmamalıdır. Temperaturun təyin olunmuş göstəricidən iki dərəcədən çox xətaya çıxması inzibati cərimələrin yazılmasına səbəb olacaq.
İnzibati binalarda temperaturun tənzimlənməsi tədbiri hökumətin kommunal xidmətlərlə bağlı sənədlər paketinə daxil edilib. Hələlik Sərəncam bir il müddətində, 31 mart 2023-cü il tarixinədək qüvvədə olacaq.

Neft. Yerli bazarımızda isə həftə ərzində neft və neft məhsullarına dair heç də ürək açan xəbərlər eşitmədik. 

Bazar ertəsi “bp-Azərbaycan” şirkəti elan etdi ki, onun Bakı buxtasında Dayazsulu Abşeron layihəsi çərçivəsində ötən ilin dekabrından qazdığı ikinci kəşfiyyat quyusu 4230 metr dərinliyə qədər qazılsa da, “quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb”. Elə ötən ilin avqustunda qazılan birinci quyudan da ələ keçən bir şey hasil etmək mümkün olmamışdı. Ona görə də bütün ümidlər qalır – sonuncu kəşfiyyat quyusuna, hansı ki, 3 ay müddətində 2155 metr layihə dərinliyinə çatmalıdır. 

Bir məsələni də deyim ki, bizlər öyrənmişik bp-nin ölkəmizin hasilat bazarında qlobal oyunçu qismində görməyə.

Çünki bp Azərbaycanın ən böyük neft yataqlar bloku “Azəri-Çıraq-Günəşli” və ən böyük qaz yatağını – “Şahdəniz”i istismar edir. Və nədən birdən-birə Dayazsulu Abşeron kimi kiçik bir layihəyə baş vurmaq istəyi kənardan qəribə də görünə bilər. Amma onu deyim ki, bp hərdən kiçik çaplı quyular da qazır ki, böyük həcmli layların izinə düşsün.  

Neftə dair başqa bir diqqət çəkən xəbər isə dünən SOCAR-dan gəldi. SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, Bakı neft emalı zavodunun yenidənqurulması və modernləşdirilməsi layihəsinin direktoru Emil Alxaslı NEZ-in “Modernizasiya və Yenidənqurması” layihəsi çərçivəsində keçirilən ictimai dinləmə zamanı bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma işləri faktiki 2028-ci ilə qədər davam edəcək. Bilməyənlər üçün xatırladım ki, 2015-ci ildə bu işlərin 3 ilə başa çatdırılması nəzərdə tutulmuşdu.

Sonradan bir neçə dəfə modernizasiya və yenidənqurma işlərinin müddəti uzadıldı, çünki sonradan məlum oldu ki, mövcud qurğuların bir xeylisi artıq təmirə yararsızdır. Və son qrafik bu idi ki, 2024-2025-də artıq zavod 7,5 mln ton neft emal etmə gücünə çatmalıdır. İndi isə bu müddət 2026-2027 dövrünü əhatə edəcək.
Ancaq şox şükür ki, bu ilin yayında Avro-5 standartlarına cavab verən dizel yanacağının, gələn ilin ortalarında isə bu keyfiyyət parametrlərində benzinin buraxılma qrafiki dəyişməyib. 

İstənilən halda dünya neft sənayesi tarixində bir xeyli ilklərə imza atmış Azərbaycanın bu gün Xəzəryanı ölkələr içərisində avtomobil yanacağı keyfiyyətində qonşularında xeyli geri qalması nəinki yaxşı hal deyil, mən deyərdim ki, utanverici bir mənzərədir. Və ən başlıcası isə modernizasiya işlərinə start verilən dövrdən indiyə qədər bircə dəfə də olsun bununla bağlı Azərbaycan hökuməti xüsusi bir tədbir keçirməyib.

Cəmiyyətin sualı isə çoxdur: yanacağın lazımi keyfiyyətdə olmaması ilk növbədə ekologiyaya vurulan zərbədirsə (hazırkı parametrdə istehsal edilən yanacaqdan havaya atılan karbon oksidləri Avro-5 standartlarından dəfələrlə üstələyir), digər tərəfdən istehlakçıların daha çox yanacaq işlətməsi deməkdir. İzafi yanacaq xərci isə dövlətin gəlirlərini azaltmaqla yanaşı, həm də vətəndaşların daha çox vəsait xərcləməsini stimullaşdırır.

