Rusiya SSRİ-nin Əfqanıstanda etdiyi səhvləri təkrarlayır – Ukraynalı deputat

Hazırda oxunan: Rusiya SSRİ-nin Əfqanıstanda etdiyi səhvləri təkrarlayır – Ukraynalı deputat

68892

Putin Rusiyasının Sovet İttifaqının taleyini təkrarlamaq üçün hər cür şansı var. Ölkəsinin dağılmasının tətik mexanizmi isə onun Ukraynada başladığı müharibə olacaq.

Bizim.Media “glavred.info” saytına istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın xalq deputatı, tarixçi, Ukrayna Milli Yaddaş İnstitutunun keçmiş direktoru Vladimir Vyatroviç yazıb. 

Onun sözlərinə görə, fəth müharibəsi asan gediş kimi planlaşdırıldı, lakin sonradan əsl cəhənnəmə çevrildi:

“Rus ordusuna qarşı kütləvi müqavimət. Mülki əhalinin qırğınları. Qərb demokratiyaları tərəfindən təcavüzün pislənməsi təkcə iqtisadi sanksiyalara deyil, həm də rus hərbçilərinin məhvinə kömək edən silahların tədarükünə səbəb oldu.

Sovet İttifaqının Əfqanıstanda başladığı müharibədə də belə olub.

Nəinki kommunist imperiyasının məğlubiyyəti ilə başa çatan müharibə, həm də bu imperiyanın (SSRİ nəzərdə tutulur) dağılmasına və dünyanın siyasi xəritəsindən silinməsinə səbəb olan əsas tətiklərdən birinə çevrildi.

Özünü SSRİ-nin varisi elan edən Putin Rusiyasının Sovet İttifaqının taleyini təkrarlamaq üçün hər cür şansı var.

Və yenə də Rusiyanın dağılmasının tətik mexanizmi onun başladığı fəth müharibəsi olacaq. Söhbət Ukraynadakı müharibədən gedir.

1979-cu ilin dekabrında 80.000 nəfərlik Sovet qoşunları Əfqanıstana hücuma başlayanda sanki hər şey plan üzrə gedirdi. Amma tezliklə məlum oldu ki, şəhərləri və bir neçə yolu tutmaq ölkəni fəth etmək demək deyil. Silahlı müqavimət getdikcə daha geniş yayıldı.

İşğalçılara bütün ölkə nifrət etdi və dinc əhaliyə qarşı qırğınlara layiqli cavab verildi. Sovet aviasiyası və artilleriyası şəhər və kəndləri sakinlərlə birlikdə yer üzündən sildi, hər addımda edamlar, işgəncələr baş verdi.

Sovet müdaxiləsi zamanı ən azı bir milyon əfqan həlak oldu. Lakin bu, xalqın müqavimətini qıra bilmədi. 

SSRİ-nin müstəqil dövlətə vəhşicəsinə hücumu və Əfqanıstan vətəndaşlarına qarşı törətdiyi dəhşətli cinayətlər azad dünyanı qəzəbləndirdi.

Onsuz da o qədər də dost olmayan Sovet İttifaqına münasibət açıq şəkildə düşmənçiliyə çevrildi. ABŞ, Kanada, Almaniya, Yaponiya və hətta Çin də daxil olmaqla 65 ölkə Moskvada keçiriləcək Yay Olimpiya Oyunlarını boykot etdi. ABŞ Sovet İttifaqına taxıl və texnologiya tədarükünü qadağan etdi.

Ən əsası isə əfqan üsyançılarına müasir silahlarla kömək etməyə başladılar. Mücahidlərə sovet təyyarələrini və helikopterlərini vurmağa imkan yaradan da məhz Amerikanın “Stinger”i oldu.

Müharibə təcavüzkardan getdikcə daha çox qoşun tələb edirdi. "Məhdud beynəlxalq kontingent" adlanan qrup böyüdü. 600 mindən çox sovet əsgəri Əfqanıstana daxil oldu. Rəsmi məlumatlara görə, onlardan 15 mini öldü, 50 mindən çoxu yaralandı.

Kreml təbliğatının bütün cəhdlərinə baxmayaraq, Sovet İttifaqında müharibədən narazılıq getdikcə artdı. İnsanlar qohumlarının niyə öldüyünü və ya şikəst olduğunu və bunun nə qədər davam edə biləcəyini başa düşmürdülər.

Narazılıq, sonra isə bu müharibənin dayandırılması üçün açıq tələblər sonda Moskvanı geri çəkilməyə məcbur etdi. 1989-cu ilin fevralında 9 illik müharibədən sonra sonuncu sovet əsgəri Əfqanıstanı tərk etdi.

Amma SSRİ-nin özündə, o cümlədən bu qanlı qırğın ucbatından artıq dönməz proseslər başladı ki, bu da il yarım sonra onun dağılmasına gətirib çıxardı.

Rusiyanın Ukraynaya qarşı müharibəsi bir çox cəhətdən Sovet İttifaqının Əfqanıstandakı müharibəsinə bənzəyir. Ancaq çoxlu fərqlər də var. Və bu fərqlər rusların xeyrinə deyil.

Həmin müharibədə (Əfqanıstana qarşı) ukraynalılar işğalçı ordunun tərkibində vuruşublar, indi də öz ölkələrini müdafiə edirlər. 

Əfqanıstanda sovet ordusu tez bir zamanda paytaxtı və bütün əsas şəhərləri ələ keçirdi, prezidenti öldürdü və öz marionet hakimiyyətlərini yaratdı. 

Ukraynada nə paytaxt, nə də digər əsas hədəflər düşmən tərəfindən ələ keçirilmədi. Dövləti prezident, parlament və hökumət idarə edir. Silahlı Qüvvələr isə nəinki düşmənə zərbə endirir, həm də artıq işğal olunmuş ərazilərin mühüm hissəsini azad edib.

Rusların bir ay ərzində Ukraynadakı itkiləri Əfqanıstandakı bütün 9 il ərzində Sovet İttifaqının itkilərindən çoxdur.

Üstəlik, bu müharibə hardasa uzaqlarda deyil, Avropada gedir. Həm Avropa, həm də bütün sivil dünya Ukraynanı dəstəkləməkdə yekdildir. Rusiyaya qarşı sanksiyalar öz vaxtında SSRİ-yə qarşı sanksiyalardan qat-qat güclüdür və bu, hələ başlanğıcdır.

Ukrayna xalqının qəhrəmancasına müqaviməti Rusiyaya tabutların və şikəstlərin axınını çoxaldacaq, Qərbin sanksiyaları isə Kremlin iqtisadiyyatını məhv edəcək. Gec-tez ölkəni içəridən partladacaq. Bu dəfə, nəhayət və əbədi olaraq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin