Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə təmsilçici Cozef Borell yayımladığı məqaləsində Rusiya istehsalı olan COVID-19 vaksinlərinin tamamilə manipulyasiya olduğunu və vaksinin virusa qarşı uğuruna inanmadığını qeyd edib.
Təmsilçi qurumun saytında yayımlanan “Dezinformasiya və manipulyasiyaya qarşı önəmli mübarizə” adlı məqaləsində Rusiyanın vaksin istehsalı ilə İŞİD-in heç bir mənası olmayan terror fəaliyyətləri arasında da bənzərliklərə yer verib.
Rusiya kütləvi informasiya vasitələri və jurnalistlərinin fəaliyyətini şeytani olaraq qiymətləndirən Borell, dünyanı da media manipulyasiyalarına qarşı diqqətli olmağa səsləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Türkiyənin aldığı peyvəndi seçəcək - TƏBİB
Borell-in sözlərinə Rusiya Xarici İşlər Nazirliyindən sərt reaksiya verilib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova rəsmi Brüsseldən bu yanıldıcı ifadələrlə bağlı dərhal açıqlama verilməsini tələb edib.
Borellin Rusiyaya qarşı təbliğat kampaniyasında yer almasının təəccüblə qarşıladıqlarını bildirən Zaxarova “Rus mediasını manipulyasiya etməkdə günahlandıranlar, özləri də bilmədən bu xəstəliyə yoluxublar” ifadələrinə yer verib.
COVID-19-a qarşı hamının mübarizə apardığı bu günlərdə bu cür qaralayıcı ifadələrə yer verilməsi Rusiya istehsalı peyvəndlərə qarşı haqsız rəqabətdən başqa bir şey deyil, - deyə Zaxarova əlavə edib.
COVID-19 virusu ilə mübarizə çərçivəsində bəzi ölkələr xüsusi vaksin proqramına start vermişdilər.
Rusiya, Çin, Avropa və ABŞ digər mühüm sahələrdə olduğu kimi peyvənd istehsalı məsələsində də qarşılıqlı rəqabət içərisindədir. Rusiya COVID-19 əleyhinə ilk peyvənd preparatının “Sputnik V”-nin rəsmi olaraq elan etdiyi gündən etibarən tərəflər arasında rəqabət daha da güclənib. Xüsusilə ABŞ və bir sıra Avropa ölkələri Rusiya istehsalı vaksinlərin virusa qarşı uğurlu olmadığını və sadəcə media manipulyasiyasından başqa bir şey olmadığını qeyd edir. Rusiya isə əksinə virusa qarşı mübarizədə digər istehsalçılarla müqayisədə daha uğurlu nəticələr eldə edildiyini bildirir.
Analitiklərin fikrincə, Rusiya və Qərb arasında xüsusilə peyvənd sahəsində aparılan rəqabət, siyasi qarşıdurmanın davamı kimi qiymətləndirilə bilər.
Rusiya öz istehsalı olan vaksinlərin digər ölkələrə də satışını təmin edir. Bu da təbii olaraq Avropa və ABŞ-ın ciddi narahatlığına səbəb olur. Qərb uzun müddətdir ki, Rusiyanın fəaliyyətini sanksiyalar və məhdudiyyətlərə bloklamağa çalışır. Vaksin sahəsində hər hansı əməkdaşlığın həyata keçirilməsi isə Rusiyanın sanksiyalardan qurtulması, fəaliyyət sahələrini genişləndirəcəyi və iqtisadi inkişaf imkanlarını artıracağı deməkdir.
Rəvan Əliyev, Bizim.Media