Və nəhayət, Energetika nazirliyinin ictimailəşdirdiyi xəbərdən agah olduq ki, 2022-ci ilin I rübü ərzində Azərbaycan neftinin hasilatı həcm etibarı ilə azalmaqda davam edib. Həmçinin OPEC+ kvotası çərçivəsində ölkəmiz bu göstəricilərdən xeyli az neft bazara çıxarıb.
2022-ci ilin martında OPEC+ razılaşması çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı kvotası 675 min barrel nəzərdə tutulsa da, ölkəmiz reallıqda 579,4 min barrel qara qızıl hasil edə bilib. Yəni bu, o deməkdir ki, Azərbaycan kvotadan 95,6 min barel az neft hasil edib.

Bunun isə bircə səbəbi var, Azərbaycanın yataqları ya qocalmağa doğru gedir, ya da elə qocadır.

İstismarda olan ən cavan yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 25 ildir neft verir, digər yataqlarımızın orta yaşı isə 60 ilə yaxındır, hələ nə qədər yatağımız da var ki, bundan xeyli yaşlıdır. Neft yatağı isə bir çəlləkyə bənzəyir, ondan içərisindəkini götürdükcə azalmalıdır.   

Elektrik enerjisi. Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dünyanın təlatümlü dövründə Azərbaycanın iqtisadi sahədə kifayət qədər ürəkaçan göstəricilərə nail olmasını müşahidə etdik. Burada neft və qazdan birbaşa danışmasalar da, amma dövlət başçısı dolayısı ilə qaza aidiyyatı olan məsələlərə toxundu.

Müşavirədə elektrik enerjisinə, məxsusən də azad edilmiş ərazilərdə yaradılacaq enerji generasiyası məsələləri diqqət çəkdi. Bilirsiniz niyə? Məqsəd onlardan səmərəli istifadə edilməsi zamanı hökumətin və cəmiyyətin diqqətrini ölkəmizin elektrik enerjisində indi geninə boluna istifadə etdiyi qazın gətirə biləcəyi əlavə qazanca yönəltmək idi. Bilməyənlər üçün deyim, Azərbaycanın energetikası üçün təqribən ildə 5 mlrd kubmetr mavi yanacaq istifadə edilir.

Müqayisə üçün deyim ki, Gürcüstan boyda ölkə bütün məqsədlər üçün ildə istifadə etdiyi qazın həcmi cəmi 2,5 mlrd kubmetrdi, Ermənistanınkı isə bəzən heç 2 milyarda çatmır.
Ona görə də hər birimiz istehlakçı qismində olaraq dövlət başçısının dediklərindən nəticə çıxartsaq və enerjidən qənaətlə istifadə etməyə adət etsək, bunun özü də ölkənin enerji keçidi siyasətinə bir töhfə olar. 

Qaz. Bizim qazı almaq istəyənlər indi çoxdur. Aprelin 14-də Albaniyanın ölkəmizə rəsmi səfərə gələn Baş naziri Edi Ramanı qəbul edən Azərbaycan prezidenti bildirib ki, bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib. Və Albaniya hər zaman Azərbaycanın qaz ixracı təşəbbüsünü dəstəkləyib.

Albaniyanın məqsədi isə Azərbaycan qazını Avropaya nəql edən TAP boru kəmərinin genişləndiriləcəyi təqdirdə bizdən qaz alıcısı siyahısında yer tutmağa nail olmaq istəyidir.

Soruşa bilərsiniz ki, bəs indiyə qədər nədən qaz almaq istəməyib? Düzdür, Azərbaycan qazı hazırda onun ərazisindən tranzit olaraq keçərək İtaliyaya nəql edilir, amma Albaniya Şahdəniz-2 layihəsi çərçivəsində qaz istehlakçısı deyil. Bunun sadə səbəbi var. Baxmayaraq ki, Albaniya Avropa ölkəsidir, amma cüzi qaz istehlakçısı olduğundan əvvəllər buna ehtiyac duymayıb. İndi isə enerjinin həssas zamanında artıq Azərbaycanı qoyub digər satıcı ilə bazarlaşmaq istəmədiyi qərarına gəlib.

Çünki ətrafına boylanır, Azərbaycan qazının alıcılarına və almaq istəyənlərə baxır, onların fikirlərini də saf-çürük edir. Və görür ki, Azərbaycan necə deyərlər, sözü və əməli bir olan enerji satıcısıdır. 
Elə bu mövzuya həftə ərzində Azərbaycanın energetika naziri Pərviz Şahbazov da toxunub.

Özünün “Twitter” səhifəsində nazir paylaşım edərək bildirib ki, Trans-Adriatik Qaz Boru Kəməri istismara veriləndən indiyə qədər Azərbaycan Avropadakı istehlakçılara 11 milyard kubmetrdən çox mavi yanacaq göndərib. Bu həcmin 2,9 milyard kubmetri isə 2022-ci ilin əvvəlindən göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin