Qubanın Talabı kəndində erməni vəhşiliyinin izi olan hündür bir təpə var. El arasında ona Günbəztəpə də deyirlər.
Yerli sakinlər deyir ki, təpənin hündürlüyü sünidir, erməni cəlladlarının qanlı izləri gizlənir onun altında.
Qonşu Töhmər kəndindən olan 87 yaşlı Seydi Rəcəbov danışır ki, bu təpə böyük bir su dəyirmanının yeri olub. Qanlı-qadalı illərdə erməni azğınları burada qətliam törətmək niyyəti ilə dəyirmanı torpaqla dipdiri basdırıblar:
“Bu hadisə 20-ci əsrin əvvəlində olub. Ermənilər bu kəndə gəlib gediblər, müsəlmanlarla çox qaynayıb qarışmışdılar. Özlərini dost kimi aparırdılar. Şabranın Gilvar kəndində yaşayan ermənilər bu kəndə gəlib gedəndə burdakı təpəliyin yerində su olduğunu biliblər.
Əsrin əvvəlində erməni-müsəlman davası başlayanda, yerli əhalini susuz qoymaq üçün dəyirmanı da çeşməni də torpaqla günlərlə çalışıb “dəfn” ediblər. Ondan sonra bu ərazidə xeyli amansızlıqlar törədiblər. Bu təpə də elə o vaxtdan yaranıb”.
Seydi kişi danışır ki, sonralar su beş-altı yerdən bulaq kimi üzə çıxsa da dəyirman məhv olub gedib:
“İndi bu ərazidə gördüyünüz bulaqlar o hadisənin nəticəsidir. Amma ermənilər öz pisliyini edə bilib, gur su mənbəyi yox olub, kənd camaatı adlı-sanlı dəyirmandan məhrum olub. Onlar hər cür yolla azərbaycanlılara, müsəlmanlara pislik etməyə çalışıblar. İndi gördüyünüz bu hündür təpə kənd sakinlərini erməni xislətini xatırladan bir məkana şevrilib. Burada nə qanlar axıdılıb, nə oğullar öldürülüb, bir tarix bilir, bir də o bədnam qonşularımız”.
Seydi Rəcəbov deyir ki, 44 günlük müharibədən sonra Talabı kənd sakinlərinin xatirəsində yara bağlayan Günbəztəpə dərdi də təskinlik tapıb.
Ermənilər bütün vəhşiliklərinin cavabını artıqlaması ilə alıblar, əgər yenə namaərdliyə əl atarlarsa, daha sərt cavab görəcəklər:
“Şükür Allaha, indi qüdrətli dövlətimiz, Rəşadətli Ordumuz və məğrur Ali Baş Komandanımız var”.
Aytəkin Alxaslı, Bizim.Media