Aprel 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Bizim.Media xəbər verir ki, nazirliyin məlumatında bildirilib ki, müşavirədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, FHN-in aidiyyəti strukturlarının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
46 yanğın söndürülüb, 7 nəfər xilas edilib - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov müşavirənin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə keçirildiyini qeyd edib.
O, hazırda ölkədə kommunal təsərrüfat, o cümlədən qaz təsərrüfatındakı mövcud vəziyyət barədə geniş məlumat verib.
Nazir bu ilin aprel ayının 3-də Bakı şəhərində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar.
Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır.
Nazir vurğulayıb ki, bütün qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ictimai-iaşə sektorunda fövqəladə hadisələrə səbəb ola biləcək hallarla, ilk növbədə yanğın və partlayış təhlükəsi və bu çərçivədə maye qaz balonları və qazdan qeyri-qanuni istifadə halları ilə kəskin mübarizə aparılması barədə ciddi tapşırıqlar verilib.
Bizim.Media