Pandemiya ticarət şərtlərini dəyişir – BİZ DƏYİŞMİRİK!

Hazırda oxunan: Pandemiya ticarət şərtlərini dəyişir – BİZ DƏYİŞMİRİK!

6917

Dövlət rüsumları sərt karantin rejimində sahibkarları elektron platformada rəqabət aparmağa imkan vermir. Rüsumların çox olması malın maya dəyərini 45% bahalaşdırır. Bu da bazarda rəqabəti zəyiflədir.

Hökumət indi sərt karantin dövründə rüsumları azaltmalıdır. Çünki ticarətçilər vergilərin yüksək olması səbəbindən ucuz onlayn satış edə bilmir. 

Sərt karantin dövründə onlayn satışın çətinlikləri təkcə rüsum deyil. Əlavə reklam, sığorta, kuryer, işçilərin əmək haqqı hamısını üst-üstə toplayanda filan qədər vəsait edir. Sahibkar da çətin vəziyyətdən çıxmaq üçün satışı özü edir. 

Bu bizdə belədir. Dünyada isə sərt karantin rejiminə keçidlə onlayn ünsiyyət satış, pul qazanmaq imkanları genişlənir.

Məsələn, Avstraliyada insanlar kütləvi şəkildə dumbbell və yoga paspası alır. Şəhərdə idman salonları bağlansa da evdəki idman avadanlıqlarının onlayn alınmasına təlabat yaranıb. Hətta, bəziləri sağlamlıqlarını izləmək üçün ağıllı saatlardan istifadə edir, bəziləri isə məşqçisindən internet vasitəsilə təlimat alır. 

Bundan başqa pandemiya dövründə çox insan “Zoom”u pulsuz istifadə edir. Bununla da şirkət əlavə dəyər xidmətlərindən pul qazanır. 2020-ci ilin ilk üç ayında 122 milyon dollar qazanıb. Bu il bu rəqəm eyni dövrü ilə müqayisədə iki dəfə artıb.

Misal çəkdiyimiz bir neçə nümunədən görmək olar ki, pandemiya dövrü heç də evə dustaqlıq həyatı deyil.

Mexanizm olarsa, onlayn satışla həm ölkə, həm də ailə büdcəsini artırmaq olar. Sadəcə Azərbaycanda Operativ Qərargah qərarları verəndə onun icra mexanizmlərini də mütləq təklif etməlidir.

Nə qədər ki, pandemiya dövrü yaşanacaq, onlayn xidmət sahələrinə də tələbat artacaq. Biz əvvəl-axır müasir dövrün tələblərinə uyğunlaşmalıyıq ki, çökmüş biznesləri ayağa qaldıra bilək. Bunun üçün sahibkar təklifləri  də var.

Mövzunu sahibkar Elxan Mərdanlı ilə davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında dedi ki, mağazaların bağlanması, heç yerin işləməməsi haqda qərarı verəndə ölkədəki real vəziyyətə baxılmayıb:

“Heç olmasa Azərbaycanda gömrük rüsumlarına da “əl gəzdirərdilər” ki, biz də rahat işləyə bilərdik. Mən malımı ucuz satmaq istəyirəm, amma sata bilmirəm. Çünki mayasında əlavə ödədiyim rüsumlar buna imkan vermir. Məsələn, maya dəyəri 15 AZN olan bir geyimin satış qiyməti rüsumlar nəzərə alınmadan brend tərəfindən təxmini 37,50 AZN tövsiyyə olunur.

Əgər biz malın rəsmiləşdirilməsi zamanı ödədiyimiz 40% qədər rüsumu mayanın üzərinə gəlsək o zaman təxminən satış qiyməti 54,60 AZN olacaq.  Bu da indiki zamanda online alış-veriş (təmasız alış-veriş)  etməyi çətinləşdirir.

Onlayn satış üçün təbii ki, əlavə kuryerə ödəniş etməliyəm, nəqliyyat xərcini  kimi digər ödənişləri qarşılamalıyam. Rüsum aşağı olsa, o zaman təbii ki, müştəriyə təqdim edilən malların satış qiymətləridə aşağı olar.  Həm müştəri, həm də biz məmnun olarıq.

Nəzərə alaq ki, bir sıra məhsulların 5%, yerdə qalan digər məhsulların gömrük rüsumu isə 15%-dir. Bununla yanaşı qismən məhsullar ƏDV-dən azaddır.

Yerdə qalan məhsullara isə 18% ƏDV tətbiq edilir. Bəli, bunun 18%-ni əvəz etmək olar. Amma onu əvəz edənədək maya dəyərinin üzərinə əlavə çəkilən xərc gəlir və sonra satış qiyməti müəyyən edilir. Hesab edin ki, malın maya dəyəri 45% bahalaşır. Bu təbii ki, satış qiymətinə təsir edir. Bundan sonra sahibkar belə yüksək qiymətlərlə bu malı almağa müştəri tapmalıdır. Bu həm oflayn və onlayn mağazalara aiddir. 

Onlayn satışın təşkil olunmasında boşluq olan istiqamətlərdən biri də poçt xidmətləridir. Burada diqqət edilməli məqam malın müştəriyə ucuz, zərərsiz və qısa zamanda çatırılmasıdır. Amma necə? Bunun üçün şərait var?

Sahibkar Elxan Mərdanlı əlavə edir ki, hazırda poçt xidməti üzrə “Azərpoçt", "EMS" və digər özəl şirkətlər fəaliyyət göstərirlər.

Poçt ilə məhsulun çatdırılması ən azı 3-4 gün çəkir.  Digər məsələ özəl çatdırılma şirkətlərində qiymətlərin çox baha olmasıdır. Məsələn, biz dünən 25 AZN-ə satdığımız şalvarı 7 manat 40 qəpiyə müştəriyə çatdırdıq.  Bilə-bilə ki, o müştəri ikinci dəfə bizdən alış-veriş etməyəcək.

Çünki çatdırılma çox bahadır. Bunun üçün “Azərpoçt” münasib qiymətə xüsusi bir xidmət yaratmalıdır ki, sahibkarlar da onlarla işləyə bilsinlər. Burada incə bir məsələ var  ki, o da malların sığorta edilməməsidir. Məsələn poçtla 1000 AZN dəyərində məhsul göndərilir. Bu məhsulun başına bir iş gəlsə müştəriyə dəyən ziyanı kim sığortalayacaq? Bax bu da bilinmir!

Yeri gəlmişkən, qonşu ölkələrdə və Rusiyada poçtla göndərilən məhsulların qiymətinə nəzər salaq.

Məsələn, Kiyevdən-Odessaya 1 kq bağlama göndərilirsə, çatdırılma qiyməti 7.50 qəpikdir.

Rusiyadan–Peterburqa yollanan 1 kq bağlamanın qiyməti isə 5 manat edir. Əgər müştəri sürətli çadırma istəyərsə, bu məbləğ 7 AZN-nə başa gəlir.

Qazaxıstanda isə bu qiymətlər 4-5 AZN arasında dəyişir.  Məsələn, Nur-Sultan şəhərindən Almatıya bağlama 4.70 AZN-ə gedir.

Özbəkistanda isə bu rəqəm şəhərlərə görə 5-8 AZN arasında dəyişir.

Azərbaycanda indiki vəziyyətdə elektron platformada alış-verişin düzgün aparıla bilməməsində biz vətəndaşların da payı var. Cəmiyyət olaraq yeni nəsil alış-veriş formasına, yeni innovasiyalara meyilli deyilik. Biz aldığımız məhsulu toxunub almaq istəyən cəmiyyətik. Qarşılıqlı etimad və etibar yox dərəcəsindədir. Bunu tənzimləyən mexanizmin də yoxluğu, məhkəmə sistemindəki süründürməçilik bu işi daha da quyunun dibinə salır. 

Sahibkar Elxan Mərdanlı tərcübəsinə əsasən deyir ki, insanlarımız görüntü üçün çox çalışır. Amma məsələ işə gələndə bu zaman tərəddüd edirlər.

Bunların ən başında məlumatsızlıq durur ki, insanlar plastik kartdan istifadəni tam olaraq mənimsəməyiblər:

“3D təhlükəsizlik sistemi nədir? Təmassız ödəniş sistemi nədir? Plastik kartların alış-veriş zamanı onlara verəcəyi əlavə imtiyazlar nədir? Bu barədə insanların məlumatları azdır. Məlumatlı olmalar üçün KİV-də, televiziyalarda bu mövzuda müxtəlif verilişlər, xəbərlər yaymalı, göstərməlidirlər. Təkcə məlumatsız olmağımız deyil, cəmiyyət olaraq onlayn ödənişə tam formada keçə bilmirik. Çünki insanlarımızda banklara qarşı bir inamsızlıq var. Pul karta gələn kimi gedib nağdlaşdırırlar. İlk öncə insanlarda banka inamı artırmaq lazımdır.

Müsahibimiz bildirir ki, son zamanlar ölkədə bank sektorunda baş verən bir sıra hallar yaxın gələcəkdə hələ banklara inamın artacağının proqnozunu vermir: 

“İnsanlarda nağdsız ödənişlərə vərdiş etdirmək üçün müştəriləri “şirnikləşdirmək” lazımdır. Hər addım başı müxtəlif təkliflər, güzəştlər, “cash back” imkanları və s. etməklə insanları cəlb etmək olar. Necə ki bunu vergi xidməti edir. ƏDV bir hissəsini geri qaytarmaqla insanlarda artıq mağaza və marketlərdə çek tələb etməyə vərdiş yaradıb”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin